Hələ kiçik yaşlarımızda hər birimizə verilən "böyüyəndə kim olacaqsan?" sualına adətən böyüklərimizdən eşitdiyimiz peşə adlarını sadalamaqla cavab veririk: müəllim, həkim, hüquqşünas... Əslində mənasını belə dərk etmədən verdiyimiz bu cavablar ən çox valideynlərimizə xoş gəlir, bu arzuların reallaşmasını, o günlərin tez gəlib çatmasını səbirsizliklə gözləyirlər. Quş qanadında uçan illər, dəyişən zaman isə təbii ki, vaxtilə anlamadan, fərqinə belə varmadan verdiyimiz cavabları da dəyişir. Bəzən isə elə uşaqkən xəyalını qurduğumuz sənətin dalınca gedir, bu arzunu həyata keçirmək üçün həyatın enişli-yoxuşlu yollarına atılırıq. Düzgün seçim edib öz yolunu müəyyənləşdirmək isə bu yola işıq salır.
Günay Qasımova hələ kiçik yaşlarında bu suala "müəllim olacağam" deyə cavab vermişdi. İllər ötsə də, bu arzusundan daşınmamış, hətta taleyinə köçkünlük, yurd-yuvasından didərginlik yazılanda belə qəlbinin dərinliyində bu arzusuna daimi yer vermişdi. 1986-cı ildə Füzuli rayonunun Pirəhmədli kəndində dünyaya göz açan Günay 1993-cü ildə erməni qəsbkarları Füzuli rayonunu işğal etdikdən sonra ailəsi ilə birlikdə məcburi köçkün kimi Bakıda məskunlaşır. El-obasından ayrı düşmək, yurd həsrəti ilə yaşamaq sanki yaşından tez böyütmüşdü onu. Elə bu səbəbdən də hələ orta məktəbdə oxuduğu illərdə Vətənə bağlılığı və sevgisi onu yaşıdlarından fərqləndirirdi. Bu ali sevgi dərslərini əla oxumağında, davranışında, təlim-tərbiyəsində də özünü göstərirdi. O, məktəbi dərs əlaçısı kimi bitirərək 2003-cü ildə Azərbaycan Müəllimlər İnstitutuna qəbul olur. 2007-ci ildə ali təhsilini uğurla başa vurduqdan sonra hər zaman qəlbində gəzdirdiyi vətən sevgisindən güc alaraq özünü sevib-seçdiyi, ən müqəddəs peşəyə - müəllim olmağa həsr etmək istəyir ki, vətəninə, millətinə xidmət göstərsin, onun inkişafına bacardığı qədər töhfə verə bilsin, gənc nəslin elmli, savadlı, bilikli olması üçün çalışsın. Bu ali məqsədinə çatmaq, şərəfli müəllim adını daşımaq üçün 2018-ci ildə müəllimlərin işə qəbulu imtahanında iştirak edir və yüksək nəticə göstərərək Abşeron rayon Mehdiabad qəsəbəsi 5 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi olaraq fəaliyyətə başlayır. Vətən üçün ən yaxşısını etmək, millətinə layiqli vətəndaşlar yetişdirməklə öz mənəvi borcunu yerinə yetirmək Günay müəllimin ən ümdə arzusudur. O, sevib-seçdiyi peşəsi ilə dövlətinə, millətinə xidmət edir. Ucalıq, ziyalılıq, mənəvi saflıq rəmzi olan müəllim adını şərəflə daşıyır.
Öz peşəsinə olan sevgisi, zəhmətsevərliyi Günay Qasımovaya şagirdlərinin, valideynlərin, çalışdığı pedaqoji kollektivin hörmətini qazandırıb. 5 illik pedaqoji fəaliyyətində savadlı, geniş dünyagörüşlü gənc müəllim kimi özünü tanıdan Günay Qasımova çalışdığı təhsil müəssisəsində ictimai işlərdə də fəal iştirak edir, məktəb-valideyn münasibətlərinin tənzimlənməsində əlindən gələni əsirgəmir. Bir müəllim kimi özünü də, peşəsini də şagirdlərinə sevdirməyi bacarır, müəllim-şagird sevgisini, valideyn razılığını işinin ən vacib istiqaməti hesab edir. Onu fərqləndirən ən başlıca cəhət isə şagirdlərinə diqqəti, qayğısı, nəvazişidir.
Daim öz üzərində çalışan, milli təhsil sistemimizdəki yeniliklərdən faydalanaraq bunu tədris metoduna tətbiq edən Günay Qasımova bu il keçirilən müəllimlərin sertifikatlaşdırılması imtahanında 54 bal toplamaqla bir daha peşəsinin əsl sahibi olduğunu, müəllim nüfuzunu zəhmətsevərliyi ilə qoruduğunu təsdiq etdi. O deyir: "Müəllimin işi təkcə təhsil vermək deyil, həm də layiqli bir vətəndaş yetişdirməkdir. Çalışıram ki, şagirdlərimə vətənpərvərlik hissini yüksək səviyyədə aşılayım. Biz müəllimlər təhsil verməklə yanaşı, şagirdə insanlıq və şəxsiyyət nümunəsi oluruq. Əsasən ibtidai sinif müəllimlərinin məsuliyyəti bu mövzuda digər fənn müəllimləri ilə müqayisədə daha çoxdur. Çünki məktəbə qədəm qoyan hər şagird ilk olaraq bizimlə tanış olur, nümunə götürür və özünü bizə bənzətməyə çalışır. Bu şərəfli peşəyə sahib olduğum üçün, hər anımı, hər dəqiqəmi şagirdlərimə ayırdığım üçün çox xoşbəxtəm". Balaca fidanlara keyfiyyətli təhsil verməklə yanaşı, eyni zamanda onların xalqına, millətinə, dövlətinə layiqli bir vətəndaş kimi yetişməsi üçün əlindən gələni əsirgəməyən Günay Qasımova hər şagirdə ayrı-ayrılıqda diqqət və qayğı göstərməkdən yorulmur, usanmır, əksinə, bunu məsuliyyətlə, qürurla daşıdığı müəllimlik peşəsinin əsas vəzifəsi hesab edir.
Ümumtəhsil məktəblərində qazanılan biliklərə yüksək qiymət verən ulu öndər Heydər Əliyev hər bir insanın cəmiyyətdə müəyyən mövqe tutmasında orta təhsilin rolunu xüsusi qeyd edirdi: "İnsan təhsilinin əsasını orta məktəbdə alır... Əgər onun fundamental, köklü orta təhsili varsa, o, cəmiyyətdə özünə yer tapacaq, çalışacaq, cəmiyyətimizin şüurlu üzvü olacaqdır". Ulu öndər ümumtəhsil məktəblərində şagirdlərin hərtərəfli bilik almalarının, onlarda geniş dünyagörüşünün formalaşdırılmasının, mühüm elmlər üzrə məlumatlı olmalarının vacib olduğunu, ana dilimizi, ədəbiyyatımızı, tariximizi bütün şagirdlərə öyrətməyin, əxz etdirməyin daha vacib olduğunu bildirir və bununla da milli təhsilimizin əsas məzmununu formalaşdırmaq kimi çox məsul bir işi biz pedaqoqların qarşısında əsas vəzifə olaraq qoyurdu. Çünki sabahımız, gələcəyimiz olan gənc nəslin milli ideologiyaya yiyələnməsi ilk olaraq məktəbdən başlayır və bu işin düzgün təşkili məhz təhsil işçilərinin üzərinə düşür. Bu gün qürurla deyə bilərik ki, milli təhsilimizin inkişafına, gənc nəslin təlim-tərbiyəsinə, onların xalqına, millətinə layiqli, vətənpərvər ruhda yetişməsinə böyük əmək sərf edən çoxminli fədakar müəllimlərimiz var.
Mehparə ƏLİYEVA,
"Respublika".