MÜƏLLİMLƏR GÜNÜ QEYD EDİLDİ
Region

MÜƏLLİMLƏR GÜNÜ QEYD EDİLDİ

​​​​​​​Lənkəran-Astara

Hər il oktyabrın 5-i həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs insaların - müəllimlərin peşə bayramı günü kimi qeyd olunur.

Bu gün ölkəmizdə təhsilin inkişafı istiqamətində həyata keçirilən islahatlar artıq öz bəhrəsini verir. Müəllim əməyi həmişə yüksək qiymətləndirilir, dövlətimiz təhsil işçilərinin maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasının qayğısına qalır. Bu isə təhsil işçilərinin daha məsuliyyət və vicdanla çalışmalarına stimul yaradır. Əvvəlki illərdə olduğu kimi, bu il də təhsil işçiləri öz peşə bayramlarını qazandıqları uğurlarla qeyd edirlər.

Müəllimlər Günü münasibətilə bölgələrdə keçirilən silsilə tədbirlərdən hazırlanan yazıları oxuculara təqdim edirik.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyndə olan təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü yeni uğurlarla qeyd olunub. Bayram ərəfəsində regionun qabaqcıl müəllimlərindən bir qrupu Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təhsilin inkişafında xidmətlərinə görə "Əməkdar müəllim" fəxri adı və "Tərəqqi" medalı, Elm və Təhsil Nazirliyi tərəfindən "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi" döş nişanı və nazirliyin fəxri fərmanları ilə təltif olunub.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Elxan Nəcəfov tədbiri giriş sözü ilə açaraq təhsilə göstərilən dövlət qayğısından, pedaqoji cəbhədə çalışan müəllimlərin fədakarlığından, regional təhsil idarəsinin uğurlarından ətraflı söhbət açıb. Müstəqil Azərbaycanın qələbə, zəfər sevincli günlər yaşadığını vurğulayan təhsil rəsmisi regionun təhsil müəssisələrində sabahın vətənpərvər, fəal qurucularının yetişdirilməsi üçün pedaqoji kollektivlərin səylə, işgüzarlıqla çalışdıqlarını bildirib.

Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Mikayıl Cəfərzadə, Masallı Rayon İcra Hakimiyyəti başçısnın müavini Aybəniz Qafarova, Yardımlı Rayon İcra Hakimiyyəti başçısının müavini Əfsanə Məmmədova və başqaları təhsil işçilərinə qazandıqları uğurlar və peşə bayramı münasibətilə səmimi təbriklərini, xoş arzularını çatdırıblar.

Biləsuvar

Biləsuvar rayonunda 5 Oktyabr - Müəllimlər Gününə həsr olunmuş tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Azər Cəfərli, Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısının müavini Ləman Yüzbaşova, YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, Biləsuvar təhsil sektorunun müdiri Mehman Əliyev, təhsil işçiləri iştirak etdi.

İştirakçılar əvvəlcə Heydər Əliyev parkında ulu öndərin abidəsini ziyarət edib, önünə tər qərənfillər düzdülər.

Tədbiri giriş sözü ilə açan Biləsuvar təhsil sektorunun müdiri Mehman Əliyev müəllimləri peşə bayramları münasibətilə təbrik edərək, rayonda təhsilin inkişafı istiqamətində görülən işlərdən və müəllimlərin qazandığı uğurlardan danışdı.

Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Azər Cəfərli, Şirvan-Salyan Regional Təhsil İdarəsinin rəisi Sənan Mənsimli, rayon polis şöbəsinin rəisi Nəsib Məmmədov, rayon prokuroru Camal Bağırov, YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Məktəb-Lisey Kompleksinin icraçı direktoru Aqşin Bağırov və digərləri çıxış edərək rayonun təhsil işçilərini və müəllimləri peşə bayramları münasibətilə təbrik edərək, onlara fəaliyyətlərində yeni-yeni uğurlar arzuladılar.

Yevlax

Yevlax Şəhər İcra Hakimiyyəti və YAP Yevlax rayon təşkilatı tərəfindən 5 Oktyabr -  Beynəlxalq Müəllimlər Gününə həsr edilmiş tədbir keçirilmişdir.

Tədbirdə şəhər icra hakimiyyəti başçısının müavini - İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova çıxış edərək müəllimləri təbrik etmiş, cəmiyyətin tərəqqisində, Azərbaycanın gələcəyində məhz bu peşə sahiblərinin şərəfli əməyinin olduğunu qeyd etmişdir. O, ulu öndər Heydər Əliyevin bu şərəfli peşə sahiblərinə göstərdiyi diqqət və qayğıdan danışaraq qeyd edib ki, bu siyasi kursu uğurla davam etdirən ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev yeni nəslin inkişafı, təhsilimizin dünyaya inteqrasiyası naminə ardıcıl işlər görür. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsilə göstərdiyi diqqət və qayğının nəticəsidir ki, onun rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən ölkəmizin hər yerində müasir məktəb binaları tikilir və əsaslı təmir edilərək müəllimlərin, şagirdlərin istifadəsinə verilir.

YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev çıxışında bildirdi ki, müəllim peşəsi tarixən cəmiyyətdə ən dəyərli, müqəddəs və şərəfli peşələrdən biri hesab olunur. Məhz müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir.

Tədbirdə çıxış edən müəllimlər onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Sonda təhsil sahəsindəki səmərəli fəaliyyətlərinə görə rayonun bir qrup təhsil işçisi şəhər icra hakimiyyətinin və YAP Yevlax rayon təşkilatının Fəxri fərmanları ilə təltif edilib, onlara qiymətli hədiyyələr təqdim olunub.

Goranboy

Goranboy Rayon İcra Hakimiyyəti və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə 5 Oktyabr - Müəllimlərin Peşə Bayramı Günü ilə bağlı tədbir keçirilib. Tədbir iştirakçıları ilk öncə ümummilli lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış əzəmətli abidəsini ziyarət ediblər. Sonra tədbir Heydər Əliyev Mərkəzində davam etdirilib.

Tədbirdə çıxış edən Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğsısı ilə Goranboy rayonunda da təhsilin inkişafı və rayonun ümumtəhsil məktəblərinin maddi-texniki bazasının zənginləşdirilməsi istiqamətində genişmiqyaslı işlərin həyata keçirildiyini qeyd edib. Rayon rəhbəri son illərdə rayonda 32 məktəb binasının yenidən tikildiyini, 11 məktəb binasının əsaslı təmir edildiyini vurğulayıb. Eyni zamanda, qeyd edib ki, 7 məktəb, o cümlədən cari ilin yanvarında 700 şagird yerlik Goranboy şəhər 1 nömrəli tam orta məktəbi, Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi əsasında inşa edilmişdir. Bundan əlavə, ötən ildə Abbasqulular və Gürzallar kəndlərində modul tipli məktəblər də istifadəyə verilmişdir. Cari ilin sentyabr ayında isə Prezidentin müvafiq sərəncamları əsasında Elm və Təhsil Nazirliyi tərəfindən yeni inşa edilmiş 920 şagird yerlik Dəliməmmədli şəhəri, əsaslı təmir-bərpa edilmiş Tap və Qaraçinar kənd tam orta məktəbləri istifadəyə verilib. Yaxın vaxtlarda isə Qızılhacılı qəsəbə və Səfikürd kənd tam orta məktəblərinin də əsaslı təmirinə başlanılacaq, Kürəkçay qəsəbəsində modul tipli məktəb inşa ediləcəkdir.

Tədbirdə təhsildə fərqlənən bir qrup müəllimlərə rayon icra hakimiyyəti başçısının Fəxri fərmanları və qiymətli hədiyyələr təqdim edilib.

Sabirabad

Sabirabad Regional Mədəniyyət İdarəsinin müəssisələrində Müəllimlər Günü qeyd edildi.

Sabirabad Regional Mədəniyyət İdarəsinin tabeliyindəki uşaq musiqi məktəblərində çalışan müəllimlərin bir qismi ilə Sabirabad rayon Heydər Əliyev Mərkəzində görüş keçirildi.

Ötən ildən etibarən ənənə halını alan görüşdə Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə çıxış edərək, 5 Oktyabr - Müəllimlər Günü münasibətilə müəllimləri təbrik edib, gələcək nəslin mədəni inkişafı yolunda göstərdikləri fədakar işlərində onlara uğurlar arzuladı.

Görüşdə çıxış edən müəllimlər göstərilən diqqətə görə öz minnətdarlıqlarını bildirdilər.

Müəllimlər 2021/2022-ci tədris ili üzrə şagirdlərin musiqi sahəsi üzrə qəbul imtahanlarında qazandıqları uğurlar, həmçinin 5 Oktyabr - Müəllimlər Günü münasibətilə Sabirabad Regional Mədəniyyət İdarəsinin Fəxri fərmanları ilə təltif olundular.

"Respublika".