Müasir və modern elektroenergetika
İqtisadiyyat

Müasir və modern elektroenergetika

Ölkəmiz regionda elektrik enerjisi ixrac edən aparıcı dövlətə çevrilir

Azərbaycan Prezidenti İlham Əliyevin ardıcıl və məqsədyönlü siyasəti nəticəsində elektroenergetikada da böyük nailiyyətlər əldə edilir. Ölkənin elektrik enerjisi sistemi yenidən qurulur. Elektrik enerjisinin ixracatçısı kimi Azərbaycanın mövqeyini möhkəmləndirən tədbirlər görülür.

Bu yaxınlarda Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri zamanı Berlində aparıcı şirkətlərin rəhbərləri ilə görüşündə enerji sektorunun respublikamız üçün prioritet olduğunu önə çəkən ölkə başçısı bildirib ki, bu gün enerji imkanımız bir çox dövlətlər üçün də böyük önəm daşıyır. Neft-qaz layihələrimiz, kəmərlərimiz Azərbaycanı dünya miqyasında mühüm enerji hasilatçısı olaraq etibarlı ölkəyə çevirib. Ölkəmizin gələcəyə hesablanmış inkişaf strategiyası daha böyük uğurlara stimul verir. Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen tərəfindən Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli və etibarlı tərəfdaş kimi seçilməsinin göstəricisi sayılır.

Digər sahələrdə olduğu kimi, enerji sektorunda da işlər planlı şəkildə həyata keçirilir. Azərbaycanın güclü infrastruktur təminatına malik ölkəyə çevrilməsi istiqamətində görülən işlər elektrik enerjisi sahəsində də mühüm uğurların əldə edilməsinə səbəb olub. Ölkəmizdə əhalinin fasiləsiz elektrik enerjisi ilə təminatı istiqamətində atılan addımlar, eləcə də bu sahə üzrə müasir infrastruktur quruculuğu siyasəti uğurla davam etdirilir. İstifadəyə verilən generasiya obyektləri respublikamızda bu sahədə reallaşdırılan infrastruktur quruculuğunun bariz nümunəsidir. Azərbaycanda bütövlükdə elektroenergetika sahəsi çox sürətlə və uğurla inkişaf etmişdir. Son 20 il ərzində Azərbaycanda 34 elektrik stansiyası inşa edilmişdir və bu stansiyaların generasiya gücü ümumilikdə təqribən 3400 meqavata bərabərdir. Hazırda bizim ümumi generasiya gücümüz 7200 meqavatdır, onun 3400 meqavatı son 20 ildə yaradılmışdır. Azərbaycan həm elektrik enerjisinə olan daxili tələbatını tam olaraq yerli istehsal hesabına ödəyir, həm də müəyyən həcmlərdə ixrac imkanlarımız yaranıb.

"Bu gün biz Mingəçevir şəhərində yeni 1280 meqavat gücündə elektrik stansiyasının təməlinin qoyulması mərasiminə toplaşmışıq. Əminəm ki, biz yaxın zamanlarda - 2025-ci ildə bu stansiyanın açılışını qeyd edəcəyik. Bu, çox əlamətdar hadisədir, ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək, eyni zamanda Mingəçevirin Azərbaycanın elektroenergetika mərkəzi kimi önəmini daha da artıracaq. Onsuz da Mingəçevir hazırda elektroenergetika sahəsində bizim əsas şəhərimizdir. Mingəçevirdə fəaliyyət göstərən elektrik stansiyası bu gün ölkəmizin elektrik enerjisinə ehtiyacının böyük hissəsini ödəyir". Bu fikirləri Prezident İlham Əliyev fevralın 13-də Bakıda Gülüstan sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində bildirib. Ölkə başçısı qeyd edib ki, Mingəçevir şəhərində yerləşən "Azərbaycan" İstilik Elektrik Stansiyasının ərazisində Azərbaycanın müstəqillik dövrünün ən böyük elektrik stansiyası tikintisi sürətləndirilib.

Yeni stansiyanın tikilməsi, əlavə generasiya güclərinin yaradılması, enerjiyə artan tələbatın qarşılanması, ixrac imkanlarının artırılması, bərpaolunan enerji mənbələrinin enerji sistemə inteqrasiyasının əks təsirlərinin balanslaşdırılması, elektrik enerjisinin istehsalında təbii qaza qənaət edilməsi və regionda yeni iş yerlərinin açılması baxımından xüsusi əhəmiyyətə malikdir. Bununla da Mingəçevir şəhərinin bütün Qafqazın elektroenergetika mərkəzi kimi yeni dövrü başlayır, təxminən 1300 meqavat gücündə olan stansiya ölkəmizin potensialını daha da gücləndirəcək. Stansiyanın müasir standartlara cavab verməsi nəticəsində karbon qazının miqdarı çox böyük dərəcədə - 2 milyon ton azalacaq və beləliklə, ətraf mühitə də bunun çox böyük faydası olacaqdır.

Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində respublikamız elektrik enerjisi idxalından azad olmuş, ölkənin enerji sisteminin təhlükəsizliyi təmin edilmişdir. Eyni zamanda, mövcud stansiyalar modernləşdirilmiş, dünya standartlarına cavab verən müasir qurğu və avadanlıqla təchiz edilmişdir. Nəticədə stansiyaların faydalı iş əmsalı artmışdır. Bu ilin yanvar-iyul ayları üzrə Azərbaycanda elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 45,4 milyon kVt-saat, yəni 0,3 faiz artaraq 16 323,4 milyon kVt-saat olub. Yeddi ay ərzində elektrik enerjisi istehsalı İstilik Elektrik Stansiyalarda 14 995,7 milyon kVt-saat, Su Elektrik Stansiyalarda 1 107,4 milyon kVt-saat, digər mənbələr üzrə isə 220,3 milyon kVt-saat təşkil edib. Azad edilmiş torpaqlarda bərpa-yenidənqurma işlərinə ilk növbədə, elektroenergetika sahəsindən başlanılıb və artıq 10-dan çox yarımstansiya, bununla yanaşı 10-dan çox su elektrik stansiyası inşa edilmişdir. Artıq iki il ərzində Şərqi Zəngəzur bölgəsində 50 meqavatdan çox generasiya gücü yaradılıb və bu rəqəmin bu ilin sonuna qədər 200 meqavata çatacağı proqnozlaşdırılır. Belə ki, azad edilmiş torpaqlarda cəmi 3 il ərzində 200 meqavatlıq enerji gücü yaradılmış, bütün stansiyalar ümumi şəbəkəyə qoşulmuşdur. Şərqi Zəngəzurun və Qarabağın böyük hidroenergetika potensialı imkan verəcək ki, o bölgələrdə 500 meqavata qədər generasiya gücləri yaradılsın.

Azərbaycan öz daxili enerji tələbatını tam ödəməklə yanaşı, elektrik enerjisini ixrac da edir. Bu işlər ümumilikdə ölkəmizin iqtisadi potensialının möhkəmləndirilməsinə xidmət etməklə, Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin uğurlu nəticələrinin göstəricisi kimi də xarakterizə olunur. Respublikamızın elektroenergetika sistemi ötən müddətdə tanınmaz dərəcədə dəyişib və bütün yenidənqurma tədbirləri perspektiv də nəzərə alınmaqla reallaşdırılıb. Ardıcıl və məqsədyönlü səylər nəticəsində respublikamızın paytaxtı ilə yanaşı, regionlarında da qısa müddətdə böyük irəliləyişə nail olunub. Həmin tədbirlər elektrik enerjisi ilə təchizatın əsaslı şəkildə yaxşılaşdırılmasına, ən müasir texnologiya və avadanlıqların tətbiqinə, elektrik şəbəkələrində yüklənmələrin azalmasına və texniki itkilərin minimuma endirilməsinə imkan yaradıb. Ən ucqar yaşayış məntəqələrini belə əhatə edən yenidənqurma tədbirləri çərçivəsində yaradılan müasir energetika qurğuları və yeni güc mərkəzləri həm xarici görünüşünə görə əvvəlkilərdən kəskin fərqlənir, həm də böyük texniki üstünlüklərə malikdir.

Hazırda sürətlə modernləşməkdə olan elektroenergetika sahəsi üzrə müasir infrastrukturun yaradılması, yeni texnologiyaların tətbiqi, enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir, Azərbaycan regionda elektrik enerjisi ixrac edən aparıcı dövlətə çevrilib.

Mustafa KAMAL,

"Respublika".