Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Müasir çağrışlar və qarşıda duran əsas hədəflər” mövzusunda 3 günlük konfrans öz işinə başlayıb.
“Respublika” xəbər verir ki, konfransın açılış mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Sahib Nağıyev, Millət vəkili Musa Quliyev, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Tahir Abbasov və digər aidiyyəti qurumların nümayəndələri, habelə qərb bölgəsində fəaliyyət göstərən din xadimləri iştirak ediblər.
Konfransda çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bildirib ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda sağlam dövlət-din münasibətləri formalaşıb. Bu gün ölkə Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva da dini sahəyə xüsusi həssaslıqla yanaşırlar. İşğaldan azad olunmuş ərazilərdə dini məbədlərimizin bərpasına dövlət səviyyəsində ciddi önəm verildiyini deyən şəhər rəhbəri, Heydər Əliyev Fondunun dini və tarixi abidələrin tikinti-təmir işlərində xüsusi rol oynadığını diqqətə çatdırıb.
Çıxışlardan sonra dinlənilən məruzələr ətrafında fikir mübadiləsi aparılıb.
Zabit XƏLİLOV,
“Respublika”.