Ermənistanda siyasi kollaps Paşinyanın istefasına səbəb ola bilərmi?
Gündəm

Ermənistanda siyasi kollaps Paşinyanın istefasına səbəb ola bilərmi?

30 ilə yaxın dövrdə Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan hökumətində 2018-ci ildə çevriliş baş verdi. Uçuruma sürüklənən erməni xalqı Paşinyanın hakimiyyətə gəlməsi ilə onları gələcəkdə təsəvvür etmədikləri bir yolun gözlədiyinin fərqində deyildilər. 2020-ci ildə, məhz Paşinyanın Ermənistana rəhbərlik etdiyi dövrdə Azərbaycan güc yolu ilə öz ərazilərini işğaldan azad etdi. Təbii ki, bu proses Ermənistanda müsbət qarşılanmadı. Kütləvi etirazlar, həbslər və çevriliş cəhdlərinə rəğmən, Nikol Paşinyan 2021-ci ildə keçirilən seçkilərdə qalib gəldi.

Bu ilin sentyabr ayında keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Qarabağda olan separatçı ünsürlərin bu ərazilərdən çıxarılması ilə Azərbaycanın bütün ərazilərində suverenliyi bərpa edildi. Yenidən başlayan etiraz dalğasına baxmayaraq, sakinlərin bir qismi hələ də Paşinyanı dəstəkləyir. Belə ki, Nikol Azərbaycanla münasibətləri normallaşdırmaq istəyi ilə yanaşı, regionun "ənənələrindən" qırağa çıxaraq qərblə əlaqələrini genişləndirmək və Rusiyadan asılılığı tamam aradan qaldırmaq istəyir. Bunun müqabilində serpantin deyil, kəskin addımların atılması Ermənistanın bəzi hakim dairələri və vətəndaşlar tərəfindən birmənalı qarşılanmır. Siyasi elita vətəndaşlarla eyni mövqe sərgiləyərək Paşinyanın atdığı addımların ölkəni fəlakətə sürüklədiyini bildirirlər. Paşinyan isə bütün bu tənqidlərə baxmayaraq, öz vəzifəsini icra etməyə davam edir. Hadisələrin axarı isə böyük maraq doğurur. Nikol Paşinyanın siyasi kollapsın qurbanına çevrilmə və növbəti seçkilərə qədər hakimiyyətdən devrilmə ehtimalı güclənir.

Millət vəkili Bəhruz Məhərrəmov məsələ ilə bağlı bəzi nüanslara toxunub: "Ermənistanda yaşanan proseslər, artmaqda olan siyasi gərginlik, genişlənməkdə olan iğtişaşlar və vətəndaş itaətsizliyi heç şübhəsiz ki, bu ölkənin daxili məsələləridir. Amma Azərbaycan prosesləri çox diqqətlə izləyir. İlk növbədə, ona görə ki, müşahidə olunan proseslərin təməlində məhz Ermənistanın Azərbaycan siyasəti dayanır. İrəvan 30 il ərzində özünün mifləri və yanlış təbliğatı ilə erməni cəmiyyətini Azərbaycan torpaqlarının işğalına şirnikləndirdiyi üçün bu gün erməni cəmiyyəti Azərbaycanın qələbəsini həzm edə bilmir.

Ölkədəki qüvvələr balansını dəyişmək istəyən beynəlxalq güclər bu proseslərdən mümkün qədər qazanclı çıxmaq niyyətindədirlər. Ermənistan hakimiyyəti isə son 3 ildə artıq bir reallığı dərk edib ki, Azərbaycanla münasibətlərdə güc, təhdid dili ilə danışmaq mümkün deyil. Bu mənada, Paşinyanın son bir neçə gündə müşahidə etdiyimiz ritorikası da əslində erməni baş nazirin sülhsevərliyindən deyil, cənab İlham Əliyevin məcburetmə tədbirlərindən qaynaqlanır.

Hazırda Ermənistan yeni hərbi-siyasi çevriliş ərəfəsindədir. Paşinyanın müqavimət göstərib-göstərə bilməyəcəyinin yaxın günlərdə şahidi olacağıq. Lakin prosesləri kənardan idarə edərək Ermənistanın mövcud vəziyyətindən yararlanmaq istəyən ayrı-ayrı dairələr, o cümlədən Qərbin riyakar subyektləri də başa düşürlər ki, Ermənistanda hakimiyyətin hansı formada dəyişməsi və yaxud hansı qütbdən digər qütbə keçməsi Azərbaycanın yaratdığı reallığı dəyişə bilməz.

Lakin bu qüvvələr istənilən halda yenə də indiki həssas məqamın hakimiyyətin qeyri-qanuni formada ələ keçirmək üçün ən əlverişli situasiya olmasının fərqindədirlər və bu şansı buraxmaq niyyətində deyillər. Bu mənada, Paşinyana sui-qəsdlər də istisna deyil. Heç şübhəsiz ki, proseslər bu yöndə cərəyan edərsə tələb və şüarların, o cümlədən radikal çağırışların əsas hədəfi Azərbaycan olacaq. Baş verənləri Ermənistanın daxili işi hesab etsək də, hər bir vəziyyətə hazırıq və möhtərəm Prezidentin ifadə etdiyi kimi, "dəmir yumruq yerindədir". Ermənistan hakimiyyəti kimi cəmiyyəti də başa düşməlidir ki, Azərbaycanla hörmətlə davranmaq artıq şərtdir. Təhdidlər, ərazi iddiaları, mifik istinadlara əsaslanan aqressiv ritorika ilə bölgədə dayanıqlı sülhün, birgəyaşayışın və mehriban qonşuluq münasibətlərinin qurulması asan olmayacaq. Azərbaycan artıq bir reallıq yaradıb. Bu reallıq həm də Ermənistanın özü üçün şansdır və Ermənistan işğal, təcavüz ritorikasına özünün gələcəyini qurban verməməlidir. Bu baxımdan, Paşinyanın devrilməsi nəyisə dəyişməyəcək, kimliyindən asılı olmayaraq erməni iqtidarı sülh müqaviləsini imzalamağa məhkumdur".

Tacir SADIQOV,

"Respublika".