Mötəbər təsisatın uğurlarında əvəzsiz xidmətlər
Digər xəbərlər

Mötəbər təsisatın uğurlarında əvəzsiz xidmətlər

Paytaxt Bakıda Qoşulmama Hərəkatının (QH) nazirlər toplantısı baş tutub. İclasda Hərəkata üzv olan 120 ölkədən xarici işlər nazirləri, nazir müavinləri iştirak edib və bir sıra qlobal əhəmiyyətli məsələlər müzakirə olunub.

Siyasi şərhçi Turan Rzayev bildirir ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etdiyi illər təşkilatın tarixi, dünya statusu baxımından da digər təşkilatlarla müqayisədə nüfuzunun qalxdığı bir dönəm kimi qiymətləndirilə bilər: "Əlbəttə, bu günə qədər də təşkilat mühüm işlər görüb və təsadüfi deyil ki, dünyanın ikinci ən böyük təşkilatıdır. Bununla belə, QH-nin Azərbaycanın sədrliyi dövrünü xüsusi qiymətləndirmək lazımdır. Hesab edirəm ki, bu, istər tarixi, istərsə də siyasi dərsliklərə düşə biləcək bir dönəm olub. Məsələ odur ki, ölkəmizin QH-yə sədrlik dönəminin ən önəmli məqamı pandemiya dövrünə düşüb. Ölkə başçısı İlham Əliyevin təşəbbüsü ilə görülən işlər və QH-nin tədbirləri fonunda verilən təkliflər, qaldırılan məsələlər çox  önəmli idi. Misal üçün, ölkə başçımız tədbirlərin birində belə bir ifadə işlətmişdi ki, dünyada vaksinasiya ayrı-seçkiliyi edilir, yəni Avropa və inkişaf etmiş ölkələrdən fərqli olaraq daha çox ehtiyacı olan Afrika, Asiya ölkələrinə vaksin çatdırılmır. Azərbaycan ilk dəfə həm vaksinlə bağlı məsələni qabardıb, proseslə bağlı bir sıra müvafiq təkliflər verib. Pandemiya zamanı BMT belə tam dəqiq təkliflər irəli sürmədiyi halda, QH həm pandemiya, həm də postpandemiya dövründə videokonfrans formatında bir sıra görüşlər keçirib. Həmin dövrlərdə pandemiyanın yaratdığı fəsadları aradan qaldırmaq və az itki ilə bağlı iclaslar keçirilib. Bu baxımdan da Azərbaycanın sədrlik dövrü pandemiya ilə əlaqədar olaraq müsbət qiymətləndirilir. Bundan əlavə təbii ki, ölkəmizin sədrliyi dövrünün ən önəmli məsələlərindən biri də dünyada vüsət almağa başlayan neokolonizm və neoimperializm siyasətinə qarşı QH-nin aktiv şəkildə qarşı çıxmasıdır. Dünyada 2-ci və 3-cü sinif kimi qiymətləndirilən bir sıra ölkələr var ki, onların münaqişələri bu günə qədər dilə gətirilməyib. Məsələn, Qəmər, Mayort adaları və yaxud da digər Afrika və Asiya ölkələrinin problemləri Azərbaycanın QH-yə sədrlik etdiyi dövrlərdə ölkə başçımız İlham Əliyev bəyan edib.

Digər bir məqamı da qeyd etmək lazımdır ki, İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə Qoşulmama Hərəkatına üzv bir ölkəyə BMT-nin daimi üzv ölkəsi olma statusunun verilməsi təklif edilib. Bu da o deməkdir ki, BMT-yə bir daimi üzv verilsin, amma bu üzv QH-də olan ölkələrdən biri olsun. İstər pandemiya ilə bağlı verilən təkliflər, istərsə də ölkələrin problemlərini dünya ictimaiyyətinə çatdırmaq üçün platformanın yaradılması, imkanların verilməsi təbii ki, məhz Azərbaycanın sədrliyi dövründə olub. Ölkəmizin sədrliyi dövründə QH-nin təşkilat kimi  nüfuzu dünya miqyasında artıb". 

Töhfə SƏMƏDOVA,

"Respublika".