XX əsr Azərbaycan ədəbiyyatının korifeylərindən olan Mir Cəlal Paşayevin (1908-1978) ədəbiyyat tariximizdə önəmli yeri yazıçı və ədəbiyyatşünas-alim olaraq zəngin yaradıcılığı, hər iki sahədə tarixi töhfələri ilə şərtlənir. Bədii yaradıcılığı çoxsaylı hekayələrindən, romanlarından, publisistikasından ibarətdir. Sovet dönəmində yaşayıb-yaradan yazıçının yaradıcılığının qayəsində Azərbaycan varlığı, Azərbaycan həyatının təcəssümü durur.
Mir Cəlal romanlarından danışılarkən adətən çox məşhur "Bir gəncin manifesti" yada düşür. Halbuki, yazıçının sovet dönəmi Azərbaycan həyatını bütün mərhələləri ilə fiksə edən altı romanı var: "Dirilən adam" (1934-1935), "Bir gəncin manifesti" (1938), "Açıq kitab" (1941), "Təzə şəhər" (1948-1950), "Yolumuz hayanadır?" (1952-1957), "Yaşıdlar" (1946-1963). Bir dəfə qələmi əlinə alan romançı onu heç vaxt yerə qoymamışdır.
Yazıçının ilk romanı "Dirilən adam" - yazıldığı "inqilabi epoxa"nı verən ən orijinal əsərlərdəndir. Mir Cəlalın yumoru bütün parlaqlığı ilə məhz bu əsərdə görünür. Əslində, digər romanlarının da sirri, açarı, kvintessensiyası "Dirilən adam"da gizlənir. Gənc yazıçı (26-27 yaşlarında) roman fəhmi, intuisiyası ilə inqilabi epoxaya zaman üçün ən düzgün nöqtədən yanaşa bilmiş, "Dirilən adam"da milli həyatın başdan-başa parodik halını, mənzərəsini yarada bilmişdi. Bir halda ki, milli keçmiş realistlərin qələmində (C.Məmmədquluzadə, M.Ə.Sabir, Ə.Haqverdiyev və b.) axıracan ifşa olunmuş, faş olmuş, demək, indi kəskin dəyişməyə, inqilabi yumora, yenidən dirilməyə hacətimiz vardı! Roman bu baxış tərzinin mahiyyətini gerçəkləşdirir. Gerçəklərə nikbin, yumorik baxış bir qədər sonra "Bir gəncin manifesti"nə, daha sonra 1930-cu illərin acı sovet gerçəklərinə ("Açıq kitab" romanına da) daşınır. "Yolumuz hayanadır?" romanında isə qəhrəmanı Mirzə Ələkbər Sabirin köməkliyilə Mir Cəlal təsvir predmetini ta əsrin əvvəllərinə qədər çəkib genişləndirir. Digər iki romanı ("Təzə şəhər", "Yaşıdlar") artıq "inqilabi nəticələr" və onun pafosu üzərindədir...
Ümumən, gənc Mir Cəlal öz roman tipini yaradarkən, Azərbaycan tənqidi realizminin satira arsenalından da çox, birbaşa folklora, xalq gülüş mədəniyyətinin zəngin xəzinəsinə üz tutur. Hətta belə demək olar: tənqidi realizmdən qalma mirası sağlam, sirayətedici, xalq gülüşünün çənginə (və cənginə) verir. "Dirilən adam" başdan-ayağa xalq gülüşünün hər növ sıralarına: şəbədə, rişxənd, dolama, lağlağı, məişət yumoru, qara yumor, qaravəlli səhnələri, dilin bayağı-vulqar qatları, tabu, arxaik inanclar, fal, cadu, etnoqrafik təsvirlər və s. açıqdır, həm də roman dilinin son dərəcə sadə, dürüst, yığcam (sadə cümlələrlə) ifadə tərzinə, təkcə prozaik (dolayısı) məcazlarla deyil, həm də poetik məcazlarla (şeiriyyətlə) zəngin sərrastlığına xələl gətirmədən.
Alt qatda gizlənən bütün bu gülüşün zənginliyinə baxmayaraq, "Dirilən adam" ciddi üslubda qələmə alınmış romandır. Gənc nasir ciddi planda, inqilabi roman yazmağa girişmiş, amma eyni zamanda cürətli bir addım da atmışdı. Roman tədqiqatçısı M.Baxtinin təyini ilə desək: astarı üzə çevirən, "hər şeyi çölə-bayıra çıxaran", üzə vuran xalq gülüşü ilə içə, insanın daxili dünyasına yönəlmiş psixoloji roman təcrübəsini birləşdirməyə çalışmışdır, özü də fəhmlə, istedadı gücünə.
Geniş qəbul olunmuş Mixail Baxtin nəzəriyyəsinə görə, janrın ideya-bədii təyinatını xronotop anlayışı (bədii mətndə zaman-məkan birliyi) verir. Mir Cəlalın ilk romanı - "Dirilən adam"da zaman kateqoriyasının bədii səciyyəsini nəzərdən keçirərək görürük ki, bu, "inqilabi zaman"dır; yəni realiyaları bütün tarixi şərt-şəraiti, səbəb-nəticə bağları ilə deyil,