Minalanmış ərazilərin dəqiq xəritələri təhvil verilməlidir
Siyasət

Minalanmış ərazilərin dəqiq xəritələri təhvil verilməlidir

44 günlük Vətən müharibəsindən sonra revanşist meyilləri daha da artıran Ermənistan hər vəchlə yenidən dirçəlməyin, ölkəmizə qarşı ərazi iddiaları ilə çıxış etməyin yollarını axtarır.

Uzun illər işğal altında saxladığı ərazilərimizdə ekosid, urbisid və müxtəlif vandallıqlar törədən düşmən ölkə buradakı infrastrukturu dağıtmış, dini abidələrimizə təcavüz etmiş, 1 milyondan çox soydaşımız yurd yerindən didərgin düşmüşdür. Bütün bunlarla yanaşı, bəşəri cinayətlərin müəllifləri doğma torpaqlarımızı minalarla çirkləndirmişlər. İkinci Qarabağ müharibəsindən sonra aşkarlanan minaların 2021-ci ildə istehsal edilməsi onu göstərir ki, hayların bu terrorçu əməli sülh prosesi çərçivəsində də davam etmişdir.

Məlumdur ki, danışıqlar çərçivəsində rəsmi İrəvan daim bu məsələdə qeyri-konstruktiv mövqe sərgiləyib. Bu günə kimi Azərbaycana təqdim edilən mina xəritələrinin cəmi 25 faizinin doğru olması bunu deməyə əsas verir. Mina xəritələrinin dəqiq olmaması daha çox hərbi və mülki infrastruktura ziyan vurur. 2020-ci ildən bu yana 342 nəfərin mina terrorunun qurbanı olması faktı müharibə cinayəti kimi qiymətləndirilməlidir.

Nəzərə alsaq ki, ərazilərimizin minalanması prosesi hələ Birinci Qarabağ müharibəsi dövründən başlayıb və aşkarlanması, zərərsizləşdirilməsi də ən az 30 ilə yaxın vaxt tələb edəcək. Bununla yanaşı, 2016-cı ildən etibarən intensivləşən hərbi proseslər Ermənistanın minalama işini daha da sürətləndirmişdir. 

Mina xəritələrinin verilməsi ilə bağlı bu günə qədər həm Azərbaycan tərəfi, həm də bir çox ölkələr fərqli platformalarda Ermənistana müraciətlər ünvanlayıblar. Təəssüflər olsun ki, rəsmi İrəvan bu cür konstruktiv danışıqların tərəfi olmaqdan boyun qaçırır. Hətta Amerikanın və ya Gürcüstanın vasitəçiliyi ilə verilən mina xəritələrinin reallıqla üst-üstə düşməməsi faktı da onu göstərir ki, bu məsələdə hayların mövqeyi destruktivliyə xidmət edir. Ermənistan kimi işğalçılıq ideologiyasını mənimsəmiş bir dövlət üçün insan həyatının önəminin olmadığı və öz hədəflərinə çatmaqdan ötrü müharibə cinayətləri törətdiyi məlumdur.

Son dövrdə isə sülh danışıqlarının intensivləşməsi ilə birlikdə rəsmi İrəvanın mina xəritələrini təhvil verməsi məsələsi də yenidən gündəmdədir. Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) məlumat yayıb ki, bu həftə ərzində Azərbaycana 8 yeni mina xəritəsini təhvil verə bilər. Xatırladaq ki, bir müddət öncə bu çərçivədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan verdiyi açıqlamalarla bir daha sübut etdi ki, xain düşmən keçən müddət ərzində dəqiq mina xəritələrini gizlədib. Digər tərəfdən, Mirzoyanın açıqlamalarından sonra xəritələrin təhvil verilməsi məsələsi ətrafında müxtəlif fikirlər səsləndi. Xüsusilə MTX-nın 8 mina xəritəsini təhvil verməsi məsələsi düşmən ölkədə əsaslı müzakirə mövzusudur. Ermənistan siyasi elitası düşünür ki, dəqiq mina xəritələrini "təmənnasız" təhvil vermək doğru olmaz. Onlar güman edirlər ki, rəsmi İrəvan bunun qarşılığında keçmiş separatçı liderlərin azadlığa buraxılması və ya hərbi əsrlərin bir qisminin qaytarılmasını istəyəcək. Belə riyakarlığın gündəmə gətirilməsi əsl erməni xislətini nümayiş etdirir.

Mina xəritələrinin təhvil verilməsinə paralel onların dəqiqliyi də ön planda durur.  Məhz bu proses sülh müqaviləsinin imzalanmasına da ciddi təsir göstərə bilər. Lakin uzun illər dəqiq xəritələrin təhvil verilməməsi və onların gizlədilməsi rəsmi İrəvanın qeyri-konstruktiv olduğunu göstərir. Sülh sazişinin dəqiq xəritələr verilmədən imzalanması reallığı əks etdirmir. Hər an dinc sakinlərin ölüm təhlükəsi ilə  əmin-amanlıq şəraitində yaşamaq mümkün deyil. Elə günümüzdə Qarabağ və Şərqi Zəngəzurda gedən bərpa-quruculuq işlərinə ən böyük əngəl də mina terrorudur.

Digər tərəfdən, dəqiq mina xəritələrinin təhvil verilməsi məsələsinin ləngidilməsi birbaşa Qərb blokunun direktivləri əsasında reallaşmışdır. Bu gün Ermənistanın xəritələri təhvil verəcəyi iddiaları da məhz eyni mərkəz tərəfindən ortaya atılır. Kollektiv Qərb daim sülh müqaviləsinin imzalanmasını ləngitməyə çalışır. Cənubi Qafqazdakı xaosu qorumaq üçün bu addım atılır. Lakin mövcud reallıqda Ermənistanın vasitəçiliyi ilə regionda vahid güc mərkəzi kimi möhkəmlənə bilməyən Qərb beynəlxalq ictimaiyyətin hədəfi olmaqdan çəkinir. Yaxın Şərqdə baş verən gərginliyə paralel Cənubi Qafqazdan gələn narazılıq "qoca qitə"ni olduqca narahat edir. Bununla yanaşı, ABŞ-ın da tutduğu yol regionda dalana dirəndiyi üçün bu gün güc dairələri çarəsiz qalıblar. Hadisələrin bu xətlə irəliləməsi şübhəsiz ki, arzuedilən sülh müqaviləsinin də imzalanmasına şərait yaradacaq. Ermənistanda yaradılan saxta ictimai rəy gerçəkliyi əks etdirmir. Separatçıların, əlində xalqımızın qanı olan cinayəkarların təhvil verilməsi məsələsi müzakirə mövzusu deyil. Heç şübhəsiz, ölkədaxili müxalif qüvvələrin yaratdığı spekulyasiya bu tip müzakirələri gündəmə gətirir. İstənilən halda bu məsələ Nikol Paşinyana da sərf etmir. Daxili destabillik fonunda keçmiş Qarabağ klanının yenidən dirçəldilməsi rəsmi İrəvanın gündəliyində yer almır.

Qüdrətli Azərbaycan dövləti minaların təmizlənməsi məsələsini özü təkbaşına da həll edə bilər. Lakin bu yolun daha iri addımlarla keçilməsi arzuolunandır. Qeyd edək ki, 2020-ci ilin noyabr ayından etibarən işğaldan azad edilmiş ərazilərdə 118 min hektardan çox ərazi minalardan təmizlənib. Minatəmizləmə əməliyyatları nəticəsində 18 mindən çox piyada, 31 mindən çox tank əleyhinə mina və 60 mindən çox partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nurlan ABDALOV,

"Respublika".