Azərbaycan Respublikası Milli Məclisinin iyunun 14-də keçirilən xüsusi iclasında xalqımızın Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Bəyanat qəbul edilib.
AZƏRTAC Bəyanatı təqdim edir:
"Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin anadan olmasının 100 illiyi bu il dövlət səviyyəsində tədbirlər ilə qeyd edilir. Böyük siyasi və dövlət xadiminin Vətən və millət qarşısında misilsiz xidmətləri dərin minnətdarlıq duyğuları ilə xatırlanır.
Bütün həyatını Azərbaycanın inkişafına, qorunmasına və istiqlalına həsr edən, onu zamanın burulğanlarından xətərsiz çıxarmağa nail olan Heydər Əliyev qədim tariximizin ən böyük şəxsiyyətlərinin ön cərgəsində dayanmaq haqqı qazanmışdır. Xalqımızın yaradıcılıq enerjisini, zəkasını, əzmini və iradəsini öz fəaliyyətində təcəssüm etdirən Ulu Öndər təkcə dövləti idarə etməyin deyil, həm də vətəni necə sevmək lazım olduğunun parlaq nümunələrini göstərmişdir.
Ötən əsrin 60-cı illərinin sonlarında və 90-cı illərinin əvvəllərində Heydər Əliyevin hakimiyyətə hər iki gəlişi ölkəmizin və xalqımızın həyatında çox ağır sınaqlar dövrünə təsadüf etmişdir. Hər dəfə də Heydər Əliyev ona bəslənən ümidləri doğruldaraq həqiqi milli lider olduğunu sübuta yetirmişdir.
1969-cu ildə Heydər Əliyev Azərbaycanın siyasi həyatına gələcəyi görmək və yaratmaq bacarığına malik qüdrətli rəhbər kimi daxil oldu, cəmiyyət tərəfindən prinsipial, qətiyyətli, iradəli və etibarlı bir insan kimi qəbul edildi. Onun respublikaya ilk dəfə rəhbərlik etdiyi 13 il ərzində Azərbaycanda dövlət quruculuğunun bütün tarixi ərzində əldə olunmayan sürətli inkişaf yolu keçildi, sənaye və kənd təsərrüfatı nəhəng addımlarla irəliləməyə başladı. Elmin, mədəniyyətin, incəsənətin, ədəbiyyatın, digər yaradıcılıq sahələrinin inkişafına qayğı və diqqət artırıldı. Mühüm sosial dəyişikliklər həyata keçirildi, əhalinin həyat tərzi dəyişdi. Azərbaycan keçmiş ittifaqın qabaqcıl respublikaları sırasına çıxdı, cəmiyyətdə yeniləşmə, gələcəyə inam hissi bərqərar oldu.
Milli-mənəvi sərvətlərin qorunmasına və artırılmasına, milli mənlik şüurunun oyanmasına və güclənməsinə yönələn düşünülmüş tədbirlər görüldü. Xalqımızın qədim tarixi təbliğ edilməyə başlandı, 1978-ci ildə qəbul olunmuş Konstitusiyada Azərbaycan dilinə dövlət dili statusu verildi.
Heydər Əliyev Azərbaycan SSR-in əsasında inkişaf etmiş yetkin, müstəqil bir dövlətin cizgilərini formalaşdırırdı. Zəngin iqtisadi potensial yaradılması ilə yanaşı, yüksək ixtisaslı milli kadrların, o cümlədən hərbi mütəxəssislərin hazırlanmasına ümdə əhəmiyyət verilirdi.
1982-1987-ci illərdə Sov.İKP Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsində çalışarkən Heydər Əliyev Azərbaycan xalqını layiqincə təmsil etmişdir. İttifaqın bir sıra nazirlik və komitələrinin fəaliyyətinə nəzarət edən rəhbər şəxs kimi o, dövlət əhəmiyyətli məsələlərin həllində böyük uğurlar qazanmışdır.
Bununla yanaşı, Ulu Öndər Azərbaycanın inkişafı ilə bağlı məsələləri diqqət mərkəzində saxlayırdı. Onun təşəbbüsü ilə SSRİ rəhbərliyi Azərbaycanın iqtisadi inkişafı üçün böyük əhəmiyyətə malik bir sıra qərarlar qəbul etmişdi. Azərbaycanda mərkəzdən maliyyələşdirilən bir çox iri layihələr həyata keçirilmişdi.
Heydər Əliyevin Sovet İttifaqının liderlərindən biri olması Azərbaycana qarşı düşmənçilik mövqeyi tutan qüvvələrin qarşısında ən böyük maneə idi. 1987-ci ilin oktyabr ayında Ulu Öndərin Sovetlər Birliyinin rəhbərliyində yüksək vəzifələrdən uzaqlaşdırılması ilə Azərbaycanın faciələrinin əsası qoyuldu.
Heydər Əliyevin məcburi istefasından iki həftə keçməmiş erməni millətçiləri və onların sovet iqtidarında olan himayədarları ovaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarılıb Ermənistana verilməsi ilə bağlı məsələ qaldırdılar. Azərbaycana qarşı ərazi iddiaları irəli sürülməsinə və Ermənistan Respublikasında azərbaycanlılara qarşı etnik təmizləmə aparılmasına haqq qazandırmaq üçün 1988-ci ilin fevralında SSRİ və Ermənistan xüsusi xidmət orqanlarının təşkilatçılığı ilə Sumqayıt şəhərində irimiqyaslı təxribat törədildi.
1990-cı ilin yanvarında fərsiz rəhbərlərin milli xəyanəti və sovet imperiyasının dəhşətli