Oktyabrın 20-də Milli Məclisin sədri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin payız sessiyasında növbəti plenar iclası keçirilib.
Bu barədə verilən məlumata görə, Milli Məclisin sədri Sahibə Qafarova bugünkü iclasın gündəliyinə 12 məsələnin daxil edildiyini, ilk 9 məsələnin ikinci oxunuşda qanun layihələri olduğunu söyləyib.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili "Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi haqqında" qanun layihəsini (ikinci oxunuş) təqdim edib. O, sənədin Azərbaycan Prezidenti tərəfindən Milli Məclisə təqdim olunduğunu diqqətə çatdırıb, məcəllənin 12 fəsil, 84 maddədən ibarət olduğunu deyib.
Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Sonra Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli "Dövlət qulluğu haqqında" Qanunda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsinə dair məlumat verib. O, sənədin birinci oxunuşda müzakirəsi zamanı layihəyə müsbət münasibətin bildirildiyini söyləyib və sənədin səsə qoyulmasını xahiş edib.
Komitə sədri Əli Hüseynli səsləndirilən fikirlərə aydınlıq gətirdikdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
Milli Məclisin sədri Sahibə Qafarova gündəliyin növbəti beş məsələsinin Azərbaycan Prezidentinin bir məktubu ilə parlamentə daxil olduğunu və məzmunca bir-birinə yaxın olduğunu diqqətə çatdırıb.
Parlament sədri bu məsələlərin Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında (ikinci oxunuş), "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (ikinci oxunuş), "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (ikinci oxunuş), "Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (ikinci oxunuş), "Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında prekursorlardan istifadə məqsədilə törədilən əməllərlə əlaqədar həmin prekursorların xeyli və külli miqdarının Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihələrinin olduğunu bildirib.
Qaldırılan məsələlərə aydınlıq gətirildikdən sonra 5 qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Növbəti məsələ - Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov məlumat verib.
Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Sahibə Qafarova gündəliyin son 3 məsələsinin birinci oxunuşda qanun layihələri olduğunu söyləyib.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili "Dövlət ehtiyatları haqqında" Azərbaycan Respublikası qanununun layihəsini (birinci oxunuş) təqdim edib. O, sənədin Prezident tərəfindən Milli Məclisə daxil olduğunu söyləyib.
Komitə sədri Tahir Mirkişili səsləndirilən fikirlərə münasibət bildirdikdən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili "Antiinhisar fəaliyyəti haqqında", "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında", "Mülki müdafiə haqqında", "Taxıl haqqında", "Milli təhlükəsizlik haqqında", "Dövlət sirri haqqında", "Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında" və "Qiymətli metallar və qiymətli daşlar haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib.
Əli Hüseynli Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin rəyini bildirdikdən sonra qanun layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul edilib.
Sonra iclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili "Aviasiya haqqında" Azərbaycan Respublikası qanununun layihəsini (birinci oxunuş) diqqətə çatdırıb.
Komitə sədri Milli Məclisin sədrinin təşəbbüsü ilə deputatların bir qrupunun sentyabrın 14-də "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinə (AZAL) səfər etdiyini, aviasiya sənayesinin inkişafının vacibliyi, bu sahədə AZAL-ın gələcək planları, sərnişinlərin təhlükəsiz və rahat uçuş şəraiti, bilet qiymətlərinin formalaşması və digər mövzular ətrafında geniş müzakirələrin aparıldığını bildirib.
Müzakirələrin sonunda qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Bununla da Milli Məclisin plenar iclası başa çatıb.
“Respublika”.