Ulu öndər Heydər Əliyevin formalaşdırdığıazərbaycançılıq məfkurəsi bu yolda əbədi mayakdır
Ulu öndər Heydər Əliyev tərəfindən formalaşdırılan azərbaycançılıq məfkurəsi Azərbaycan xalqının gözəl adət-ənənələrini, milli-mənəvi dəyərlərini özündə ehtiva edən, yaşadan və birləşdirən baxışlar sistemidir.
İdeologiya kimi azərbaycançılıq məfkurəsi müstəqil Azərbaycanın fəlsəfi-sosial doktrinasının sosiomədəni və etnik-geosiyasi cəhətlərini birləşdirmişdir. Bu, tarixin hazırkı zaman kəsiyində iqtidarla xalqımızın sarsılmaz birliyini, qarşılıqlı dəstək, əməkdaşlıq və bərabərliyin mühüm əsasını, parlaq Zəfərimizin, gələcək ümidlərimizin və gözləntilərimizin təməlini təşkil edir.
Doğrudur, "azərbaycançılıq" anlayışı milli-siyasi leksikonumuzda nisbətən yaxın vaxtlardan işlədilir və respublikada yaşayan bütün etnik qrupları və millətləri ümumdövlət mənafeləri və dəyərləri əsasında real surətdə birləşdirmək ideyasının ifadəsi kimi, 1992-1993-cü illərdə xüsusilə geniş yayılan şovinist və separatçılıq əhvali-ruhiyyəsinə qarşı mübarizə yanaşması kimi ulu öndərimiz tərəfindən yaradılmışdır. Bu yeni anlayışı Azərbaycan ictimaiyyəti kifayət qədər tez bir zamanda qəbul etmiş, hərtərəfli dəstəkləmişdir. Bu gün o, dövlət başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən təzə, məzmunlu, zəmanəmizin çağırışlarına, dünyada baş verən mürəkkəb proseslərə adekvat elementlərlə zənginləşdirilmişdir. Belə düşünmək olar ki, bu gün azərbaycançılıq artıq milli ideologiyanın təkcə ilk nümunəsi deyil, keçmişimizin, bu günümüzün və gələcəyimizin ayrılmaz tərkib hissəsidir.
Ulu öndər Heydər Əliyevin dərin fəlsəfi-ideoloji baxışlarını özündə əks etdirən azərbaycançılıq iki təməl ideyanı - dövlətçilik və vətənpərvərliyi birləşdirir. Məlumdur ki, müstəqilliyimizin ilk illərində Azərbaycanın düşdüyü dərin böhran təkcə Ermənistanın ölkəmizə qarşı hərbi işğalçılıq siyasəti, Qarabağdakı aqressiv erməni separatçılığı ilə bağlı deyildi. Həmin dövrdə bütövlükdə respublikada milli-etnik ixtilaf, bölücülük tendensiyası cücərməkdə idi və bu, ayrı-ayrı bölgələrdə özünü göstərirdi.
Bu baxımdan, Heydər Əliyevin azərbaycançılığı ümummilli ideologiya olaraq formalaşdırması və irəli sürməsi ümummilli liderimizin Azərbaycan dövlətçiliyi naminə göstərdiyi tarixi xidmətdir. Məhz azərbaycançılıq məfkurəsi ölkəmizə qarşı bir çox istiqamətlərdən yönələn təhdidlərin, ölkəmizi parçalamaq cəhdlərinin qarşısında güclü ideoloji və siyasi sipər oldu. Çünki azərbaycançılıq bizim keçmişimizdən gələn dəyər olaraq vahid Azərbaycanın ideya əsası, respublikada bütün konfessiya və etnosların həmrəylik və anlaşma içində birgəyaşayışının tarixi təcrübəsidir. Ulu öndər Heydər Əliyev öz çıxışlarında bir vacib məqamı hər zaman diqqətə çatdırıb ki, Azərbaycanın çoxmillətli, tolerant ölkə olması bizim böyük sərvətimizdir və biz bunu qoruyub saxlamalı, dünyaya ən yüksək səviyyədə təbliğ etməliyik: "Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür. Azərbaycanın ən başlıca sərvətlərindən biri qədimlərdən bu torpaqda yaşayan, öz taleyini, öz həyatını bu torpağa bağlayan müxtəlif dinlərə etiqad edən adamlardır. Biz bunu qiymətləndiririk və saxlayacağıq. Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir. Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir. "Azərbaycanlı" sözü bizi həmişə birləşdirib".
44 günlük Vətən müharibəsində dövlət başçımızın çağırışı, Ali Baş Komandanımızın müdrik rəhbərliyi ilə on minlərlə insan dövlət və ordu ətrafında sıx birləşdi, "Dəmir yumruq" əməliyyatı ilə düşmənə sarsıdıcı, dağıdıcı zərbə endirdi, erməni faşizmini məğlub etdi, 30 il ərzində işğalçıların tapdağı altında qalmış tarixi torpaqlarımızı azad etdi, Azərbaycanın yeni tarixində misli görünməmiş Qələbə qazandı, Vətənimizin ərazi bütövlüyünü bərpa etdi.
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin "Bu gün şəhidlərimizin əziz xatirəsini yad edərək, bir daha hər birimiz özünə söz verməlidir, vəd verməlidir, and içməlidir ki, biz müstəqilliyimizin keşiyində əbədi duracağıq. Qoymayacağıq ki, bir daha düşmən başını qaldırsın, qoymayacağıq ki, bir daha bizim üçün təhdid yaratsın. Əgər bunu görsək, dərhal hərəkətə keçəcəyik" fikirlərindəki polad iradə, sarsılmaz əminlik də məhz xalqımızın birliyinə, inamına, cəsarətinə, qəhrəmanlığına, qorxmazlığına, dövlətinə bağlılığına və sədaqətinə söykənir. Əgər 1993-cü ildə Heydər Əliyev xalqımızın ona bəslədiyi sonsuz inam və sevgisinə əsaslanaraq Azərbaycanı dağılmaqdan, dünyanın siyasi xəritəsindən birdəfəlik silinməkdən xilas edibsə, bu gün Azərbaycanın dövlət başçısı cənab İlham Əliyev xalqa özünəinam hissini, qalibiyyət duyğusunu, haqq-ədalət yolunda keçilməz sədləri aşmaq gücündə olduğu inamını aşıladı və bunun gerçəkliyini sübut etdi. Şübhəsiz, cənab Prezidentin yüksək şəxsi keyfiyyətləri, liderlik istedadı, sərkərdə məharəti ilə yanaşı, xalqın dəstəyi, inamı olmasaydı, Azərbaycan dünyada sürətlə inkişaf edən dövlət, qalib xalq kimi tanınmazdı. Məhz Tanrının Azərbaycana bəxş etdiyi bu vəhdət nəticəsində meydana gələn möhtəşəm güc mümkünsüzlüyü mümkünə döndərdi. Və bütün bu tarixi uğurların əsasında xalqımızın qədim əsrlərdən bəri topladığı, ən yüksək dəyərləri özündə ehtiva etdiyi, dövlət naminə xalqı səfərbər olmağa çağıran, onun genetik möhtəşəmliyini təcəssüm etdirən azərbaycançılıq məfkurəsi dayanır.
Lakin azərbaycançılığı təkcə ideologiya kimi qəbul etmək düzgün deyil. Bu, sözün əsl mənasında, elmi əsaslara malik nəhəng sərvətimizdir. Ulu öndər onu milli çərçivədən çıxarıb, daha yüksək səviyyəyə qaldıraraq millilik və ümumbəşəriliyin vəhdətindən çıxış edən bir məfkurə kimi formalaşdırdı. Burada Azərbaycanın milli-etnik gerçəkliyi, dilimiz, islamın və digər ənənəvi dinlərin dəyərləri, bütün millətlərin mənşəyinin həyat tərzində, məişətində, mərasimlərində saxlanılan ənənələr, toponimika, arxeologiya və maddi mədəniyyət nümunələri, milli-mənəvi mədəniyyət və bu kimi digər mühüm elementlər yer alır. Bu gün biz azərbaycançılıq məfkurəsinin məzmununun açılmasına, türk mənşəli xalqlarla yanaşı, ləzgi, avar, rus, tat, talış, kürd və başqa etnik mənşəli qrupların da azərbaycançılığın formalaşmasında iştirak etməsinin əsaslandırılmasına diqqət yetirməliyik. Bu ideologiya Azərbaycanın bütövlüyünü, respublikamızda yaşayan bütün millətlərin sarsılmaz birliyini təcəssüm etdirməklə yanaşı, bu sahədə əvvəllər mövcud olmuş boşluğu aradan qaldırdı.
Beləliklə, azərbaycançılığın yeni dövrdə daha böyük inkişaf yoluna keçəcəyinə əminik. Bu nöqteyi-nəzərdən azərbaycançılığa vahid, bölünməz Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək üçün vasitə kimi baxmaq lazımdır. Bu gün azərbaycançılıq milli həyatın, konfessiyaların harmoniyasının çoxəsrlik ənənəsi, ölkədə yaşayan bütün millətlərin və etnik qrupların qardaşlığı, qarşılıqlı əlaqə və təsirinin tarixi, onların ümumi taleyi və Azərbaycanın bütövlüyü uğrunda birgə mübarizənin tarixi təcrübəsidir. Əlbəttə, azərbaycançılıq ideyası həm də Azərbaycanda yaşayan və onu özlərinin ümumi Vətəni hesab edən bütün etnik qrupların ideyası kimi ulu öndər tərəfindən irəli sürülmüşdür.
Bu gün aydın şəkildə görürük ki, milli ideyanın yaranması, inkişafı və transformasiyası prosesini düzgün dəyərləndirərək, bütün tarixi, mənəvi aspektlərini ardıcıllıqda izlədikdən və təfərrüatı ilə təhlil etdikdən sonra görəcəyik ki, 2003-cü ilin axırlarından başlayaraq milli ideya müstəqil dövlətimizin inkişafının və dünya ilə münasibətlər qurulmasının keyfiyyətcə yeni aspektləri ilə zənginləşir. Bu zənginliyi qorumaq, daha da inkişaf etdirmək hər birimizin borcudur. Azərbaycançılıq məfkurəsi ölkəmizin inkişafının əsas istiqamətləndirici qüvvələrindən biridir.
Bu, həm də millətlərin saxta deyil, həqiqi birliyinin məfkurəsidir. Diqqət edin, çoxmillətli Azərbaycan xalqının bütün vətəndaşları öz milli, dini mənsubiyyətindən, siyasi baxışlarından asılı olmayaraq, Vətənin bütövlüyü uğrunda Ali Baş Komandanın başlatdığı mübarizəyə can atdı və qalib gəldi. Azərbaycanın elə bir guşəsi yoxdur ki, şəhid verməsin. Onların müqəddəs ruhu qarşısında hər bir vətəndaşımız baş əyir, onların xatirəsi bizim üçün əzizdir. Biz azərbaycanlıyıq, bu gün öz milli kimliyimizi bərpa etmişik, dünyada tanınmışıq və bu xalqın on minlərlə müxtəlif millətlərdən olan vətəndaşları bu torpağı Vətən bilir, bu dövlətə güvənir, onun inkişafı, çiçəklənməsi, daim zirvələrdə olması üçün çalışır. Budur, milli birliyimizin təntənəsi, ulu öndər Heydər Əliyevin arzuladığı gələcəyimiz, Prezident cənab İlham Əliyevin uğrunda gecə-gündüz əzmlə, fədakarlıqla çalışdığı amal - xoşbəxt, firavan, Qalib Azərbaycan.
Emin QASIMOV,
"Respublika".