Əli bəy Hüseynzadə yazırdı: "Əkinçi" cəmiyyətin bir gözüdürsə, "Həyat" qəzeti onun ikinci gözüdür".
"Həyat" qəzeti mətbuat tariximizdə qələm sahiblərinin yaradıcılıq nuruna, ziyasına çevrildi, ətrafında demokratik əqidəli, milli ruhlu ziyalıları birləşdirdi. Çətinlik və qadağalara baxmayaraq, türk ictimai fikrinə və milli kimlik məfkurəsinə canlanma, hərəkət gətirdi. Cəmiyyətdə mövcud olan çatışmazlıqlara ayna tutdu. Dövrün, zamanın güzgüsünə, millət fədailərinin tribunasına çevrildi.
"Həyat" qəzetinin ilk nəşri 1905-ci il iyunun 7-də işıq üzü görmüşdür. Qəzetin ilk nömrəsində dərc olunan "Qəzetimizin məsləki" başlıqlı məqalədə mətbuatın xalqın həyatında, cəmiyyətin inkişafında önəmindən söz açılırdı. Baş məqalədə xüsusi olaraq o da vurğulanmışdır ki, bir çox Qərb ölkələrində 300-400 adda qəzet buraxılır. Lakin bu o zaman idi ki, Azərbaycanda mətbuatın, qəzet və jurnalların çapına qəti qadağalar qoyulurdu. Barmaqla sayılacaq qədər dərc olunan qəzetlər isə uzun ömür yaşamır, böyük təzyiqlərlə üzləşirdilər. "Həyat" qəzetinin çapı dövrünün şərtlərinə görə böyük hadisə idi. Qəzetin əsas məqsədi Azərbaycan dövlətinə və xalqına ümumən türkçülüyə xidmət etmək idi. Onu da qeyd etmək yerinə düşər ki, qəzet ən ziddiyyətli və qarmaqarışıq bir dövrdə nəşr olunurdu. Belə bir mürəkkəb zamanda işıq üzü görən "Həyat" qəzeti Azərbaycan mətbuatının ən çətin və şərəfli inkişaf mərhələsindən birini təşkil edir.
Qəzet çap olunduğu ilk iki ay müddətində Bakıdakı sənaye müəssisələrinin də böyük əksəriyyətini tətil dalğası bürümüşdü. Çar üsuli-idarəsinin zəifləməsindən istifadə edən daşnaksütyun Partiyasının üzvləri Tiflis və Bakıda özlərinin siyasi mərkəzlərini yaratmışdılar. Erməni Milli Şurasının üzvləri açıq şəkildə, heç nədən çəkinməyərək Azərbaycan xalqına, müsəlman əhalisinə qarşı soyqırımı törədirdilər. Bakı, Naxçıvan, Qarabağ və Zaqafqaziyanın azərbaycanlılar yaşayan hissəsində daha çox qətliam törətmişdilər. Fevral ayının ilk ongünlüyü də daxil olmaqla Bakıda böyük qırğınlar baş vermişdi. Faciənin daha geniş şəkil almasının səbəblərindən biri də əhalinin məlumatsızlığı idi. Ona görə də belə bir dövrdə gündəlik qəzetin nəşrinə zərurət yaranmışdı. Azərbaycan ziyalıları bu məsələ ətrafında düşünürdülər. 15 mart 1905-ci ildə Azərbaycan xalqının həyatında mühüm hadisəyə çevrilən "Həyat" qəzetinin yaradılması haqqında müzakirələrə başlanıldı. Milyonçu Hacı Zeynalabdin Tağıyevin evində toplanmış ziyalılar gündəlik qəzetin çap olunması qərarına gəldilər. Əli bəy Hüseynzadə və Əhməd bəy Ağaoğlu 1905-ci il 16 aprel tarixində Peterburq Baş Mətbuat İdarəsinə "Həyat" qəzetinin nəşr edilməsi üçün ərizə ilə müraciət etdilər. Mesenat Hacı Zeynalabdin Tağıyevin müdaxiləsindən sonra 22 apreldə Qafqaz canişini Vorontsov Daşkov qəzetin nəşrinə razılıq verdi. Qəzetdə dərc olunan mühüm əhəmiyyətli yazılar rus dilinə tərcümə edilərək Tiflis Senzura Komitəsinə göndərilirdi. Yazıların ideya istiqaməti Əlimərdan bəy Topçubaşov, Əli bəy Hüseynzadə və Əhməd bəy Ağaoğlu tərəfindən verilirdi. Nəşr olunduğu ilk gündən qəzetə qarşı təzyiq və təhdidlərə başlanıldı. Ağır senzura şərtləri də tətbiq olundu. İlk sayının çıxmasından cəmi ay yarım sonra erməni senzorların canfəşanlığı ilə Senzura Komitəsinin sədri "Həyat" qəzetinin çapının dayandırılması üçün Qafqaz canişinliyinə müraciət etdi. Müraciətdə qəzetin rəhbərliyinə və müəlliflərə müxtəlif böhtanlar atılırdı. Onları panislamist ideyalarının pərəstişkarı kimi günahlandırırdılar.
"Həyat" qəzeti təkcə Qafqazda deyil, Volqaboyunda, İranda və Türkiyədə də yayılırdı. Azərbaycan mətbuatının inkişafında əvəzsiz xidmətləri olmuş Əli bəy Hüseynzadə "Həyat" qəzeti və "Füyuzat" jurnalı vasitəsilə Azərbaycan milli məfkurəsinin, türkçülük hərəkatının genişlənməsində böyük rol oynamışdır.
"Həyat" qəzeti Azərbaycan jurnalistikası tarixində həm də bir məktəb rolunu oynadı. Gənc yazarlar qəzet vasitəsilə jurnalistika və publisistika məktəbi keçdilər. Beləcə, o dövrdə Azərbaycan jurnalistikasının, publisistikasının ən