1991-ci il mayın 3-də Namibiyanın paytaxtı Vindhukda regional seminara toplaşmış media işçiləri azad və müstəqil informasiya vasitələrinə rəhbər olmaq məqsədilə bütün dünya dövlətlərini mətbuatın azadlığının və demokratikliyinin təminatına yardımçı olmağa çağıran Vindhuk Bəyannaməsini qəbul etdilər. Bunun nəticəsi olaraq BMT Baş Məclisi 1993-cü ildə mayın 3-nü Beynəlxalq Söz və Mətbuat Azadlığı Günü elan etmişdir.
Söz və mətbuat azadlığı demokratiyanın əsas prioriteti hesab olunur. Belə ki, söz azadlığının olmadığı ölkələrdə insan hüquqlarının pozulması hallarına daha çox rast gəlinir. Hüquqi dövlət və vətəndaş cəmiyyətinin formalaşması prosesinin ayrılmaz tərkib hissələrindən biri də kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyətinin təmin edilməsidir. Müasir dövrdə mətbuat və söz azadlığı cəmiyyətin və dövlətin demokratik inkişaf göstəricisi kimi qəbul olunur. Kütləvi informasiya vasitələri - qəzetlər, jurnallar, teleradiolar, informasiya agentlikləri və informasiyanın müntəzəm formada yayıldığı digər vasitələr cəmiyyətin inkişafına ciddi təsir göstərən, onun mahiyyətini müəyyənləşdirən siyasi sistemin tərkib hissəsidir.
Azərbaycanda söz azadlığının bərqərar olunması və onun əsas daşıyıcısı olan müstəqil mətbuatın yaradılması ümummilli lider Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyəti ilə birbaşa bağlıdır. Ulu öndər mətbuatı demokratiyanın əsas prinsipi kimi dəyərləndirmişdir. Mətbuat sahəsinin inkişafına xüsusi diqqət yetirən Heydər Əliyevin 1998-ci il 6 avqust tarixli "Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında" Fərmanı imzalaması ölkəmizdə söz, fikir və mətbuat azadlıqlarının təminatına əlverişli şərait yaratmışdır. Məhz senzuranın ləğvini özündə ehtiva edən, mətbuatın inkişafını, vətəndaşların beynəlxalq hüquq normalarını və Azərbaycan Konstitusiyası ilə təsbit olunmuş söz, məlumat və fikir azadlığını təmin edən fərman medianın uğurlu inkişafının əsasını təşkil edir. 1999-cu il dekabrın 7-də qəbul olunan "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikasının Qanunu isə bu sahədə fəaliyyəti tənzimləyən əsas hüquqi sənəd olmuş, Azərbaycan Respublikasının Konstitusiyasında söz, fikir və mətbuat azadlığı öz təsdiqini tapmışdır. Ulu öndər deyirdi: "Mətbuat demokratiyanı dərinləşdirən, siyasi inkişafa təkan verən qüdrətli vasitədir. O, həyatın güzgüsü, həqiqətin carçısı olmalıdır, insanları yüksək ideallar uğrunda mübarizəyə səsləməli və səfərbər etməlidir".
Avropada XV əsrdə yaranan senzura söz, mətbuat azadlığı, televiziya və digər informasiya vasitələrinin dövlət, ictimaiyyət və başqa ictimai müəssisələrin maraqlarına uyğun məhdudlaşdırma forması olaraq bilinir. Senzura həm əvvəlcədən hər hansı verilişin, məlumatın, informasiyanın, musiqinin və digər məlumatın ictimailəşdirilməsindən əvvəl nəzərdən keçirilməsi və yalnız bundan sonra nümayişinə, çapına, nəşrinə, dinlənilməsinə və s. icazə verilməsi, həm də verilişin, filmin, kitabın, musiqinin cəmiyyətə çatdırılmasından sonra onun nəzərdən keçirilməsi ilə xarakterizə olunur. Sovet imperiyasının qadağaları qarşısında Azərbaycanda həm mətbuatın, həm də incəsənətin müxtəlif növlərinin yayımında çox ciddi maneələr var idi. Sovet dövrünün əsas senzura orqanı sayılan, istənilən azad təşəbbüsə qarşı olan "Qlavit"in icazəsi olmadan heç bir nəşr çapdan çıxa bilməzdi. Senzuranın tələblərinə SSRİ-yə daxil olan ölkələrin hamısı əməl etməyə məcbur idi. Təsadüfi deyil ki, 1937-ci il repressiyasında Azərbaycanın dəyərli ziyalılarının böyük bir qismi məhz senzuranın qurbanı olmuşdur.
12 yanvar 2021-ci il tarixində imzalanmış Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanın nəticəsi olaraq ölkədə Medianın İnkişafı Agentliyi yaradıldı. Qlobal informasiya mühitinin tələblərinə uyğun olaraq modernləşmə və qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı fəaliyyət prinsipi və digər mühüm şərtləri özündə birləşdirən fərman auditoriyaların peşəkar şəkildə məlumatlandırılmasına xidmət edən fəaliyyətin stimullaşdırılması üçün əlverişli şərait yaratmış oldu. Mediada ardıcıl islahatların aparılması ölkə başçımızın "Media haqqında" Qanunun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə" Fərmanı ilə daha da diqqət mərkəzində saxlanıldı