Ermənistan Laçın sərhəd-nəzarət-buraxılış məntəqəsində təxribat törətmək, habelə Laçın-Xankəndi yolunun "bağlanması" ətrafında Azərbaycan əleyhinə təbliğat aparmaq üçün oyunlarına davam edir.
Beləliklə, Ermənistan Azərbaycanla sərhəddə "yardım şousu"na başlayanda Qarabağdakı separatçıların da "mülki ermənilərin" Laçın postuna doğru yürüşünü təşkil edə biləcəyi hər kəsə məlumdur. Demək olar ki, Xankəndidə hazırlıq gedir, erməniləri Laçın postuna gətirəcək avtobuslar hazır vəziyyətdə gözləyir. Ermənistan tərəfi bununla Qarabağdakı erməni əhalisinin Ağdam marşrutu üzrə yardımı qəbul etmək istəmədiyini göstərmək, Laçın postunun yüklər üçün açılmasına nail olmaq istəyirlər. Diqqətçəkən məqamlardan biri yürüşü hazırlayan "ictimai fəalların" açıqlamasında "aksiya zamanı güc tətbiqi və zorakılıq edilməyəcək, aksiyada qadınlar da iştirak edəcək" sözləridir. Bununla "bu, qadınların da iştirak etdiyi dinc aksiyadır" rəyini yaradır və hər hansı hadisə baş verdiyi təqdirdə Azərbaycanı günahlandırmağa hazırlaşırlar.
Millət vəkili Elman NƏsirov bildirib ki, Ermənistanın siyasi və hərbi rəhbərliyi son dövrlər Qarabağda yaratdığı şounun yeni səhnəsini ifa etməyə başlayıb: "Onlar beynəlxalq ictimai fikrə belə bir yalan məlumatı, dezinformasiyanı çatdırmaq istəyirlər ki, Laçın sərhəd-buraxılış məntəqəsi Qarabağda yaşayan ermənilər üçün humanitar fəlakət mənbəyidir və o, açılmalı, yüklərin daşınması üçün bağlı olmamalıdır. Eyni zamanda onların əsas niyyəti belədir ki, Ağdam-Xankəndi yolundan erməni əhalisinin istifadə etmək niyyətinin olmamasını ortaya qoysunlar. Onlar bu fikri beynəlxalq ictimaiyyətə təlqin etmək istəyirlər".
Parlamentari qeyd edib ki, Ermənistan bu məqsədlə də əvvəlcə "tır şousu" yaratdı, indi isə "avtobus şousu"na hazırlaşır: "Ermənistan tərəfi guya ki, "mülki əhali" adı altında Laçın postu istiqamətində yürüş təşkil etmək istəyir. Bununla da onlar həm Azərbaycana "xox gəlmək" istəyir, həm də ölkəmizin Qarabağdakı ermənilərə qarşı, guya humanitar təzyiq siyasəti həyata keçirdiyini göstərməyə çalışırlar. Məqsədləri isə ondan ibarətdir ki, gələcək sülh müqaviləsi ilə bağlı Qarabağdakı ermənilərin təhlükəsizliyi və siyasi hüquqları məsələsi ön plana çıxsın. Yəni burada çox məkrli bir oyun oynayırlar. İstəyirlər ki, beynəlxalq təşkilatlar onların yalanlarına inansın ki, Qarabağdakı ermənilərin Azərbaycana reinteqrasiyası mümkün deyil. Guya ki, onları Azərbaycan dövləti blokadada saxlayır. Ermənistan belə iftira və yalan dolu mövqeyini beynəlxalq ictimaiyyətin nəzərinə çatdırmaq niyyətindədir. Lakin belə siyasi oyunbazlığın, hoqqabazlığın heç bir mənası, əhəmiyyəti və xeyri yoxdur. Çünki Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə qeyd edib ki, Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır. Onlar bizim digər vətəndaşlarımızla eyni hüquqa malik olacaqlar, onların təhlükəsizliyinə Azərbaycan dövləti təminat verib. Bu, bizim daxili işimizdir. Kimlər ki, bu şərtləri qəbul etmirsə, torpaqlarımızdan çıxıb getməlidirlər. Bu, Azərbaycanın prinsipial və qətiyyətli mövqeyidir. Beynəlxalq ictimaiyyət də bilir ki, Azərbaycan Prezidentinin sözü onun imzası qədər gücə malikdir. Ona görə də belə siyasi şouların heç bir mənası yoxdur".
Nuranə DAXİLQIZI,
"Respublika".