Mərd, qeyrətli oğullar
Region

Mərd, qeyrətli oğullar

Şəhid Orucov Ürfan Firdovsi oğlu. Ali təhsilli idi. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib Ağdam rayonunda yerləşən “N”saylı hərbi hissənin ön cəbhəsində həqiqi hərbi xidmət keçmişdi. Hərbi hissə komandanlığı tərəfindən nümunəvi əsgər kimi Fəxri fərman və diplomla təltif olunmuşdu. 2019-cu ildə hərbi xidmətini başa vurub geri qayıdaraq işə girmək üçün müsabiqəyə hazırlaşırdı. Cəbhə bölgəsində baş verən hadisələri diqqətlə izləyirdi. İyul hadisələrindən sonra daha işləmək barədə fikirləşmədi. Özünü yenidən müsəlləh əsgər kimi orduya hazırlayır. Vətən müharibəsi ərəfəsində - sentyabrın 21-də səfərbərlik qaydası ilə hərbi təlimlərə qatılır. Vətən müharibəsinin ilk günü - sentyabrın 27-də ilk saatlardan etibarən  Füzuli rayonu istiqamətində döyüşlərə atılır. Cəsur döyüşçü “Gizir” rütbəsi alaraq Həmlə-hücum manqasının komandiri olur. Füzuli uğrunda gedən döyüşlərdə  belindən ağır yaralansa da, müalicədən yayınaraq yenə ön xətdə döyüşür. Cəbrayıl, Xocavənd ərazilərində gedən şiddətli döyüşlərin önündə olur.

Oktyabrın 11-də Hadrut uğrunda qızğın döyüşlər gedirdi. Ürfan əsl idmançı  kimi çevik hərəkətlərlə bir neçə yaralı əsgər yoldaşını döyüş meydanından çıxarır. Bu zaman komandiri də ağır yaralanır. Komandirini döyüş ərazisindən uzaqlaşdırmaq üçün ona tərəf sürünür. Yaxınlaşıb onu götürmək istəyəndə hər ikisi düşmənin snayper gülləsinə tuş gələrək həlak olurlar. Orucov Ürfan Firdovsi oğlu ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Komandirləri, əsgər  yoldaşları onun döyüş məharətindən, göstərdiyi igidlik, mərdlik nümunələrindən  danışır. Deyirlər ki, Ürfan mərd, qeyrətli bir oğul, qürur duyulası insan idi. İstirahət bilmədən gecə-gündüz bizimlə çiyin-çiyinə idi. Ürfan həm gözəl yoldaş, həm gözəl insan idi.

Ürfan Orucov Şabran şəhərində, mehriban bir ailədə böyüyüb. Atası Firdovsi  kişi belə bir oğulu itirdiyindən çox kədərlənsə də başını həmişə dik tutur. Ürfanla  fəxr edir. Deyir ki, Ürfan qeyri-adi bir oğul idi. Həm idmana, həm musiqiyə çox  böyük marağı vardı. Beş dildə sərbəst danışırdı. Son illər erməni dilini də  öyrənmişdi. Müharibə günlərində mənimlə telefon danışığında deyirdi ki, erməni  dilini bilməyim çox karımıza gəlir. Dil bilmək hünərindən bu dığaları silah işlətmədən əsir alıb gətiririk.

Şabranlılar öz igid oğullarının xatirəsini əbədiləşdiriblər. Şabran şəhərinin  küçələrindən birinə onun adı verilib. Yaşadığı evə ”Xatirə lövhəsi” vurulub. Ailəsi otaqlardan birində şəhidin qısa ömür yolunu əks etdirən kiçik muzey yaradıb. Ürfan Orucovun ali təhsil aldığı akademiyada da onun xatirəsi həmişə əziz tutulur. Ali təhsil müəssisəsi tərəfindən şəhidin adına xüsusi təqaüd təsis olunub.  Yenicə istifadəyə verilmiş auditoriyalardan biri onun adını daşıyır. Şəhidin anım günü ali məktəbdə də ehtiramla qeyd olunur.

İndi Şabranda Ürfanın müharibədə göstərdiyi qəhrəmanlıqlar dillərdən düşmür. İgidlik dastanını qanı ilə yazdı Ürfan. Oxuduğu məktəbdə şagirdlərə onun qəhrəmanlığından söhbət açan vətənpərvərlik dərsləri keçilir, igidin adı şərəflə, ehtiramla çəkilir.

Ziyafəddin BAYRAMOV,

“Respublika”.