Məntəqələr seçkilərə hazırdır
Region

Məntəqələr seçkilərə hazırdır

Bütöv Azərbaycan prezident seçkiləri ərəfəsindədir. Növbədənkənar prezident seçkisi beynəlxalq aləmdə əks-səda doğurub. Ölkəmiz Cənubi Qafqazın lider dövlətinə çevrilmişdir. Bu gün Azərbaycanla əməkdaşlıq etmək istəyən dövlətlərin sayı günü-gündən artmaqdadır.

Xalqımız qarşıdan gələn prezident seçkilərində azad, ədalətli, şəffaf və obyektiv seçki keçirmə ənənəsinə sadiqliyini bir daha sübut edəcək. Artıq seçkilərin şəffaf və demokratik keçirilməsi üçün hər cür şərait yaradılmışdır. İmişli rayonu respublikamızda keçirilən bütün seçkilərdə fəallığı ilə fərqlənib. Fevralın 7-də növbədənkənar prezident seçkiləri Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının normativ sənədlərinə uyğun olaraq İmişlidə 81 və 82 saylı seçki dairələrində keçiriləcək. İmişli-Saatlı  82 saylı seçki dairəsində komissiya öz işini normativ sənədlərə uyğun qurub. Dairə komissiyasının sədri Barat Xəlilov İmişli rayonunun seçicilərinin seçkidə həmişəki kimi yüksək əhvali-ruhiyyədə iştirak edəcəyini bildirdi. Hazırda dairə üzrə 50 məntəqə fəaliyyət göstərir və  48930 seçici var. Onlardan 3095 nəfəri ilk dəfə səs verəcək. 80-100 yaşlı nəslin nümayəndəsi 761 nəfərdir. Ədalətli, şəffaf və demokratik seçkinin təminatı üçün məntəqələrdə hər cür şərait yaradılmış, 4 məntəqəyə veb-kamera quraşdırılmışdır. Məntəqələr lazım olan avadanlıqlarla təmin olunmuş, məntəqə sədrləri və üzvlər üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar və maarifləndirmə tədbirləri, treninqlər həyata keçirilmişdir.

81 saylı İmişli Seçki Dairəsinin Komissiya sədri Ramil Nəsirovun sözlərinə görə, 52 seçki məntəqəsindən 22-si şəhər ərazisində, 30-u isə kəndlərdə yerləşir. Artıq seçki məntəqəsində veb-kamera quraşdırılıb. Seçki dairəsi üzrə 50220 seçici qeydə alınıb. Onlardan 3394 nəfəri ilk dəfə səs verəcək. 80-100 yaşlı nəslin nümayəndəsi 736 nəfərdir. 18 yaşı tamam olan 111 nəfər, 100 yaşdan yuxarı 2 nəfərdir. Hazırda seçki dairəsində müşahidəçilərin qeydə alınması prosesi davam edir və indiyədək 105 yerli müşahidəçi qeydiyyatdan keçib. 81 saylı İmişli Seçki Dairəsinin Dairə Seçki komissiyasında üzvlər üçün maarifləndirici treninqlər keçirilir. Treninqlərə dairənin  tərkibinə daxil olan 52 seçki məntəqəsinin sədr, katib və komissiya üzvləri cəlb olunub və Mərkəzi Seçki Komissiyası tərəfindən tərtib edilmiş xüsusi proqram əsasında aparılır. Hər bir iştirakçıya Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanan "Seçki günü üçün yaddaş" kitabçası, eləcə də səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər zəruri metodiki vasitələr, əyani materiallar təqdim olunur.

Ərəstun ABDULOV,

"Respublika".