8 sentyabr Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Günüdür
Jurnalistlərin Həmrəylik Günü Beynəlxalq Jurnalistlər Təşkilatının 1958-ci ilin mayında Buxarestdə keçirilmiş IV konqresinin qərarı ilə qeyd olunur. Dünya mediası üçün əlamətdar sayılan bu tarix 1943-cü il sentyabrın 8-də hitlerçilər tərəfindən qətlə yetirilmiş çexiyalı jurnalist Yulius Fuçikin xatirəsinə təsis edilib. Jurnalistlərin cəmiyyətə verdiyi əvəzsiz töhfələri xatırlamaq və əsas işlərini yerinə yetirərkən qarşılaşdıqları çoxsaylı problemləri həll etmək üçün hər il 8 sentyabr Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Günü bütün dünyada qeyd olunur.
Bu gün jurnalistlərin demokratik dəyərlərin qorunmasında, şəffaflığın təşviqində və sərbəst məlumat axınının təmin edilməsində oynadığı mühüm rolu xatırladılır. Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Günü həqiqəti üzə çıxarmaq və xəbərləri ictimaiyyətə çatdırmaq üçün yorulmadan çalışan jurnalistlərin dəstəklənməsi və qorunmasının vacibliyini vurğulayır. Jurnalistlər tez-tez münaqişə zonalarında xəbərləri işıqlandırarkən, korrupsiyanı araşdırarkən və ya insan hüquqlarının pozulmasını ifşa edərkən təhlükəli vəziyyətlərlə üzləşirlər. Bu gün hökumətləri, media təşkilatlarını və ictimaiyyəti jurnalistlərlə həmrəy olmağa, onların hüquqlarını, təhlükəsizliyini və ifadə azadlığını müdafiə etməyə çağırışdır.
Azərbaycanın media sahəsində də beynəlxalq əhəmiyyətli tədbirlər üçün məkan seçilməsi ölkəmizin malik olduğu təcrübəyə əsaslanır. Azərbaycan azad mətbuatın inkişaf etdiyi ölkə kimi nüfuz qazanıb. Şərqi Avropa ilə Qərbi Asiyanın kəsişməsində yerləşən Azərbaycan bu illər ərzində media sahəsində mühüm inkişaf yolunu keçmişdir. Bu dəyişikliklər medianın təkamülündə daha geniş tendensiyaların və regionda jurnalistlərin üzləşdiyi çətinliklərin aradan qaldırılmasına xidmət etmişdir. Azərbaycan milli mətbuatının yaranmasından isə 148 il ötüb. "Əkinçi" qəzetinin ilk nömrəsinin işıq üzü gördüyü gün - 22 iyul ölkəmizdə Milli Mətbuat Günü kimi qeyd olunur. Azərbaycan milli mətbuatının yaranışı maarifçilik hərəkatının banilərindən biri təbiətşünas-alim Həsən bəy Zərdabinin adı ilə bağlıdır. 1875-ci ildə bütün Qafqazda böyük əks-səda doğuran "Əkinçi" qəzetini ərsəyə gətirən Həsən bəy onun həm naşiri, həm redaktoru, həm də korrektoru idi.
Müasir dünyada böyük auditoriy
alar da daxil olmaqla aktual məsələlərin media cəmiyyətləri tərəfindən işıqlandırılması xüsusi rol oynayır. İnternetin media ilə birləşməsi kütləvi informasiya vasitələrinin fəaliyyətinə də çox təsir etmiş, onların iş mexanizmini dəyişdirmiş, qəzetlərin yenidən təşkilatlanmasına, radio və televiziyaların internet vasitəsilə yayım etməsinə imkan yaranmışdır. Hazırda media, beynəlxalq münasibətlər və əlaqələr sahəsində əhəmiyyətli bir vasitə kimi qiymətləndirilir. "Yumşaq güc" ilə diplomatik mübarizədə, informasiyaların vaxtında yayılması ilə siyasi üstünlüyün əldə edilməsi önəmli avantajdır. Media cəmiyyəti istiqamətləndirən əsas qüvvə kimi tanınır. Vətən müharibəsi dövründə media nümayəndələrinin qəhrəmanlığı, məlumatların yerli və beynəlxalq ictimaiyyətə operativ şəkildə çatdırılması Azərbaycanın düşmən üzərində üstünlüyünü təmin etdi. Məhz tarixi qələbənin əldə edilməsindən sonra Azərbaycan Prezidenti tərəfindən "Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında" Fərmanın imzalanması, Medianın İnkişafı Agentliyinin yaradılması və "Media haqqında" qanunun təsdiq edilməsi, milli informasiya məkanında davamlı inkişafa nail olunmasının dövlət üçün əsas prioritet olduğunu göstərir. Bu qanunun imzalanması Azərbaycanda sağlam və demokratik siyasi mühitin mövcud olduğunu bir daha sübut edir.
Artıq işğaldan azad edilmiş ərazilərdə dünya ictimaiyyətinin yaxından maraqlandığı qlobal tədbirlər keçirilir. Bunlardan biri də, 2022-ci il iyulun 22-də Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə Şuşada Milli Mətbuat Günü münasibətilə "Mediada qlobal trendlər, yeni çağırışlar" mövzusunda keçirilən Beynəlxalq Media Forumudur. Tədbirə ölkə jurnalistləri, Qarabağın - Şuşanın azad olunmasında iştirak edən bir qrup qazimizlə yanaşı, 20-dək ölkədən xarici media nümayəndələri və ekspertləri də qatılmışdı. Ölkə başçısı 22 İyul - Milli Mətbuat Günü münasibətilə Azərbaycanın media nümayəndələrinə ünvanladığı təbrik məktubunda qeyd etmişdi: "Əminəm ki, Azərbaycan jurnalistikası əldə olunmuş uğurların inkişaf etdirilməsi, cəmiyyətimizin davamlı tərəqqisi və xalqımızın xoşbəxt gələcəyi üçün bundan sonra da öz səylərini əsirgəməyəcək".
Məhz doğma torpaqlarda beynəlxalq ictimaiyyətin iştirakı ilə nüfuzlu tədbirlərin keçirilməsi qürurverici hadisədir. Cari il boyu bu xüsusda mötəbər addımların şahidi olmuşuq. İyulun 21-də "4-cü Sənaye İnqilabı dövründə Yeni Media" mövzusunda Şuşa Qlobal Media Forumunun təşkili də məhz bu qəbildəndir. Qeyd edək ki, Azərbaycanın mədəniyyət paytaxtı media istehlakı və media məlumatlılığında mövcud tendensiyaları müzakirə etmək üçün uyğun yerdir.
Azərbaycan Prezidenti İlham Əliyev Forumun açılış mərasimində iştirak etdi və beynəlxalq media nümayəndələrinin suallarını cavablandırdı. Sonda ölkə başçısı qeyd etdi: "Əminəm ki, siz bu müzakirələr sayəsində ölkələrinizə çox yaxşı nəticələrlə qayıdacaqsınız. Bizim hökumətimiz üçün də müəyyən maraqlı ideyalar, istiqamətlər olacaqdır. Sonuncu təklifim isə ondan ibarətdir ki, bu forum müntəzəm olaraq keçirilsin və buna birinci Şuşa Qlobal Media Forumu adı verilsin".
Dünyada baş verən hadisələr barədə detallı məlumat əldə etməyə malikik. Bu uğur, inkişaf, tərəqqi sözsüz ki, jurnalistlərdən böyük məsuliyyət tələb edir. Məhz bu xüsusda savadlılığın artırılması istiqamətində atılan addımlar, dövlətin media sahəsinə xüsusi qayğısı qeyd edilməlidir. Senzuranın ləğv edilməsindən sonra başlanan yeni inkişaf yolunda Azərbaycan bu gün əmin addımlarla irəliləyir. Digər sahələrdə olduğu kimi, medianın da beynəlxalq arenada öncül yerə sahib olması Azərbaycanın qürurudur.
Nurlan ABDALOV,
"Respublika".