44 günlük Vətən müharibəsində qazanılan şanlı qələbədən sonra ölkəmizin qarşısında duran ən mühüm vəzifə Qarabağ regionunun dirçəldilməsi, şəhər və kəndlərimizin yenidən qurulması və vətəndaşların ata-baba yurdlarına qayıtmalarıdır. Hazırda işğaldan azad olunan ərazilərimizdə tikinti-quruculuq işləri sürətlə davam etdirilir, yeni yollar salınır, məktəblər, xəstəxanalar, nəqliyyat-kommunikasiya xətləri yenidən bərpa olunur. Hazırda Qarabağda bərpa-quruculuq işləri çox sürətlə həyata keçirilir. Mənfur ermənilər tərəfindən tamamilə dagıdılmış Şuşa, Ağdam, Cəbrayıl, Zəngilan, Qubadlı, Füzuli, Laçın və Kəlbəcərdə infrastruktur yenidən qurulur, ərazilərdə yeni yaşayış massivləri salınır, avtomobil və dəmiryol xətləri çəkilir. Qarabağın dilbər guşələri Kəlbəcər və Laçın böyük potensiala malik bölgələrdir.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, keçmiş məcburi köçkünlərin bərpaedilən və yenidən qurulan Laçın şəhərinə qayıdışı başlanıb. Birinci mərhələdə şəhərə 20 ailə, yəni 97 nəfər köçürülüb. Laçına ilk köç karvanı Bakı şəhərinin Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış "Qobu park 3" yaşayış kompleksindən yola salınıb. İlkin mərhələdə köçürülən ailələr, əsasən, Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda ən ağır şəraitdə yaşayanlar arasından seçilib. Onlar Laçın şəhərində işğaldan əvvəl yaşadıqları və işğala son qoyulduqdan sonra dövlət başçısının göstərişi əsasında aparılan təmir-bərpa işləri nəticəsində tamamilə yenilənmiş və zəruri yaşayış şəraitinin yaradıldığı evlərdə məskunlaşıblar.
Azərbaycan Prezidenti İlham Əliyev cari il mayın 28-də Laçın şəhərində Heydər Əliyev, Zəfər və 28 May küçələrinin kəsişməsində istiqamət bildirən lövhələrin açılışını edib və Laçın şəhərinə qayıdan əhali ilə görüşüb, evlərin açarlarını onlara təqdim edib.
Ali Baş Komandan Laçın şəhərində sakinlərlə görüşündə bildirib: "Bu gün yeni Laçın şəhərinin yeni siması müstəqilliyimizin nə qədər güclü olmasını bir daha göstərir. Çünki cəmi 7-8 ay ərzində şəhərin böyük hissəsi tamamilə yenidən qurulub və sizin sərəncamınıza verilir. İlk 20 ailə artıq dünəndən Laçında yerləşibdir və iyun ayının sonuna qədər əlavə bir çox ailələr gələcək. Beləliklə, birinci mərhələdə Laçında 4 minə yaxın, bəlkə də çox insan yaşayacaqdır. Bütövlükdə 7-8 ay ərzində 700 bina inşa edilib, onlardan 620-si fərdi yaşayış binası, 9 çoxmənzilli bina və orada 144 mənzil hazırlanıbdır. Beləliklə, artıq 764 ailə Laçın şəhərində yaşaya bilər. Amma bu, hələ tam proqramımız deyil. Laçın şəhərinin Baş planı hazırlanıb və bu gün təqdim ediləcək. Laçın şəhərində ikinci mərhələdə görüləcək işlərlə bağlı bizim çox dəqiq təsəvvürümüz var və beləliklə, hesab edirəm ki, ilin sonuna qədər daha çox insan Laçında yaşaya biləcək".
Qeyd etmək lazımdır ki, hazırda Laçının hər tərəfində Böyük Qayıdışa hazırlıq gedir. İyunun 14-də Laçına ikinci köç baş tutdu. 22 ailə, yəni 72 nəfər doğma ata-baba yurduna qayıtdı. İyunun 25-də isə növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı "Qobu park 3" yaşayış kompleksindən Laçına yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 15 ailə - 53 nəfərin köçürülməsi reallaşıb. Bununla da Laçın şəhərində 70 ailə, yəni 266 nəfərin daimi məskunlaşması artıq təmin edilib.
Röya RÜSTƏMLİ,
"Respublika".