LAÇIN: doğma yurdun nemətləri
Digər xəbərlər

LAÇIN: doğma yurdun nemətləri

Ermənistanın hərbi təcavüzü və işğal illəri laçınlıların yurd məhəbbətinə, ev, ocaq həsrətinə, qayıdış inamına kölgə sala bilmədi. Əksinə, köçkün həyatı yaşasalar da ruhdan düşmədilər, əlləri işdən soyumadı, keçmiş ənənələri yenidən dirçəltdilər, ata-babadan onlara miras qalan heyvandarlığa, o cümlədən qoyunçuluğa və arıçılığa diqqəti daha da artırdılar. İşğaldan sonra əhalinin böyük əksəriyyəti Laçın rayonunun qış yataqlarına, Ağcabədi rayonu ərazisindəki Taxtakörpüyə pənah gətirdilər. Aran torpağının istisinə, bürküsünə baxmayaraq, su sarıdan korluq çəksələr də, bu ərazilərdə onlarla oba saldılar, bir-birinə həyan olaraq torpaqdan ikiəlli yapışdılar, qıtlığın, çətinliyin kürəyini yerə vurdular. Taxtakörpüdə dövlət tərəfindən laçınlılara müasir qəsəbələr salındı, hər cür şərait yaradıldı, onlar yeni bir həyata başladılar. Laçın camaatı əzəldən qoçaq, işgüzar olub, ona görə də doğma yurd yerlərindən didərgin düşəndən sonra yenidən ayaq üstə qalxmağa, təsərrüfat qurmağa əsl hünər göstərdilər.

Zəngin təbiəti olan Laçın rayonu respublikamızda arıçılıq mərkəzlərindən biri sayılıb. Füsunkar təbiəti, əlverişli iqlimi, zəngin bitki örtüyü burada arıçılığın inkişafına münbit şərait yaradıb. Odur ki, rayon iqtisadiyyatının əsasını təşkil edən sahələrdən biri də arıçılıq olub. Qeyd edək ki, Laçın rayonu Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilənə qədər rayonda 42 min 364 arı ailəsi var idi. Laçın 1992-ci ilin may ayında işğal ediləndə rayonun digər sərvətləri kimi, arı ailələri də erməni qəsbkarları tərəfindən talan edildi. Buna baxmayaraq, ölkəmizin müxtəlif bölgələrində məskunlaşan laçınlı məcburi köçkünlər arıçılıq təsərrüfatlarını yenidən quraraq, ata-baba ənənəsini yaşadırlar. Laçın rayonunun 2020-ci il dekabrın 1-də işğaldan azad edilməsi laçınlı arıçıların daha çox sevincinə səbəb oldu. Müzəffər ordumuzun düşmən üzərində qələbəsi sayəsində 28 il həsrətində olduqları doğma yurdlarına qayıdan laçınlı arıçılar artıq iki ildir ki, öz arılarını Laçın yaylaqlarında bəsləyirlər. Qeyd edək ki, hazırda rayonda 21 min 964 arı ailəsi var.

Yuxarıda qeyd etdiyimiz kimi, Laçın rayonu arıçılığın inkişafı üçün əvəzolunmaz təbii ehtiyatlara malikdir. Zəngin bitki örtüyü Laçında istehsal edilən arı məhsullarının keyfiyyətinə müsbət təsir göstərir və məhsuldarlıq yüksək olur. Zirvəsi göylərə baş çəkən dağların döşündə, çəmənliklərdə qurulan arı pətəklərində yetişdirilən balın ətri də, rəngi də fərqlidir, müalicəvi xüsusiyyəti daha çoxdur. Arıçılarla söhbət zamanı onlar dedilər ki, şükürlər olsun Allaha, Prezidentimiz İlham Əliyevin, müzəffər ordumuzun sayəsində torpaqlarımız işğaldan azad edildi. Dövlət tərəfindən arıçılıqla məşğul olan şəxslərə dəstək göstərilməsi sayəsində Laçında bu sahəni yenidən inkişaf etdirmək elə də çətin olmayacaq.

Bundan başqa, Laçının təbiəti, iqlimi və zəngin bitki örtüyünün də arıçılığın inkişafı üçün əlverişli olması təsərrüfat sahiblərini əlavə xərclərdən azad edəcək. Çünki yaz-yay mövsümündə arı ailələrinin bir ərazidən başqa əraziyə köçürməyə ehtiyac qalmayacaq. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İqtisadi məsələlər üzrə İşçi Qrupundan bildiriblər ki, artıq iki ildir ki, Laçın rayonundan olan 229 arıçı fermerə məxsus 15 min 100 arı ailəsi Laçının 24 kəndinin ərazisində yay mövsümünü başa vurub.

Laçın Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Sahib Quliyev deyir ki, Ermənistanın hərbi təcavüzünə baxmayaraq keçmiş ənənələr yaşadılır, kənd təsərrüfatının aparıcı sahələrindən olan heyvandarlıq inkişaf edir. Hazırda iribuynuzlu heyvanların sayı cari ilin yanvarın 1-nə olan məlumata görə 41 min 368 başdır. Mal-qaranın cins tərkibi daha da yaxşılaşır, heyvandarlıq məhsulları istehsalında artım qeydə alınır. Cari ilin yanvar-noyabr aylarında rayon üzrə 2098 ton ət, 18 min 311,2 ton süd, 275 ton yun və 4295 min ədəd yumurta istehsal edilib. 2021-ci ilin eyni dövrü ilə müqayisədə ət istehsalı 19,3 faiz, süd istehsalı 33,6 faiz, yun istehsalı 20,1 faiz, yumurta istehsalı isə 16,3 faiz artıb.

Azərbaycan Respublikasında 2019-2023-cü illərdə heyvandarlığın intensiv inkişaf etdirilməsinə və örüş-otlaq ərazilərinin səmərəli istifadə olunmasına dair Dövlət Proqramında ət, süd istehsalının və özünütəminetmə səviyyəsinin artırılması, heyvanların cins tərkibinin yaxşılaşdırılması, yemdən, örüş və otlaqlardan səmərəli istifadə edilməsi əsas hədəf kimi qarşıya qoyulub. Bu istiqamətdə Laçın rayonunda da səmərəli iş aparılır. Həyata keçirilən genişmiqyaslı islahatlar nəticəsində aqrar sektorun bütün sahələrində ciddi irəliləyişə nail olunur, müxtəlif növ kənd təsərrüfatı, o cümlədən heyvan mənşəli məhsulların istehsal həcmi artır, daxili istehsalda artım dinamikası qorunub saxlanılır.

Rayonda ənənəvi və gəlirli sahələrdən biri də qoyunçuluqdur. Vaxtilə qoyun sürüləri yaylaqlara aparılardı, dörd-beş ay qoyun-keçilər orada bəslənərdi. Erməni işğalı laçınlı heyvandarları çətin duruma salsa da, onlar qarşıya çıxan problemləri peşəkarlıqla dəf edirlər. Cari ilin yanvar ayının 1-nə olan məlumata görə rayonda 140 min başdan çox qoyun, keçi var. Əlbəttə, Aran torpağında qoyunların baş sayını artırmaq böyük zəhmət və təcrübə tələb edirdi. Torpaqlarımız işğaldan azad ediləndən sonra artıq iki ildir ki, laçınlı fermerlərin qoyun sürüləri Laçın yaylaqlarına aparılır. Cari ilin yayında 239 fermer doğma rayonun yaylaqlarında 82 minə yaxın xırdabuynuzlu heyvan saxlayıblar. Eyni zamanda, 8 mindən çox iribuynuzlu mal-qara da yaylaqlara aparılıb. Yaylaq mövsümü başa çatıb, qoyun sürüləri və naxır qış yataqlarına qaytarılıb.

Ermənistanın hərbi təcavüzü nəticəsində işğala məruz qalan və 28 ildən artıq məcburi köçkün həyatı yaşayan laçınlıların sosial vəziyyətinin yaxşılaşdırılması, problemlərin öyrənilməsi və vaxtında həll olunması daim dövlətin diqqət mərkəzində saxlanılır. Əlbəttə, laçınlılar bu diqqət və qayğını yüksək qiymətləndirir və əməli işləri ilə cavab verirlər. Rayon icra hakimiyyətinin başçısı Aqil Nəzərli demək olar ki, günün çoxunu keçmiş məcburi köçkünlərin sıx məskunlaşdıqları ərazilərdə olur, görüşlər keçirir, həmyerlilərinin üzləşdikləri problemlərin həll edilməsinə çalışır. Məhz buna görə də respublikanın 58 rayon və şəhərində məskunlaşan laçınlı məcburi köçkünlər rayon rəhbərliyinin diqqət və qayğısından həmişə razılıq edirlər. Qəsəbələrdə və obalarda həyat öz axarı ilə davam edir, keçmiş məcburi köçkünlər doğma Laçına qayıdacaqları günü səbirsizliklə gözləyirlər. Başa çatmaqda olan il rayonun həyatında əsl dönüş ili, həyatın bütün sahələrində inkişaf ili, təşəbbüs, adamlara qayğı ili kimi yadda qalıb. Taxtakörpü ərazisində məskunlaşan laçınlı məcburi köçkünlər üç ildir ki, pambıqçılıq və baramaçılıqla məşğul olurlar. Bu məqsədlə ərazidə 10 min ədəddən çox tut tingi, 100 hektardan çox pambıq əkilib. Qeyd edək ki, laçınlı fermerlər artıq pambıq istehsalında da təcrübə qazanıblar.

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın həm ərazi baxımından, həm də təbii ehtiyatları və aqrar potensialı ilə ölkə iqtisadiyyatında mühüm yerlərdən birini tutacaq. Məhz buna görə də, Laçın rayonunun işğaldan azad edilməsindən az sonra Qalib Ali Baş Komandan İlham Əliyev rayona səfər edərək burada xüsusi proqram əsasında aparılacaq infrastruktur layihələrin təməlini qoyub. Bərpa və quruculuq işləri sürətlə aparılır. Ermənistanın işğalı illərində laçınlıların yaşadıqları bütün kədər və üzüntülər artıq geridə qalıb. Digər azad edilmiş ərazilərimiz kimi, Laçının da yeni dövrü başlanıb.

Salman ALIOĞLU,

"Respublika".