Müstəqilliyimizin bərpasından sonra Avropa və Mərkəzi Asiya ölkələri, o cümlədən türk dövlətləri ilə münasibətlərimiz ulu öndər Heydər Əliyevin uğurlu xarici siyasəti nəticəsində yeni inkişaf yoluna qədəm qoydu. Məhz bu siyasi xəttin davamına uyğun olaraq yeni dünya düzəninin formalaşdığı bir vaxtda ikili əlaqələrin və birgə əməkdaşlığın inkişaf etdirilməsi Azərbaycan dövlətinin əsas prioritetinə çevrildi. Son illər Prezident İlham Əliyevin Mərkəzi Asiya və regionun digər türkdilli ölkələrinə ardıcıl səfərləri, eyni zamanda həmin dövlətlərin başçılarının Azərbaycana səfərləri türk dünyası üzvləri ilə əlaqələrimizin genişlənməsini, dərinləşməsini və strateji xarakter almasını şərtləndirir. Səfərlər zamanı imzalanan müqavilələr, sazişlər ölkələrimiz arasında münasibətlərin gələcək konturlarını müəyyən edir.
Azərbaycan və Tacikistan respublikalarının strateji əhəmiyyətə malik bölgələrdə yerləşməsi iki dövlət arasındakı əlaqələrin inkişafında əsas rol oynayır. Xəzər dənizi hövzəsi və Cənubi Qafqaz bölgələrinin aparıcı ölkəsi kimi Azərbaycanla əməkdaşlıq Mərkəzi Asiyanın açar ölkəsi olan Tacikistan üçün olduqca önəmlidir. Digər tərəfdən, BMT və İslam Əməkdaşlıq Təşkilatında Tacikistan və Azərbaycan arasında müsbət əlaqələrin olması Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığa da öz töhfəsini verir. Təsadüfi deyil ki, Tacikistan Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına üzvlüyünə dəstək verən ölkələrdən biridir. İqtisadi, sosial və siyasi əməkdaşlıq Tacikistanın Azərbaycana dost mövqeyinin əsas müddəalarıdır. Qarşılıqlı etimada söykənən əlaqələr çərçivəsində 2007-ci ildə Düşənbədə Azərbaycan səfirliyi, 2008-ci ildə Bakıda Tacikistan səfirliyinin fəaliyyətə başlaması iki ölkə arasında dost münasibətlərinin formalaşmasının təməli hesab olunur. 2007-ci il martın 15-də "Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə" imzalanması uğurlu inkişaf xəttini müəyyən etdi. Bunun nəticəsi olaraq bu günə qədər ölkələrimiz arasında 62 sənəd imzalanıb və iki ölkə arasında ticarət dövriyyəsi ötən illərə nisbətən 3 dəfə artıb. Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistana sayca üçüncü səfərinin gerçəkləşməsi onu göstərir ki, Azərbaycan bu ölkə ilə münasibətlərin daha da yaxşılaşdırılmasında və inkişaf etdirilməsində maraqlıdır. Ölkələrimizi tarixi dostluq əlaqələri, siyasi, humanitar və digər sahələrdə münasibətlər də birləşdirir. Azərbaycan və tacik xalqları arasında tarixi, mədəni və dini bağlılıqlar mövcud əlaqələrin əsasını təşkil edir.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü kimi Tacikistan dövləti regional struktura uyğun olaraq Azərbaycanla ikili əlaqələrin inkişafını təşkilatın digər üzv dövlətləri ilə müqayisədə daha üstün tutur. Azərbaycanın bu təşkilata qatılması təklif olunsa da, dövlətimiz qətiyyətli siyasəti ilə Ermənistanın iştirak etdiyi heç bir kollektiv siyasi-hərbi təşkilatda yer almaq istəməməsini dəfələrlə vurğulamışdır. Təsadüfi deyil ki, bu gün hayların ikiüzlü siyasi xətti KTMT-nin nüfuz dairəsinə də mənfi təsir göstərir. Keçirilən etiraz aksiyaları, təşkilatın önəmli güc qaynağı kimi Rusiyaya qarşı səsləndirilən şüarlar bunu deməyə əsas verir. Ümumiyyətlə, KTMT və təşkilata üzv Rusiya, Belarus, Qazaxıstan, Tacikistan və Qırğızıstanla Ermənistan arasında münasibətlərin gərgin və qeyri-səmimi olduğunu demək olar. Ermənistan hakim dairələri KTMT-yə etibarlı tərəfdaş kimi baxmır və daim bu təşkilatı çətin vəziyyətdə qoyan addımlarla seçilir. Bunun məntiqi nəticəsi kimi Tacikistan Azərbaycanla münasibətləri dərinləşdirir və regional lider olan ölkəmizin uğurlu iqtisadi-siyasi xəttini dəstəkləyir. Bununla yanaşı, 44 günlük Vətən müharibəsində Ermənistan ordusunun darmadağın edilməsi KTMT ölkələrinə haylarla olan hərbi-siyasi əlaqələrini nəzərdən keçirməyə şərait yaratdı. Belə ki, siyasi gedişi iflasa uğramış dövlət kimi Ermənistanın regional təhdid olmasıda "Təhlükəsizlik müqaviləsi" çərçivəsində ziddiyyətlər yaradır. Ermənistan hər zaman, xüsusilə də, 44 günlük Vətən müharibəsi dövründə təşkilatı Azərbaycana qarşı hərbi əməliyyatlara cəlb etməyə çalışırdı. Lakin dövlətimizin apardığı uğurlu siyasət, o cümlədən bu təşkilata üzv olan ölkələrlə Azərbaycan arasındakı münasibətlərin səviyyəsi Ermənistanın bu niyyətini puça çıxardı. Bununla da Ermənistan