Kişineuda səfərdə olan Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov Moldova Respublikasının kənd təsərrüfatı və qida sənayesi naziri Vladimir Bolea ilə görüşüb. Görüşdə iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Nazir Məcnun Məmmədov bildirib ki, Azərbaycan-Moldova iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 5-ci iclasında iki ölkə arasında gələcək əməkdaşlığın bir çox istiqamətləri, o cümlədən kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb. Azərbaycanla Moldova arasında kənd təsərrüfatı məhsullarının dövriyyəsinin artırılmasının zəruri olduğunu deyən nazir bu sahədə mövcud potensialı dəyərləndirmək üçün birgə biznes-forumların keçirilməsini təklif edib. O, Moldova şirkətlərini Bakıda hər il keçirilən Caspian Agro Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində aktiv iştiraka çağırıb. Moldovanın şərabçılıq və üzümçülük sahəsində böyük təcrübəyə malik olduğunu xatırladan Məcnun Məmmədov bu sahədə təcrübə mübadiləsi və birgə elmi tədqiqatlar aparmağın, qarşılıqlı texnologiya transferinin vacibliyini vurğulayıb.
Moldovanın kənd təsərrüfatı naziri Vladimir Bolea bildirib ki, iki ölkə arasında kənd təsərrüfatı sahəsində geniş əməkdaşlıq imkanları mövcuddur. Azərbaycan-Moldova iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclaslarının son illər mütəmadi xarakter almasını müsbət dəyərləndirən nazir bu toplantıların müxtəlif sahələrdə olduğu kimi aqrar sahədə də əməkdaşlıq imkanlarını dəyərləndirməyə imkan verdiyini deyib. Görüşdə aqrar sahənin rəqəmsallaşdırılması, birgə elmi-tədqiqatların aparılması, aqrar mütəxəssis hazırlığı, tələbə və müəllim mübadiləsi, aqrar sahə üzrə ixtisaslaşmış universitetlərin diplomlarının qarşılıqlı tanınması məsələləri müzakirə olunub.
Moldovaya səfər çərçivəsində kənd təsərrüfatı naziri Məcnun Məmmədov Azərbaycanın şərab istehsalı ilə məşğul olan aparıcı şirkətlərinin nümayəndələri ilə birlikdə Moldovanın üzüm sahələrinə və aparıcı aqroturizm müəssisələrinə baş çəkib, şərab istehsalı ilə məşğul olan obyektlərin fəaliyyəti ilə tanış olub.
Nəriman Cavadov,
“Respublika”.