Kanadanın ölkəmizi sanksiyalarla hədələməsi xülyadır
Gündəm

Kanadanın ölkəmizi sanksiyalarla hədələməsi xülyadır

Son dövrlər Avropanın və Amerikanın bir sıra dövlətləri əsl xristian təəssübkeşliyi ilə Ermənistanı müdafiə edir və özlərini səlib yürüşünün  başçısı Fridrix Barbarossanın varisləri kimi aparırlar. Açıqdan-açığa islam dövlətlərinə nifrət edir və  heç bir tutarlı əsas olmadan Ermənistanı müdafiə etməyə çalışırlar.

Kanada xarici işlər nazirinin Ermənistan-Azərbaycan sərhədinə gəlib oradan ölkəmizin ərazisini binokl vasitəsilə müşahidə etməsi nəinki diplomatik etiketə sığmır, həm də yaramazlıqdır. Siyasətdən və əxlaqdan nə qədər uzaq olasan ki, nahaqdan 30 il ərzində torpaqlarımızı işğal edən və bir milyondan çox soydaşlarımızı qaçqın və köçkün vəziyyətində qoyan Ermənistana bir kəlmə  belə deməyəsən? Vəhşicəsinə öldürülməklə, işgəncələr verilməklə doğma yurdundan qovulan azərbaycanlıları müdafiə etmədiyi halda tamamilə, sivil yolla, burnu qanamadan özlərinin təşəbbüsü ilə Azərbaycanın Qarabağ hissəsindən çıxan ermənilərin xeyrinə bu cür bəyanatlar verəsən və Azərbaycanı sanksiyalarla hədələyəsən. Azərbaycandan çox-çox uzaqda olan Kanadanın ölkəmizi sanksiyalarla hədələməsinin heç bir  əhəmiyyəti yoxdur.

Fransa kimi  Kanada da açıqdan-açığa soydaşlarımıza, türklərə, müsəlmanlara nifrət edir. Sadəcə olaraq bu ölkələr texnoloji üstünlüklərinə və hərbi güclərinə arxayınlaşaraq Türkiyəni, Azərbaycanı və digər ölkələri hədələyirlər.

İndi tarixi şərait elə gətirib ki, xristianlar dünyada aparıcı mövqelərə və sərvətlərə malik olublar. Özü də əsasən müstəmləkəçilik siyasəti vasitəsilə. Kanada vaxtı ilə Böyük Britaniyadan, indi isə Amerikadan asılı vəziyyətdədir. Amerikanın bir quberniyası qədər səlahiyyətləri olmayan bir dövlət özünü  diktat kimi aparır.  Azərbaycan tərəfi buna ciddi şəkildə etiraz edir. Xalqımız dostunu və düşmənini tanımalı, ölkəmizə və islam dünyasına düşmən olan dövlətlərin çirkin istəklərinin burada reallaşmasının qarşısını almalıdır.

Tahir KƏRİMLİ,

Milli Məclisin deputatı.