Jurnalistlərin peşə bayramı qeyd olunub
Digər xəbərlər

Jurnalistlərin peşə bayramı qeyd olunub

"Heydər Əliyev İli" çərçivəsində Yeni Azərbaycan Partiyası Zəngilan rayon təşkilatında Mili Mətbuatın yaranmasının 148-ci ildönümü münasibətilə "Heydər Əliyev və müstəqil Azərbaycan mətbuatı" mövzusunda dəyirmi masa keçirilib.

YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə, Zəngilan Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən Nizami Mönsümov və başqaları çıxış edərək milli mətbuatın 148 illik yubileyi münasibətilə mətbuat işçilərini təbrik edib. Bildirib ki, ulu öndər Heydər Əliyev hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirib, mətbuat və söz azadlığı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirib. 

Hazırda ölkədə azad medianın fəaliyyətinə və inkişafına yönələn bu siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Tədbirdə çıxış edən mətbuat nümayəndələri Azərbaycan mətbuatının keçdiyi tarixi inkişaf yolundan, ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyevin mətbuata göstərdiyi diqqət və qayğıdan bəhs edərək öz minnətdarlıqlarını bildiriblər. Sonra Mətbuat Günü ilə bağlı videoçarx izlənilib.

M.QULUYEV,

"Respublika".