...Mayın 1-i təkcə onun özü üçün yox, Məhərrəmi tanıyanların hamısı üçün yaddaqalan gün idi. Şəxsiyyət vəsiqəsinə doğum tarixi aprelin 16-sı yazılsa da, özü deyirdi ki, mayın ilk günündə, yazda günəş şəfəqlərini ana təbiətə səpələdiyi vaxt dünyaya göz açmışam. Elə dünyaya gəldiyi fəsillə də onun arasında bir oxşarlıq vardı - özü də bir işıq topası idi, onun olduğu yerdə gülüş, dadlı-duzlu söhbətlər olardı...
Həmin gün telefonuna çoxlu zənglər gələrdi - qohumlar, dostlar, tələbə yoldaşları onu ad günü münasibətilə təbrik edərdilər. İşimiz nə qədər çox olsa da, mütləq vaxt tapıb Məhərrəmi təbrik edərdik. "Qocalmağıma sevinirsiz?", - deyə zarafatından qalmazdı.
İki ildir ki, nə o işıq var, nə o şux zarafatlar...
AZƏRTAC-ın 5-ci mərtəbəsində həmkarları üçün ayrılmış böyük zalda hər səhər onun divardan asılmış şəkilləri ilə salamlaşır, xatirəsini yad edirik...
Doğulduğu kəndin 50 kilometrliyində
Məhərrəm İbrahimov (Əlioğlu) dünyaya Krasnoselsk rayonunun (Göyçə mahalının Çəmbərək rayonu) Ardanış kəndində salam vermişdi. Uşaqlıq illərini keçirdiyi, ilk dəfə üzərində qədəmlərini torpağa basdığı, addım atıb yeridiyi, yeriyib-yüyürdüyü doğma ata ocağını görmək, ata-baba yurduna dönmək onun ən böyük arzusu idi.
Qismətə bax!
Məhərrəm doğulduğu Ardanış kəndindən cəmi 50 kilometr məsafədə yerləşən Kəlbəcər rayonunun Susuzluq kəndində şəhidlik zirvəsinə ucaldı.
Hadisəni xatırlayanda damarlarımız tarım çəkilir, tüklərimiz biz-biz olur. Kəlbəcərdən gələn acı xəbər onu tanıyan və tanımayan hər kəsi sarsıtdı:
Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) və Azərbaycan Televiziyasının (AzTV) işğaldan azad olunmuş ərazilərdə çəkiliş aparan əməkdaşları 2021-ci il iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində minaya düşdü. Çəkiliş qrupunun olduğu nəqliyyat vasitəsinin hərəkət olan yolda tank əleyhinə minaya düşməsi nəticəsində AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov, AzTV-nin operatoru Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak oldular.
Bir əsgər ömrü
Məhərrəm İbrahimov AZƏRTAC-da müxbir kimi əmək fəaliyyətinə başlayanda cəmi 22 yaşı vardı. On yeddi il - 2004-cü il sentyabrın 1-dən həmin faciəli hadisəyə qədər agentlikdə bir reportyor, bir əsgər ömrü yaşadı. Azərbaycan Ordusunun və hüquq-mühafizə orqanlarının fəaliyyəti, eləcə də ən qaynar nöqtələrdən xəbərlər hazırlanmaq ona həvalə olunmuşdu. O, bu çətin işin öhdəsindən bacarıqla gəlirdi.
Həyatsevər və nikbin, peşəsinə qəlbən bağlı, yüksək vətənpərvərlik hissinə malik Məhərrəm 44 günlük Vətən müharibəsinin ilk günündən cəbhəyanı bölgələrə ezam edilmişdi. Düşmən atəşi nəticəsində dağılmış evlərə, obyektlərə gedir, hadisə yerindən xəbərlər, reportajlar hazırlayıb göndərirdi. O, daim qaynar nöqtələrə üz tutur, hadisələrin mərkəzində olmağa can atırdı. Sorağı Ağdam, Füzuli, Xocavənd, Cəbrayıl, Zəngilan, Qubadlı və işğaldan azad edilmiş digər bölgələrdən gəlirdi. Cəbhə müxbiri kimi üzərinə düşən işi vicdanla, məsuliyyətlə və ürəklə yerinə yetirirdi. Dəfələrlə AZƏRTAC-da ilin ən yaxşı əməkdaşı adına layiq görülmüşdü. Eləcə də "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi", Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən "Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə" medalları ilə təltif olunmuşdu.
Məhərrəm Əlioğlu AZƏRTAC-ın da, İkinci Qarabağ savaşının da ilk şəhid jurnalisti oldu. Həmkarımızın da daxil olduğu çəkiliş qrupunun gördüyü işin mahiyyəti və miqyası o qədər böyük və əhəmiyyətlidir ki, onun dəyərini zaman özü verəcək. İllər keçəcək, düşmən əsarətindən qurtulmuş torpaqlarımız yenidən canlanacaq, quruculuq