İsrailin Akko şəhərində anım tədbiri
Sosial həyat

İsrailin Akko şəhərində anım tədbiri

Fevralın 26-da İsrailin Akko şəhərində fəaliyyət göstərən Azərbaycan yəhudilərinin koordinasiya mərkəzi olan "İsraildə Azərbaycan Evi"nin və Ümumisrail Dağ Yəhudiləri Birliyinin təşkilatçılığı ilə "Xocalıya ədalət!" adlı anım tədbiri keçirilib.

Tədbirdə vaxtilə Azərbaycandan İsrailə köçmüş və hazırda  bu ölkədə yaşayan azərbaycanlı yəhudilərlə bərabər‚ azərbaycanlı olmayan yəhudilər‚ bir neçə təşkilat nümayəndələri və həmçinin media mənsubları da iştirak ediblər. Tədbirə İsrail Müdafiə Nazirliyindən də yüksəkrütbəli şəxslər‚ həmçinin İsrail Mədəniyyət Evlərinin icraçı direktoru Ayala Sivan Ben Yosef‚ Tirat ha Karmel şəhərindən Galina Danilova‚ Migdalaimik şəhərinin sədri Dalya Şamilov‚ Karmiel şəhərinin sədri Nadejda Zülfüqarova‚ tanınmış beynəlxalq jurnalist Xana Rafael və bir çox önəmli simalar da qatılıblar.

Tədbirdə ilk öncə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra iştirakçılara Xocalı soyqırımı haqqında geniş məlumat verilib. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələrinin Xocalıda əliyalın dinc sakinlərə divan tutmasından və Xocalı sakinlərinin amansızcasına qətl edilməsindən danışılıb, erməni vəhşiliyi və erməni cinayətləri diqqətə çatdırılıb. Tədbiri giriş sözü ilə açan "İsraildə Azərbaycan Evi"nin rəhbəri Nexemiya Şirin Mixaeli Xocalıda baş verən barbarlıq və soyqırımı aktından danışaraq bu faciənin dəhşətli terror və hərbi cinayət olduğunu bildirib. Həmçinin əlavə edib ki‚ Xocalı soyqırımını törədən canilər hələ də cəzalandırılmayıb. Xocalıda azərbaycanlıların başına gətirilən amansız qətliamdan və məşəqqətlərdən geniş danışan Nexemiya Şirin Mixaeli qeyd edib ki‚ Xocalıda azərbaycanlılara qarşı törədilmiş qeyri-insani və qorxunc barbarlıq aktı ermənilərin etnik təmizləmə siyasətinin nəticəsidir. O bildirib ki‚ yəhudi xalqı ilə Azərbaycan xalqı dost və qardaş xalqdır.

Tədbirdə daha sonra çıxış edən Ümumisrail Dağ Yəhudiləri Birliyinin sədri Pavel Elizarov  Xocalıda günahsız və əliyalın dinc sakinlərin məruz qaldığı erməni terrorunu və erməni vəhşiliyini şiddətlə pisləyərək Ümumisrail Dağ Yəhudilərinin hər zaman Azərbaycan xalqının yanında olduğunu bildirib. Daha sonra çıxış edən digər qonaqlar - Nofa Galil şəhərinin cəmiyyət sədri Amir Xanox‚ İsrail Müdafiə Nazirliyinin yüksəkrütbəli zabitləri Elişa Xanukayev və Rafael Agaronov və digər şəxslər erməni vəhşiliyini şiddətlə pisləyərək dünyanın soyqırımını tanıması üçün beynəlxalq ictimaiyyətə çağırışlar səsləndiriblər. Tədbirdə  çıxış edənlər yekdilliklə bildiriblər ki‚ beynəlxalq hüquqi təşkilatlar erməni silahlı qüvvələri tərəfindən Xocalıda törədilən hərbi cinayətlərə hüquqi qiymət verməlidir.

Birinci Qarabag müharibəsi zamanı erməni işğalçıları ilə döyüşlərdə itkin düşən və 30 ildir haqqında heç bir məlumat əldə olunmayan yəhudi əsilli Vüqar Mikalovudanın və Azərbaycan Respublikasının yəhudi əsilli Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsi də yad edilib. Həmçinin, Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş Vüqar Mikalavudanın yenidən axtarılması üçün xahişlər səsləndirib.

Tədbirdə  Xocalı soyqırımını əks etdirən fotosərgi və erməni vəhşiliyindən bəhs edən videoçarx da nümayiş etdirilib. Xocalı şəhidlərinin ruhlarına dualar oxunub.

"Respublika".