Müstəqil Azərbaycanın qurucusu olan Heydər Əliyev respublikamızın inkişafında əvəzsiz xidmətlər göstərmişdir. Azərbaycanın iqtisadiyyatının gücləndirilməsinə və ölkədə demokratik proseslərin inkişafına ulu öndər böyük əmək sərf etmişdir. Heydər Əliyevin ölkənin xarici siyasətinin formalaşmasında da böyük rolu olmuş, siyasi və iqtisadi sahədə tərəqqisində mühüm inkişaf planları hazırlamış və uğurla həyata keçirmişdir.
Ümummilli lider uzaqgörən daxili və xarici siyasət yürüdərək ölkənin milli təhlükəsizliyini təmin etmək məqsədilə bir çox addımlar atmışdır. Azərbaycan dilinin idarəçilikdə geniş tətbiqi, fikir, düşüncə sahiblərinin, yaradıcı insanların keçmiş ittifaq miqyasında yubileylərinin keçirilməsi, elmi, ədəbi, mədəni abidələrin planlı şəkildə tədqiqi və nəşri ulu öndərin milli dövlətçiliyimizin ideoloji əsaslarının möhkəmləndirilməsi istiqamətində məqsədyönlü fəaliyyətinin praktik səmərəli nəticələri idi. Ümummilli liderin hakimiyyəti dövründə eyni zamanda, erməni işğalının qarşısının alınması istiqamətində əhəmiyyətli strateji və taktiki gedişlər edildi. Beləliklə, 1994-cü ildə atəşkəsin əldə olunması ilə Ermənistanın işğalçı fəaliyyəti dayandırıldı. Bununla da dövlət quruculuğu prosesinin ardıcıl surətdə davam etdirilməsi, ölkədaxili sabitliyin təmin olunması və möhkəmləndirilməsi baxımından əlverişli siyasi zəmin yaradıldı.
Ulu öndər Heydər Əliyevin humanist siyasəti sayəsində 1995-ci ilin may ayında əfv və amnistiya təsisatları bərpa edildi. Buna paralel olaraq insan hüquqlarının təmin olunması üzərində parlament nəzarətini təşkil etmək üçün İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatı yaradıldı. Bütün bunlar isə ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarının təmini və gücləndirilməsi istiqamətində əhəmiyyətli faktor kimi çıxış etdi. Ulu öndər Heydər Əliyev 22 fevral 1998-ci il tarixdə xüsusi Fərman imzalayaraq Konstitusiyada öz əksini tapmış insan hüquqlarının həyata keçirilməsinin asanlaşdırılmasını hüquqi əsasda təsbit etmiş oldu.
Bu il mayın 8-də Prezident İlham Əliyev tərəfindən əfv sərəncamı imzalandı. Bu addım əsası Heydər Əliyev tərəfindən qoyulan, bu gün də layiqincə davam etdirilən humanizm prinsiplərinə sədaqətin nümunəsidir. Heydər Əliyev hakimiyyətə gəldiyi ilk vaxtlardan etibarən ölkədə ölüm hökmünə moratorium qoyuldu, sonradan isə ümumiyyətlə ölüm hökmü ləğv edildi.
Ulu öndərin xatirəsinə Azərbaycan xalqının ehtiramını ifadə etmək, onun zəngin mənəvi irsini əks etdirmək, azərbaycançılıq fəlsəfəsinin Azərbaycan üçün əhəmiyyətini vurğulamaq, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq məqsədilə 10 may 2004-cü ildə Heydər Əliyev Fondu yaradıldı. Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevadır. Fondun məqsədi Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə, sivil dünya birliyinə inteqrasiyasına, Azərbaycan xalqının maddi rifahının yaxşılaşmasına xidmət edən genişmiqyaslı proqram və layihələrin reallaşmasına kömək etmək, mədəniyyət, elm, təhsil, idman, ekoloji sahələrə aid proqram və layihələr hazırlayıb həyata keçirməkdən ibarətdir. Həmçinin xarici ölkələrin tanınmış elmi-tədqiqat mərkəzləri ilə alimlərin mübadiləsini təşkil etmək, ölkənin yaradıcı və elmi potensialının artırılmasına kömək göstərmək, uşaq müəssisələrinin infrastrukturlarını inkişaf etdirmək, xüsusi qayğıya ehtiyacı olan insanlara yardım etmək, səhiyyə və tibbi təsisatları inkişaf etdirmək və s. Fondun həyata keçirdiyi işlər sırasındadır. Ekologiya sahəsində mühüm tədqiqatların dəstəklənməsi Azərbaycan mədəniyyətinin geniş təbliği, sağlam mənəvi dəyərlərin qorunması uşaqların, yaradıcı gənclərin, incəsənət xadimlərinin sərgilərinin təşkili və bütün bunların fonunda Azərbaycanın beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlərin həyata keçirilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması da Fondun missiyasına daxildir. Cəmiyyətdə bərabər təhsil imkanlarının yaradılması, gənc nəslin elmi biliklərə yiyələnməsi, ümumilikdə təhsil sisteminin inkişaf etdirilməsi məqsədilə Heydər Əliyev Fondu "Uşaq evləri və internat məktəblərinin inkişafı" Proqramını, "Yeniləşən Azərbaycana yeni məktəb" və "Təhsilə dəstək" layihələrini həyata keçirir. 2005-2014-cü illər ərzində "Uşaq evləri və internat məktəblərinin inkişafı" proqramı çərçivəsində respublika üzrə 32 uşaq müəssisəsi əsaslı şəkildə təmir edilib.
"Yeniləşən Azərbaycana yeni məktəb" proqramı