"Azərbaycan Sənaye Korporasiyası" ASC İspaniya şirkəti ilə enerji sahəsi üzrə əməkdaşlığın qurulması imkanlarını müzakirə edib.
“Respublika” xəbər verir ki, ASC-dən bildirilib ki, Azərbaycan Sənaye Korporasiyası ilə İspaniyanın “Dominion Global” şirkəti və onun törəmə müəssisəsi olan “BAS Corporation"un rəhbər heyəti arasında görüş keçirilib. İstehsal sahələrinin qurulması, enerji, telekommunikasiya, infrastruktur layihələrinin icrası sahələri üzrə ixtisaslaşmış “Dominion Global” şirkətinin nümayəndələri təmsil etdikləri qurum haqqında ətraflı məlumat verərək, enerji sahəsi üzrə əməkdaşlığın qurulması imkanlarını vurğulayıblar.
Görüş zamanı diqqətə çatdırılıb ki, korporasiyanın tərkibində fəaliyyət göstərən istehsal sahələrinin, xüsusilə alüminium sənayesində elektrik enerjisinə olan tələbatı nəzərə almaqla bu əməkdaşlığın qurulması gələcəkdə qeyd olunan istehsal sahəsi üzrə enerji təminatının davamlı olması baxımından zəruri addımdır. "Dominion Global"ın törəmə müəssisəsi olan "Bas Corporation" bərpaolunan enerji mənbələrinin istehsalı istiqamətində ixtisaslaşıb və dünyanın 15 ölkəsində ümumi olaraq 1246 MW-dan çox enerji layihələri icra edib. Görüş əməkdaşlıq perspektivlərinin ətraflı müzakirəsi ilə davam edib və sonra sahələr üzrə səfərlər təşkil olunub. Hazırda İspaniya şirkəti tərəfindən nəzərdə tutulan istiqamət üzrə təklifin hazırlanması yönündə işlər aparılır.