Digər xəbərlər

"Qoca qitə" nin utanc mənbəyi

Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnamə erməni lobbisinin satın aldığı, korrupsiyalaşmış qurumun növbəti riyakarlıq nümunəsidir. Belə ki, Avropa Parlamenti Aİ-nin Azərbaycana qarşı sanksiyalarını tələb edən qətnamə qəbul edib. Qətnamə 473 səslə qəbul edilib. Bu tələbə 46 deputat qarşı çıxıb, 16 deputat bitərəf qalıb.

Məsələ ilə bağlı politoloq Tural İsmayılov bildirib ki, Avropa Parlamentinin Azərbaycan əleyhinə qətnamə çıxarmağı bizdə təəccüb doğurmur. Çünki bu qurum başdan ayağa erməni lobbisinin təsiri altında olan, onun çirkli və korrupsiya pullarının yuyulmasında birbaşa iştirak edən, özünün rəhbərliyi ilə qeyri-qanuni əməllərdə adı hallanan, həmçinin daha əvvəl vitse-prezidenti, korrupsiyaya görə həbs edilən bir təşkilatdır. Avropa Parlamentinin məhz bu ikiüzlü yanaşması üzündən onun dünyada elə də ciddi bir çəkisi yoxdur. Ona görə də Avropa Parlamentinin Azərbaycanın öz haqq işinə qarşı qətnamə tətbiq etməsi kağız parçasından başqa bir şey deyil. Təsəvvür edin ki, bir ölkənin öz suveren hüquqlarını, ərazi bütövlüyünü təmin etməyinə belə aqressiv ritorika ilə cavab verilməsi bu təşkilatın nə qədər böyük bir çirkabın içində olduğunu göstərir.

Mən düşünmürəm ki, Avropa Parlamentinin bu qətnaməsini Avropa İttifaqı hansısa bir formada məhz yerinə yetirərək Azərbaycana sanksiya tətbiq edə biləcək. O baxımdan hesab edirəm ki, bütün bu addımlarla Avropa Parlamenti Boqosyanlar ailəsi də daxil olmaqla erməni lobbisi və maqnatlarının əlində bir növ oyuncağa çevrildiyini bir daha ortaya qoymuş olur. Avropa Parlamenti "qoca qitə"nin utanc mənbəyidir. Həmçinin Avropa Parlamentinin dünyada qəbul edilməyən bir siyasi institut olmağı ilə bağlı rəylərdə dünyanın qlobal güclərinin nə qədər haqlı olduğunu növbəti dəfə sübut etmiş olur. Bu baxımdan Avropa Parlamentinin Azərbaycan əleyhinə çıxardığı qətnamələrin siyasi dəyəri yoxdur.

Həmçinin bu qurumun özü artıq nəinki başqa coğrafiyalarda, elə Qərbin özündə də ciddi qarşılanmır. Kifayət qədər bu təşkilata qarşı aqressiv ritorika və münasibət mövcuddur.