Aqrar sahədə əldə olunan təcrübələrini işğaldan azad edilmiş rayonlara uğurlu inteqrasiyası, heyvandarlıq və bitkiçilik sahəsində zəruri infrastrukturun qurulması kimi məsələlər qarşıya qoyulan ən mühüm vəzifələrdəndir. Məlumdur ki, artıq işğaldan azad edilmiş torpaqlarda kənd təsərrüfatı xarici investorlar üçün mühüm bir sahəyə çevrilir. Digər tərəfdən, bu ərazilərdə məhsuldarlığın artması ölkə iqtisadiyyatına ciddi təsir göstərəcək. Azad edilmiş ərazilərimizdə kənd təsərrüfatı ilə yanaşı, emal sənayesinin də genişləndirilməsi nəticəsində ölkəmiz həm də hazır, emal olunmuş kənd təsərrüfatı məhsulları istehsal edə biləcək. Burada emal sənayesi üçün infrastrukturun yaradılacağı sənaye parklarını bir daha xatırlatmaq yerinə düşər ki, bu da kənd təsərrüfatı məhsullarını logistik xərclər olmadan emal etməyə imkan verəcək. Bu çərçivədə bir çox xarici şirkətlər, o cümlədən İsrail, Belarus və Rusiya müəssisələri Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aqroşəhərlər və kənd kommunaları tikməyə hazır olduqlarını bəyan etmişlər.
Əfsuslar olsun ki, xain düşmən işğal altında saxladığı kənd təsərrüfatına yararlı 600 min hektara yaxın torpaq sahəsinin - 231,056 əkin, 352 min hektara yaxın örüş-otlaq və biçənək sahəsini yararsız hala salmış, bu torpaqlarda əkin-biçin işləri aparılmamışdır. Düşünsək ki, keçən zaman ərzində bu ərazilərdən milyon tonlarla taxıl, pambıq, kartof, üzüm, tütün, tərəvəz götürmək mümkün idi, bunun olduqca böyük iqtisadi-aqrar itki olduğunu görərik. Xüsusən də son dövrlərdə dünya bazarında taxılın, süd məhsullarının, bitki yağlarının və digər məhsulların qiyməti xeyli dərəcədə artmışdır. Məhz bu məqamda işğaldan azad edilmiş ərazilərimizdən dünya bazarına bu məhsulları ixrac edərək olduqca yüksək gəlir əldə etmək mümkündür. Misal üçün Füzulidə, Ağdamda taxılçılıq üçün yararlı ərazilər olub. Kəlbəcər, Laçın, Qubadlı heyvandarlıq üçün vacib rayonlardır, çünki çox geniş otlaq sahələrinə malikdir. Digər rayonlarda arıçılığın, balıqçılığın, quşçuluğun inkişafı üçün böyük potensial var. Bu baxımdan, həmin ərazilərdə kənd təsərrüfatı məhsullarının yetişdirilməsi əhalinin ərzaqla təminatı ilə yanaşı, geniş ixracat üçün də əsaslı şərait yaradır.
İşğaldan azad olunmuş ərazilərdə məskunlaşan əhaliyə iri və xırdabuynuzlu heyvanların verilməsi, arıçılıq təsərrüfatlarının yaradılması, rayonlara görə ixtisaslaşmanın yenidən dəqiqləşdirilməsi aqrar sahənin inkişafı istiqamətində atılacaq addımlardır. Həmin ərazilərdə kənd təsərrüfatının inkişafı, ilk növbədə, ölkənin ərzaq təhlükəsizliyinin, məşğulluğun təminatına töhfə verəcək, yeni investisiyaların cəlb edilməsinə imkan yaradacaq. Bu proses qeyri-neft məhsullarının ixracının artmasına səbəb olacaq, əkin dövriyyəsi artacaq, əkin sahələrinin təsərrüfat suyu ilə təmin olunmasını yaxşılaşdıracaq.
İşğaldan azad olunmuş ərazilərin inkişafında beynəlxalq təcrübənin tətbiqi də əhəmiyyətlidir. BMT-nin FAO (Ərzaq və Kənd Təsərrüfatı) təşkilatının İraq və Əfqanıstanda müharibədən sonrakı dövrdə aqrar sahədə irihəcmli layihələr həyata keçirmək təcrübəsi var. Kənd təsərrüfatı sahəsində deqradasiya olunmuş torpaqların bərpası və su ehtiyatlarından daha səmərəli istifadə, kiçik fermer təsərrüfatlarının davamlı məhsuldarlığının təmin edilməsi kimi layihələrdən əldə edilmiş təcrübələrin ölkəmizdə də istifadəsi mümkündür.
Sözügedən ərazilərdə heyvandarlıq potensialı da olduqca yüksəkdir. Dövlətin dəstəyi ilə damazlıq heyvan cinslərinin artırılması üçün təsərrüfatların yaradılması, qoyunçuluğun inkişafı üçün cins heyvanların ayrılması, arıçılığın inkişaf etdirilməsi, otlaq sahələrinə uyğun xırdabuynuzlu kooperativ və təsərrüfatların təşkili kimi tədbirlər də həyata keçirilir.
Ümumiyyətlə, pandemiyanın yaratdığı məhdudiyyətlərə baxmayaraq, son illərdə də kənd təsərrüfatı üzrə inkişaf dinamikası artmışdır. Bununla yanaşı, işğaldan azad edilən ərazilərin aqrar potensialı hesabına növbəti illərdə bu sahənin əkin balansı təqribən 10 faiz artırılacaq.
Aqrar sahənin təkmilləşdirilməsi üçün texniki avadanlıqlar olduqca vacibdir. Kənd təsərrüfatı texnikalarının alınması, əkin işləri üçün hazırda pambıqçılıqda tətbiq olunan "Müqaviləli istehsal" modelinin tətbiqi kimi tədbirlər dövlətimiz tərəfindən təkanverici addımlardır.
"