Azərbaycan Respublikası hər zaman regionda sülh və sabitliyi dəstəkləyən, həmçinin İranda (Cənubi Azərbaycanda) yaşayan 40 milyona yaxın soydaşımızın hüquq və azadlıqlarının təmin olunması məsələsini ikitərəfli münasibətlərdə diqqət mərkəzində saxlayan və qonşuluq münasibətlərinə kifayət qədər önəm verən tərəf olaraq daima İrana münasibətdə mülayim və təmkinli mövqe nümayiş etdirməyə üstünlük vermişdir. Təəssüflər olsun ki, Azərbaycanın bütün xoşniyyət addımlarına və mehriban qonşuluq siyasətinə cavab olaraq, İran İslam Respublikası (əslində İslam həmrəyliyi və ya müsəlman təəssübkeşliyi ilə heç bir əlaqəsi olmayan “molla rejimi” demək daha doğru olar!) istər Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı danışıqlar prosesi dövründə, istər Qarabağ məsələsində, istərsə də ikitərəfli və çoxtərəfli münasibətlərin əsasını təşkil edən bütün istiqamətlər üzrə daima qərəzli mövqe nümayiş etdirməklə qarşılıq vermişdir. Hətta Ermənistanla müttəfiqlik münasibətlərini prioritet olaraq qəbul edən “molla rejimi” 30 ilə yaxın davam edən işğal dövründə nəinki bir dəfə də olsun Azərbaycanın tarixi və mədəni abidələrinin dağıdılmasına etiraz etməyib, əksinə Ermənistana hərbi və iqtisadi yardımlar edərək bilavasitə işğalı və işğalçını dəstəkləməkdən çəkinmədiyini də nümayiş etdirib. Bununla da kifayətlənməyən İran ölkədaxili sabitliyi və dövlət təhlükəsizliyini hədəf alaraq davamlı şəkildə Azərbaycan daxilindəki radikal dini qruplaşmaları maliyyələşdirir. Təbii ki, bütün bu təxribat xarakterli addımların qarşısı Dövlət Təhlükəsizlik Xidməti tərəfindən vaxtında və operativ şəkildə alınır. 2022-ci ilin noyabr ayında keçirilən son əməliyyat tədbirləri nəticəsində İran xüsusi xidmət orqanlarına çalışan 19 (on doqquz) Azərbaycan Respublikası vətəndaşının müəyyən edilərək həbs olunması faktı buna bariz nümunədir.
Xüsusilə, Qarabağ zəfərinin yaratdığı yeni geosiyasi reallıqlar fonunda Azərbaycan Respublikasının regional münasibətlərdə əsas güc mərkəzlərindən və nüfuzlu aktorlardan birinə çevrilməsi faktını qəbul etməməkdə israr etdikcə İranın uzun illərdir davam edən məkrli Azərbaycan siyasətinin əsl mahiyyəti və görünməyən tərəfləri də daha çox üzə çıxmağa başlayıb. İran iddia edir ki, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi və davamında Zəngəzur dəhlizinin açılması onun müttəfiqi olan Ermənistanın suverenliyi üçün “təhdid”dir və ona görə də, heç bir halda yeni reallıqlarla barışmayacaq. Birincisi, nəinki Azərbaycan, eyni zamanda Ermənistanın digər müttəfiqi olan Rusiya da üçtərəfli Bəyanatı imzalamaqla Zəngəzur dəhlizinin heç bir halda hər hansı dövlətin suverenliyinə təhdid olmayacağına dair təminat vermişdir. İkincisi, Zəngəzur dəhlizinin açılmasını dəstəkləyən digər güc mərkəzləri də bilavasitə marşrut üzrə yerləşən bütün ölkələrin, eləcə də Ermənistanın suverenliyinə təhdid olmamasında maraqlıdır. Üçüncüsü, dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə bu qədər dəyər verən İran ortaq tarixi keçmişə, mədəni dəyərlərə və dini inanca sahib olduğu Azərbaycanın ərazisi 30 ilə yaxın işğal altında olduğu zaman niyə susurdu?! Niyə o zaman işğal altında olan Azərbaycan torpaqları ilə sərhəddə hərbi təlimlər keçirərək “güc göstərisi” etmirdi?! Kimi nə ilə qorxutduğunu zənn edir?! 44 günlük Vətən müharibəsi dövründə sıldırım qayalardan qalxaraq Şuşanı azad edən Azərbaycan ordusunu qorxudacağına ümid edir, yoxsa Ali Baş Komandanının ətrafında tək yumruq olan Azərbaycan xalqını?! Ona görə də, İranın sərhəddə keçirdiyi hərbi təlimlər Azərbaycan üçün heç bir təhlükə ehtiva etməməklə yanaşı, İranın hərbi potensialının real vəziyyəti haqqında ümumi təsəvvür yaratmaq üçün yetərli oldu.
Digər tərəfdən isə bu hərbi təlimlərlə paralel olaraq İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) 2022-ci ilin oktyabr ayının sonunda Ermənistana 600 (altı yüz) ədəd İran istehsalı olan raket kompleksi göndərib. Eyni zamanda, Qarabağda sülhməramlıların müvəqqəti nəzarət etdiyi bölgələrdə olan erməni separatçılarına və terror qruplaşmalarının üzvlərinə İranın mütəmadi olaraq təlimlər keçməsi faktı da məlumdur. Bütün bu qərəzli münasibətin və düşmənçilik siyasətinin fonunda İran Azərbaycan-İsrail strateji tərəfdaşlığını və İsraildə diplomatik nümayəndəliyimizin açılması qərarını öz milli təhlükəsizliyi üçün təhdid olaraq qəbul edir. Heç şübhəsiz ki, Türkiyənin Cənubi Qafqazda əsas söz sahibi dövlətlərdən birinə çevrilməsi də İranın aqressiv siyasi kursuna təsir edən başlıca faktorlardan biridir.
Ümumilikdə isə İranın bütün əsassız iddialarının və aqressiv çıxışlarının pərdəarxası əsas maraqlarına nəzər yetirdikdə, İranın güclü Azərbaycan qorxusu və onun düşmənlərini dəstəkləmək taktikasının Azərbaycanın milli təhlükəsizliyi üçün nə qədər böyük təhdidlər ehtiva etdiyini də aydın şəkildə müşahidə etmək mümkündür. Ona görə də, istənilən təhdidlərə cavab olaraq Azərbaycan Respublikası öz strateji tərəfdaşları ilə müttəfiqlik əlaqələrini daima gücləndirir. Eyni zamanda, son üç ay ərzində İranla sərhəddə biri Türkiyə silahlı qüvvələri ilə ortaq olmaqla iki böyük hərbi təlimin keçirilməsi və bu təlimlərdə Türkiyənin müdafiə naziri Hulusi Akarın da iştirak etməsi kifayət qədər önəmli mesaj xarakteri daşıyır. Cənab Prezident İlham Əliyev 25 noyabr 2022-ci il tarixində keçirilmiş beynəlxalq konfransdakı çıxışı zamanı bu məqamı xüsusilə vurğulayaraq qeyd etmişdir ki, “biz hər zaman istənilən anti-Azərbaycan bəyanatına və hərəkətinə cavab vermişik və verəcəyik. Bu səbəbdən biz İran ilə sərhəddə hərbi təlimlər keçirməli olduq ki, onlardan qorxmadığımızı nümayiş etdirək. Biz həyat tərzimizin, Azərbaycanın dünyəvi inkişaf vektorunun və azərbaycanlıların, o cümlədən İranda yaşayan azərbaycanlıların müdafiəsi üçün əlimizdən gələni edəcəyik. Onlar xalqımızın bir hissəsidir”.
Beləliklə də, Azərbaycanın varlığını özü üçün təhdid olaraq qəbul edən İran-fars rejimi anti-Azərbaycan çıxışlarını və heç bir tarixi-hüquqi əsası olmayan qərəzli mövqeyini davam etdirdiyi halda, yalnız Azərbaycanla deyil, öz daxilindəki mütləq çoxluğu təmsil edən Azərbaycan türklərindən başlayaraq bütövlükdə geniş coğrafiyanı əhatə edən Türk dünyası ilə toqquşmanın qaçılmaz olduğunu da dərk etməlidir. Əks halda, Cənubi Qafqazda sülh-sabitliyin təmin olunması üçün daha kəskin addımların atılması Azərbaycan üçün labüd xarakter ala bilər.
Aytən QURBANOVA,
Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər kafedrasının müəllimi,
politoloq.