Müstəqilliyimizin bərpasından sonra İranın xəbis niyyətini hər zaman hiss etmişik. Bu çərçivədə Ermənistandan heç nə ilə fərqlənməyən İran anti-Azərbaycan siyasətinin təbliğatçılarının başında gəlir. İstər İranın ayrı-ayrı siyasilərinin, istərsə də dini təşkilatlarının təmsilçilərinin fikirlərində Azərbaycana qarşı hədə-qorxu motivi açıq-aydın görünür.
Güney Azərbaycana və Azərbaycan Respublikasına qarşı törətdiyi çoxsaylı cinayət əməlləri, Xameneinin başçılıq etdiyi rejimin tutduğu mövqe onun çirkin planlarının mahiyyətini göstərir. Onun nümayəndəsi Əliəkbər Ocaqnijatın Azərbaycan Respublikasında 5-ci kolon yaratmaq cəhdi və İranın aşkar edilən casus şəbəkəsi Tehran rejiminin cinayətkar üzünü ifşa edir. Bu çirkin əməllərin davamı və əhatə dairəsi getdikcə böyüyür. Bu çərçivədə Milli Məclisin deputatı Fazil Mustafaya qarşı terror hücumunun arxasında hansı ölkənin dayandığı sualının cavabı isə artıq şübhə doğurmur.
Səfirliyimizə və Milli Məclisin üzvünə terror hücumu ilə diplomatların və ictimai şəxslərin zərər çəkməsi Azərbaycana bir növ çirkin mesajdır. Molla rejiminin hədəfi olan Fazil Mustafanın yaralanması, İranmeyilli istifadəçilərin sosial şəbəkələrdə terror hücumunu sevinclə qarşılaması da bunu təsdiq edir.
Azərbaycanda İranın maliyyələşdirdiyi terror qruplaşmalarının və xidmət orqanlarının terror aktları törətməsi sirr deyil. Yaxın keçmişə nəzər salsaq, görərik ki, ictimai nüfuzlu şəxslərin qətli məhz xüsusi təyinat vasitəsilə həyata keçirilmişdir. Akademik Ziya Bünyadovun və jurnalist Rafiq Tağının da məhz İranın xain planlarına qurban getməsi bu fikirləri təsdiq edir. Bundan əlavə, kütləvi qırğınlar törətməyə cəhd edən molla rejiminin terror təhlükəsi ilə bağlı 2012-ci ildə Bakıda keçirilmiş "Avroviziya" mahnı müsabiqəsi ərəfəsində yayılan məlumatlar da unudulmamalıdır.
Azərbaycan Respublikasının vətəndaşlarına, səfirliyinə qarşı törədilən terror aktları ilə bağlı İranın ali rəhbəri ayətullah Xameneinin indiyədək fikir bildirməməsi də məhz bu kimi aktların davamlı olacağından xəbər verirdi. Xamenei azərbaycanlı kimi təqdim edilsə də, əslində, bu amil fars şovinistləri tərəfindən Güney azərbaycanlıları sakitləşdirmək üçün uydurulan bir arqumentdir. İran hakimiyyətinin Türkiyədə İsrailin iş adamlarına qarşı terror cəhdləri də onun pozuculuq fəaliyyətinə dair örnəklərdəndir. Bununla yanaşı, İranın terrorçuluq xislətindən Yaxın Şərq, Yunanıstan və Kipr kimi bölgələr də əziyyət çəkir. Tehran rejiminin Tbilisidə İsrail-Gürcüstan Biznes Palatasının prezidenti, iş adamı İtzik Moşenin həyatına qarşı da terror aktı planlaşdırması yaxın günlərdə ifşa edildi. İsrail mətbuatının məlumatına görə, sui-qəsd əvvəllər Gürcüstanda Qüds qüvvələri üçün çalışmış Məhəmməd Rza Ebadi Ərəblu adlı İran vətəndaşı tərəfindən sifariş edilib. Həmin qətlin İran İnqilab Keşikçiləri Qvardiyasının Qüds qoşunu tərəfindən təşkil olunduğu bildirilmişdi.
İran açıq şəkildə Azərbaycanın İsraillə münasibətlər qurmasına qarşı çıxır və İsraildə səfirliyimizin açılması məsələsi gündəmə gələndən təcavüzkarlığını daha da artırıb. Mahiyyəti terror olan İran rejimi də İsraildə səfirliyimizin açılmasından iki gün öncə, Azərbaycanda ictimai xadimə qarşı terror hücumu ilə Bakını qərarından geri döndərməyə çalışdı. Lakin müstəqil və milli maraqlarına uyğun siyasət yürüdən Azərbaycan İsraildə səfirliyin açılması qərarından geri dönmədi. Bu kontekstdə terror hücumundan bir gün öncə - 27 mart tarixində Dövlət Təhlükəsizlik Xidmətinin həbs etdiyi İran casuslarının etiraflarını əks etdirən videosüjeti xatırlamalıyıq. Saxlanılan şəxslər bildirir ki, onlara tanınmış dövlət və ictimai xadimlərə qarşı sui-qəsd tapşırığı verilib. Hədəfdə olan şəxsin ölməsi, yaxud sağ qalması əsas deyilmiş, əsas məqsəd bununla mesajın verilməsi olub. Fazil Mustafaya qarşı törədilən terror aktı da hədəfin ölməsi, yaxud sağ qalmasından asılı olmayaraq, mesajın verilməsi idi. Bununla yanaşı, deputata onun səsləndirdiyi fikirlərə görə sui-qəsdin törədildiyi, guya, hansısa radikal dindarın əsəbiləşib silaha əl atdığı görüntüsü süni pərdələnmədən başqa bir şey deyil. Burada əsas məqsəd ictimaiyyətin nəzərini əsas məsələdən yayındırmaqdır. Belə ki, bu mesaj həm də anti-İran çıxışları