Cənubi Qafqazın lider dövləti, eyni zamanda Avropa qitəsinin enerji təhlükəsizliyi məsələsində strateji tərəfdaşı olan Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonra regionda yaratdığı reallıqlar bir çox ölkələr kimi, İranı da qıcıqlandırdı. Hər zaman ölkəmizə olan ikili münasibətini 44 günlük müharibədən sonra açıq şəkildə nümayiş etdirən İslam respublikası Azərbaycanın qatı düşməni olan Ermənistanla münasibətlərini daha da doğmalaşdıraraq ölkəmizin əleyhinə birgə siyasət həyata keçirməyə başladı.
Müharibədən əvvəlki 30 ildə Azərbaycanı dəstəklədiyini bildirsə də, əslində İran əməldə bunun əksini edir, bir tərəfdən Ermənistanı silahlandırır, digər tərəfdən də işğalçı ölkə ilə işbirliyi quraraq Azərbaycanın təbii sərvətlərini talan edirdi. Azərbaycan ərazi bütovlüyünü təmin etdikdən sonra isə torpaqlarımızı işğal altında saxlayan, zəbt etdiyi ərazilərdə xalqımızın mədəni irsini məhv edən, onun müqəddəs yerlərində heyvan saxlayan ermənilərə qardaş deyən cənub qonşumuz hətta Ermənistanın sərhədini özünün qırmızı xətti elan etdi. Ölkəmizlə sərhədində hərbi təlimlər keçirdi, Azərbaycan-İran hava sərhədində İran təyyarəsi göründü. Bütün bunların fonunda Qafanda konsulluq açmaqla xristian qardaşı ilə müttəfiq olduğunu nümayiş etdirdi. İkinci Qarabağ müharibəsinin bitməsindən ötən qısa müddət ərzində İranın həyata keçirdiyi anti-Azərbaycan siyasətinin ən bariz nümunəsi isə Tehrandakı Azərbaycan səfirliyinə silahlı basqın və ölkənin buna verdiyi reaksiya oldu.
Terror yuvası olan, din pərdəsi altında minlərlə cinayət hadisəsi, təxribat törədən terrorçu İran alçaq niyyətini bir daha həyata keçirməyə müvəffəq oldu. Belə ki, yanvar ayının 27-də səhər saatlarında İranın xüsusi xidmət orqanı SEPAH-la əlaqəli olan İran vətəndaşı Yasin Hüseynzadə Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum edərək səfirliyin təhlükəsizlik xidmətinin rəisini öldürmüş, daha iki əməkdaşını isə yaralamışdır. Ölkəmizin Tehrandakı diplomatik nümayəndəliyinə edilən hücuma ilk rəsmi bəyanat verən ölkə hər zaman Azərbaycanın siyasətini dəstəkləyən Türkiyə oldu. Bir çox dövlətlər də İranda Azərbaycan nümayəndəliyinə edilən silahlı basqını pislədi, bunu Azərbaycan dövlətinə qarşı təxribat, terror aktı kimi qiymətləndirdi. İran tərəfi hadisənin ailə-məişət zəminində baş verdiyini uydursa da, bu terror aktı İranın açıq-aydın anti-Azərbaycan təbliğatının və fəaliyyətinin nəticəsi idi.
Azərbaycanın dünya dövlətləri ilə xüsusilə təhlükəsizlik sahəsində əməkdaşlıq və iqtisadi tərəfdaşlıq baxımından daha sıx əlaqələr qurması Qərb dövlətlərinin əksəriyyətilə gərgin münasibətdə olan İranı narahat edir. Azərbaycanın ABŞ və İsraillə strateji tərəfdaşlığını, xüsusilə müdafiə sahəsində əməkdaşlığını İran regional təhlükə kimi qəbul edir və bunun qarşısını almaq üçün ciddi səy göstərir. Cənub qonşumuz iddia edir ki, guya İsrailin Azərbaycanda hərbi bazaları var və bu bazalar İran üçün ciddi təhdidlər yaradır. Lakin Azərbaycanın müstəqil, uzaqgörən xarici siyasət yürütdüyü və heç bir ölkənin daxili işlərinə qarışmadığı bütün dünyaya məlumdur. Bu kontekstdə Azərbaycan dəfələrlə heç bir dövlətə onun ərazisindən İrana qarşı istifadə edilməsinə imkan verməyəcəyini açıq şəkildə bildirsə də, ikiüzlü İran Azərbaycanın bu açıqlamalarını qəbul etməyib. O ki qaldı hər hansı bir dövlətlə hüquq normaları çərçivəsində əlaqələr qurmaq, əməkdaşlıq etmək bu, hər bir dövlətin daxili məsələsidir. Azərbaycan heç bir dövlətin həyata keçirdiyi siyasətə müdaxilə etmədiyi kimi, özünə qarşı da bu münasibətə yol vermir. Buna görə də İran anti-Azərbaycan siyasəti yürütməklə ölkəmizin maraqlarını və nüfuzunu sarsıtmaq üçün müxtəlif yollara əl atır. Elə cənub qonşumuzun ölkəmizdə "Kərimə dövləti" qurmaq niyyəti də bu "ali" məqsədə xidmət edirdi. Belə ki, molla rejimi Azərbaycandakı dindarların, o cümlədən özünün göndərdiyi qüvvələrin vasitəsilə dünyəvi Azərbaycanın dövlət quruluşunu dəyişib, iranyönlü şəriət dövləti qurmağa cəhd etdi. Düşünülmüş siyasət yürüdən Azərbaycan ölkəmizin Konstitusiya quruluşuna zidd olan əmələ qarşı sərt tədbirlər gördü, din pərdəsi altında təxribat və pozuculuq əməllərini, xarici xüsusi xidmət orqanlarının