Fevralın 17-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyində Azərbaycan Respublikası Prezidentinin 2022-ci il iyulun 22-də "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın və 2022-ci il 16 noyabr tarixli "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncamlarından Nazirlər Kabinetinə həvalə olunan tapşırıqların icrası, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyət planının əsas istiqamətləri və nəticələri, təşkilati-struktur məsələləri geniş müzakirə olunub.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının təqdimatı dinlənilib.
İclasın yekununda "Strategiyada və Böyük Qayıdışa dair I Dövlət Proqramında" nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqi və qiymətləndirilməsi ilə bağlı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə müvafiq tapşırıqlar verilib.