Tarix boyu bir çox xalqların maddi-mədəni irsini yer üzündən silən Fransanın Ermənistana qarşı "qoruyucu" yanaşması olduqca gülüncdür. Soyqırımları və dəhşətli cinayətlər kimi tarixi oxşarlıqları olan bu iki dövlətin bir-birinə isti münasibəti başadüşüləndir. Lakin məsələ regionun təhlükəsizliyi və əmin-amanlığın qorunmasından gedirsə, Fransanın bu məsələdəki mövqeyi vəd edilən sülhü gətirməyəcək.
Ermənistan kimi forpost ölkədən bu cür istifadə edərək regionda destabillik yaratmağa çalışan Fransa getdikcə havadarlıq missiyasını daha da genişləndirir. Artıq gün olmur ki, hansısa Fransa rəsmisi sərsəm ifadələrlə çıxış etməsin, militar mövqe ortaya qoymasın. Fransanın mədəniyyət naziri Rima Əbdül Mələyin Ermənistana səfəri zamanı Qarabağ bölgəsindəki tarixi və mədəni abidələrin təhlükə altına düşməsi ilə bağlı iddialar qaldırması və onları qorumaq üçün müxtəlif mexanizmlərin yaradılmasına çağırış etməsi qərəzin maddi-mədəni irs sahəsinə sıçradığını göstərir. Qarabağda erməni mədəni irsini peyk vasitəsilə çəkdiyini və məlumat bazasının yaradıldığını bildirən nazir yalan məlumatlarla ictimaiyyəti aldadır. Belə ki, Fransa rəsmilərinin suveren dövlətin razılığı olmadan belə yaramaz və irqçi əməllərlə məşğul olmaları cinayət hesab olunur. Bununla yanaşı, Fransanın mədəniyyət nazirinin erməni lobbisinin sözçüsü kimi fəaliyyət göstərən fransız parlamentari, Fransa Milli Assambleyasındakı Fransa-Ermənistan dostluq qrupunun sədri Ann-Lorans Petel ilə eyni təyyarədə Ermənistana səfəri lobbiçilərin iç üzünü büruzə verir. Nazirin lobbiçilərin buyruğu ilə fəaliyyəti Fransanın regiondakı "sülh" təşəbbüsünün bir daha saxta olduğunu göstərir.
Fransalı nazir UNESCO-nun timsalında digər beynəlxalq təşkilatların bu məsələ ətrafında araşdırma aparmalı olduğunu qeyd edərək bir növ anti-Azərbaycan dairələrini yeni plan ətrafında birləşdirməyə çalışır. Lakin BMT missiyasının yaxın zamanda regiona iki səfəri Fransa və Ermənistanın dedikləri ilə üst-üstə düşmür. Bu səbəbdən, revanşist addımların kəsəri artır və bir çox qərəzli qurumlar bu plana daxil edilir.
Dünyanın müxtəlif regionlarında separatizmi açıq şəkildə dəstəkləyən Fransa öz dəniz hüdudlarından kənar ərazilərə nəinki müstəqillik və muxtariyyət, hətta milli azlıqların mədəni hüquqlarını da ən məhdud formada həyata keçirməyə imkan verməmişdir. Belə olduğu halda, Azərbaycanı əsassız iddialarla ittiham edən Fransanın riyakarlığı siyasi möhtəkirlik nümunəsidir. Qeyd etmək lazımdır ki, tarixən Fransa korsikalıları fransız dilində danışmağa məcbur edərək onların dialektlərinin rəsmi istifadəsini qadağan edib. Korsikada ana dilindən istifadə hüququnu ləğv etməklə Fransa tərəfi olduğu beynəlxalq sənədlərin tələblərini qətiyyətlə pozmuşdur. Bu sənədlər arasında 1789-cu il Böyük Fransız İnqilabının ən mühüm sənədi olan, fərdi insan hüquqlarını müəyyən edən insan və vətəndaş hüquqları bəyannaməsindəki müddəalar da yenə özləri tərəfindən təhrif edilmişdir. Məhz bu səbəbdən, göndəriləcək hər hansı bir missiyanın ilk ünvanı Azərbaycan yox, məhz Korsika olmalıdır. Avropanın gözü qarşısında baş verən hadisələrə laqeydliyin fonunda, Ermənistana bu cür "nəvaziş"lə yanaşılması isə bir sıra kirli və çirkin maraqları özündə ehtiva edir.
Fransada baş verənlər bütün Avropa dəyərlərinin pozulması deməkdir. Korsikalıların öz dillərində danışmaq hüququ var. Fransa hökuməti bu məsələni qoyub indi də maddi-mədəni irsin qorunması məsələsi ilə fikir yayındırmağa çalışır. Afrika, Cənub-Şərqi Asiya, Sakit okean, Latın Amerikasında onlarla ölkəni işğal edən, sərvətlərini talayan, xalqlarını uzun illər əsarətdə saxlayan Fransa həmin ərazilərdə hərbi və bəşəriyyət əleyhinə çoxsaylı cinayətlər törətməklə etnik və dini mənsubiyyətinə görə 100 minlərlə dinc sakini soyqırıma məruz qoymuşdur. Bununla yanaşı, XX əsrdə məhz Fransa tərəfindən Əlcəzairdə 17 nüvə sınağı keçirilmişdir. Həmin nüvə sınaqlarının ağır fəsadları Poloneziya və Əlcəzair xalqları tərəfindən bu gün də yaşanmaqdadır. Bir çox təşkilatın etdiyi çağırışlara uyğun olaraq nüvə sınaqlarının vurduğu ziyan qiymətləndirilməli və Fransa tərəfindən müvafiq təzminat ödənilməlidir.
Fransız ordusunun törətdiyi qətliamların miqyası və coğrafiyası o qədər genişdir ki, sadalamaqla bitirmək çətindir: Mərakeş, Tunis, Mali, Cibuti, Nigeriya, Çad, Seneqal, Vyetnam, Qəmər adaları, Haiti və digər ölkələr bu gün də bu işğalın ağır fəsadlarını hiss edir. Təkcə 1990-1994-cü il adlı sənəddə Ruandada Tutsi qəbiləsinin 800 mindən çox üzvünün qətlə yetirilməsində Fransanın rolu olduğu verilən hesabatlarda qeyd edilmişdir.
"Cümhuriyyətçilər, artıq Vandeya deyilən yer yoxdur, uşaqları, qadınları ilə qılıncımızın altında həlak olublar. Mənə verdiyiniz əmrə uyğun olaraq uşaqları atlarımızın ayaqları altında əzdik, qadınları qırdıq ki, yeni üsyançılar dünyaya gəlməsin, yolları meyitlərlə örtdük, dəstə-dəstə gələn kəndliləri daim güllələyirdik. İnqilabın qəddar olduğunu göstərmək üçün heç bir əsir götürmədik". Fransız generalı Frans Xosep Vestermanın 1793-cü ilin oktyabrında Parisə göndərdiyi hesabatda, açıq-aydın ona tapşırılan vəzifəni müvəffəqiyyətlə yerinə yetirməkdən qürur duyaraq məruzə etdiyi görünür. Fransa parlamenti 1794-cü ildə, Vandeya bölgəsində yaşayan əhalinin bütünlüklə qətlə yetirilməsi üçün General Lazare Hocheyə tam səlahiyyət verən bir qanun qəbul etmişdir. Məhz Vandeya qətliamını bu qanun çərçivəsində rəsmiləşdirilmiş, dünyaya müharibə kimi sırımağa çalışmışdırlar. Bu yolla Fransa iddia edir ki, burada ikitərəfli döyüş nəticəsində bu qırğınlar qeydə alınmışdır. Təbii ki, digər saxta soyqırımları iddiaları kimi, bu da Fransanın növbəti yalanıdır.
Birinci Dünya müharibəsi illərində işğal etdiyi indiki Türkiyə ərazisi olan Qaziantepdə, Maraşda, Şanlıurfada, Adanada Fransanın törətdiyi hərbi cinayətlər, Əlcəzairdə qətlə yetirdiyi milyonlarla müsəlman və digər bəşəri cinayətlərin şəcərəsi olduqca böyükdür. Bu qanlı faciələrə görə isə Fransa hələ də cavab vermək niyyətində deyil. Amma bunların əksinə, Fransa utanmadan öz parlamentində qondarma erməni soyqırımını tanıyan qanunlar qəbul edir. Bu azmış kimi, antiterror tədbirlərindən sonra öz istəkləri ilə ərazini tərk edən ermənilərə qarşı Azərbaycanın soyqırımı törətdiyini bildirirlər. Riyakarlıq Fransanın artıq dövlət siyasətinin əsasına çevrilib. Xatırladaq ki, Fransa əlcəzairli idarəçilərin törədilən soyqırımı üçün sadəcə üzr istənilməsi tələbinə: "bu işi tarixçilərin ixtiyarına buraxaq" deyən rəsmi Paris nədənsə eyni yanaşmanı saxta soyqırımı iddialarına qarşı göstərmir. Bununla yanaşı, Prezident İlham Əliyev Fransanın öz müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə və soyqırımı aktlarına görə Qoşulmama Hərəkatına üzv olan Afrika, Cənub-Şərqi Asiya ölkələrindən və digər ölkələrdən üzr istəməli olduğunu da diqqətə çatdırıb.
Bir neçə il əvvəl parlamentdə qondarma erməni soyqırımı ilə bağlı səsvermə zamanı bu ikili standarta qarşı səsini ucaldan bir çox fransız ziyalısı ilə yanaşı, deputat Mişel Difenbaher qeyd etmişdir ki, saxta erməni soyqırımını tanıyırsınızsa, bundan sonra "Türkiyə Vandeya qırğınını soyqırımı kimi tanısa, nə deyərsiniz?", - deyə parlamentin digər üzvlərinə sual ünvanlanmışdı. Böyük səssizlikdən sonra onun haqlı iradını ört-basdır etməyə çalışanlar əslində Fransanın indiki xislətini bariz şəkildə göstərirlər. Sual olunur: Bəs 1 milyondan çox soydaşımızın didərgin düşməsini nəyə görə etnik təmizləmə olaraq dəyərləndirmirsiniz? Xocalı soyqırımını nəyə görə tanımırsınız? Bunu da "tarixçilərin ixtiyarına" buraxmısınız?
Bütün bunlara baxmayaraq, Azərbaycan hərbi və diplomatik sferada qələbə qazanaraq öz qüdrətini Fransa kimilərə dəfələrlə sübut edib. Onların böhtanlarının fonunda Azərbaycan dövləti 30 illik həsrəti bitirmiş, haqq-ədaləti bərpa etmişdir. Bunun nəticəsidir ki, bu gün Xankəndi və ətraf ərazilərdə Azərbaycan bayrağı dalğalanır.
Nurlan ABDALOV,
"Respublika".