Yüksək əqidə - örnək həkim amalı
Dünyada hər bir məslək bəlli bir dəyər daşıyır. Hippokratın təbirincə desək, söz ağrıları dindirən ilahi bir sənətdən, həkimlikdən düşübsə, bu məslək xüsusilə incəlik, mədəniyyət, duyğusallıq, dərinlik, insan sevgisi tələb edir.
Yüksək əqidəli, insani dəyərlərə malik həkim xəstəyə mənəvi güc verir, həyat eşqi aşılayır. O, həyatın dəyişkənliyini, ölümün qaçılmazlığını hamıdan yaxşı bilir, ancaq bu ağrını xəstəsindən almaq, bu sonluğu gecikdirmək üçün gecə-gündüz çalışır. Azərbaycanın səhiyyə tarixinə adı qızıl hərflərlə yazılmış görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanı bu vəsilə ilə yad edirik.
Atasının - görkəmli dövlət və elm xadimi, pedaqoq-alim, professor Əziz Əliyevin yolunu davam etdirmək istəyi Zərifə xanıma nəsib olmuş və bu arzu ilə o, həkimlik məsləyini, oftalmologiya sahəsini seçmişdir. Azərbaycan tibb elmində öz dəst-xətti olan yenilikçi alim Zərifə xanım Əliyeva oftalmologiya sahəsinin inkişafında müstəsna xidmətlər göstərmiş, həkim-oftalmoloqların böyük bir nəslini yetişdirməklə özündən sonra dəyərli məktəb qoymuşdur.
Həkim cəmiyyətdə əxlaq etalonudur...
Zərifə xanımın vaxtilə söylədiyi və hər zaman öz aktuallığını qoruyan bu hikmətdən yola çıxaraq böyük alimin həkim və xəstə münasibətlərinin həssas məqamları, həkimin müayinə və müalicə prosesində aparıcı rolu, tibb işçilərinin yalnız yüksək peşəkarlıq deyil, həm də əqidəsinin vacibliyini göstərən, həkimin əxlaq məsələləri haqqında qələmə aldığı "Yüksək əqidə" kitabından bəhs edəcəyik.
Ciddi elmi əhəmiyyətə malik olan bu qiymətli monoqrafiya haqqında akademik Adilə Namazova yazırdı: "Zərifə xanımın əvəzolunmaz əsərlərinin içərisindən birini - "Yüksək əqidə" adlı kitabını xüsusi dəyərləndirirəm. Bu kitab məndə böyük təəssürat yaratdı. Onu Azərbaycan dilinə tərcümə etdim ki, insanlarımız faydalansınlar. SSRİ məkanında keçən əsrin ortalarında ilk dəfə idi ki, belə bir əsər çap olunmuşdu. Bu fəlsəfi mənalı kitab təbabət ilə fəlsəfə arasında möhtəşəm bir körpü salmışdı. Zərifə xanım hamının diqqətini insan, həkim və tibb işçisinin mənəviyyatına yönəltmişdir".
Akademik Zərifə Əliyevanın 2003-cü ildə rus dilindən dilimizə tərcümə edilən "Yüksək əqidə" monoqrafiyası orijinallığı, mövzu əhatəliliyi, tibbi-fəlsəfi məzmunu, praktiki əhəmiyyəti nöqteyi-nəzərdən son dərəcə dəyərli və aktual əsərlərdəndir. Kitabda Zərifə xanım gənc həkimlərə və tibb işçilərinə verdiyi etik norma və prinsiplərə aid tövsiyələri, həkim-xəstə münasibətlərində həssaslıq, səmimiyyət, ən gərgin anlarda bəslənən ümid, qətiyyət hissini maraqlı nümunələrlə publisistik üslubda təqdim edir.
Müəllif əsərində yazır: "Təbabət gələcəyə yönəlib və onunla yaşayır, irəliləyir. Yeniliklər, ixtiralar, həssas elektron cihazlar təbabətdə uğurla tətbiq edilir... Lakin müalicə və diaqnostikanın texniki təminatı nə qədər mükəmməlləşsə də, həmişə olduğu kimi, insan sağlamlığı keşiyində duran canlı həkim əsas yeri tutur. Təbabət gündən-günə inkişaf edir, o dəyişməyə, yeniləşməyə bilməz, yeganə dəyişməyən həkimin qarşısında duran yüksək mənəvi etik, peşəkarlıq tələbləridir".
Xəstəsini dinləyən, onun diaqnozunu qoymaq istəyən bir həkimi düşünün. Analiz etməli, fikrindəki imkanları dəyərləndirməli, tibbi bilgilərə baş vurmalı, sorğular aparmalıdır. Bir sözlə, onun işi çox çətin yox, çox-çox çətindir. Bu məqamda, hər şeydən əvvəl həkimin şəxsi mədəniyyəti, əxlaqı, alicənablığı, səbri, əqidəsi önə çıxır. Zərifə xanımın həkimlərə başlıca tövsiyəsinin əsasında da məhz bu amil dayanırdı. Bir həkimin mənəvi dəyərləri ilə əqli biliklərini harmoniyada görmək. O, həkimin daxili aləmində sevgi, qətiyyət və həqiqət kimi müsbət xüsusiyyətlərin bəşəriyyətin gələcəyi üçün hava və su qədər həyati əhəmiyyətli olduğunu izah edirdi.
Zərifə xanım