Bakı Konqres Mərkəzində "PAŞA Holdinq"in təşkilatçılığı və "Trendyol Group"un dəstəyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəzdində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) tərəfdaşlığı ilə keçirilən "InMerge İnnovasiya Sammiti"nin birinci günü yekunlaşıb.
AZƏRTAC xəbər verir ki, İnnovasiya Sammiti Bakıda korporativ innovasiyalar üzrə həvəsi olan innovatorları, aparıcı texnologiya şirkətlərini və liderləri, startapları, eləcə də investorları bir araya gətirib. Layihənin məqsədi innovasiya texnologiyaları sahəsindəki yenilikləri bölüşmək, əlaqələr yaratmaq və sahənin ölkəmizdəki inkişafına təkan verməkdir.
Açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib ki, Azərbaycan unikal mədəni tarixini qorumaqla innovasiyaların mənimsənilməsi istiqamətində öz səylərini göstərir. Ölkəmiz texnoloji parkların formalaşdırılması, əlverişli biznesin yaradılması sahəsində bütün sektorlarda innovasiyaların tətbiqinə nail olub, həmçinin BMT-nin "2030 Dayanıqlı İnkişaf Məqsədləri" üçün kompleks tədbirlər nəzərdə tutulur. Milli prioritetlərdən biri də təmiz mühit və yaşıl artım ölkəsinin yaradılmasıdır. Hər bir xalqın rifahı üçün təhsilin mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, Azərbaycan hökuməti tərəfindən gənclərin dünyanın ali təhsil müəssisələrində təhsil alması üçün əlverişli mühit yaradılıb. Gənclərin İKT sahəsində bacarıqlarının inkişafı üçün təqaüdlər verilir.
Sonra rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Azərbaycanda innovasiya ekosisteminin yaradılması istiqamətində həyata keçirilən layihələr barədə məlumat verib. Nazir dayanıqlı innovasiya ekosisteminin formalaşması üçün sağlam infrastruktur, istedad və investisiyaların cəlbi, eləcə də rəqabətli bazarın vacibliyini qeyd edib. Bu baxımdan sammitin ekosistemin inkişafına verəcəyi töhfələrdən danışıb.
Rəşad Nəbiyev, həmçinin ölkəmizin İKT məhsullarının ixracı üzrə haba çevrilməsi məqsədilə innovasiyalar sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.
İqtisadiyyat nazirinin müavini Elnur Əliyev çıxışında qeyd edib ki, sahibkarlığın inkişafı iş yerlərinin açılması sərmayə qoyulmasının asanlaşdırılması üçün imkanlar yaradır. O bildirib ki, növbəti on il ərzində bu sahəyə böyük sərmayə qoyuluşu planlaşdırılır: "Bu, bazarda innovasiyalara daha geniş imkan yaradacaq, ÜDM-ə öz təsirini göstərəcək. Əsas foksumuz yeni bizneslərin yaradılması olacaq. Biz rəqəmsal savadlılığın artırılmasına nail olacağıq, əməkdaşlıqlarımız əsasən rəqəmsal ticarətin yaradılması istiqamətindədir. Süni intellektin imkanlarından istifadə edərək investisiya qoyuluşunu daha effektiv istifadə etməyə çalışacağıq".
Türkiyənin "Trendyol Group" şirkətinin direktoru Erdem İnan deyib ki, bu il "InMerge İnnovasiya Sammiti"nin innovasiyanın gələcəyə doğru növbəti addımı olacağına inanır: "Hamımız bilirik ki, innovasiya yenilik və rahatlıq gətirir. Bu il biz "Trendyol" olaraq Azərbaycanda "PAŞA Holdinq" ilə əməkdaşlığa başlamışıq. Bizim Azərbaycanda "PAŞA Holdinq" ilə 6 aylıq əməkdaşlığımız nəticəsində 1,3 milyondan çox istifadəçimiz var. Biz bu rəqəmi daha da böyütməyi planlaşdırırıq.
"PAŞA Holdinq" şirkətinin baş icraçı direktoru Cəlal Qasımov qeyd edib ki, uğurlu şirkətlərin inkişafı üçün onların daxilində innovasiyalar dəstəklənməlidir. O bildirib ki, bu il regiona 15-dən çox investor cəlb edilib.
İki gün davam edəcək sammitdə müxtəlif dövlət qurumları və özəl şirkətlər vörkşoplar, panel sessiyaları və stendlə təmsil olunur.