İnformasiya azadlığına fransız dözümsüzlüyü
Siyasət

İnformasiya azadlığına fransız dözümsüzlüyü

Son zamanlar Parisi bürüyən iğtişaşlar, sosial tələblər, diskriminasiya elementləri Fransa ictimaiyyətində narahatlıq yaradır. İctimai asayişi zor gücünə qoruyan rəsmi Paris isə problemlər məngənəsindən qurtulmağa çalışır.

Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Fransa Qəmər adalarının Mayot adası üzərində suverenliyinə, həmçinin Yeni Kaledoniya xalqının, o cümlədən özünün digər dənizaşırı icma və ərazilərində yaşayan xalqların hüquqlarına hörmət etməlidir.

Yeni Kaledoniyanın paytaxtı Numeada ölkənin müstəqilliyini və suverenliyini tələb edən siyasi partiyalar tərəfindən təşkil edilən etiraz yürüşündə Kaledoniya və Kanak xalqı son günlər Fransa dövlətinin bəzi rəsmilərinin ölkələrinə gəlişini onlara qarşı təzyiq kimi dəyərləndirirlər. Xüsusilə silahlı qüvvələr naziri S.Lekörnünün gəlişi yerli insanları daha çox narahat edib.

Onlar Fransanın Yeni Kaledoniyanı hərbiləşdirməsinə qarşı çıxırlar. Xalq Makron hökumətinin onları 1988-ci ildə Kaledoniya ilə bağlı müəyyən edilmiş trayektoriyadan yayındırmaq cəhdlərinə və onun tam suverenliyinə nail olmasına qarşı həyata keçirdiyi müxtəlif manevrlərə etiraz edirlər. Bildirirlər ki, etiraz nümayişinin məqsədi Fransa dövlətinin ölkəyə yaratdığı risklər barədə Kaledoniya əhalisini xəbərdar etmək və məlumatlandırmaqdır.

Yeni Kaledoniya xalqının zülmdən qurtulmaq, azadlığına qovuşmaq uğrundakı mücadiləsini işıqlandırmaq üçün ora səfər etmiş AZƏRTAC-ın əməkdaşı da özünün peşə borcunu yerinə yetirmək istəyirdi. AZƏRTAC-ın Yeni Kaledoniyaya ezam olunmuş əməkdaşı Aygün Həsənovanın vizası olduğu halda həmin ölkəyə girişinə qadağa qoyulub. Bu azmış kimi, jurnalist bir sutka polis bölməsində saxlanılaraq "arzuolunmaz şəxs" kimi ölkədən çıxarılıb. AZƏRTAC jurnalistin Yeni Kaledoniyadan əsassız deportasiyası ilə bağlı açıqlama da yayıb. Açıqlamada bildirilir ki, məhz Bakıdan gəldiyi üçün jurnalistin ölkəyə girişinə icazə verilməyib. Çünki rəsmi Paris Yeni Kaledoniya və Fransanın digər koloniyalarında getdikcə güclənən azadlıq və müstəqillik uğrunda mübarizə barədə həqiqətlərin yayılmasını hər vasitə ilə məhdudlaşdırmağa çalışır. Jurnalistimizin məhz dekabrın 5-də keçirilməli olan mitinq ərəfəsində Yeni Kaledoniyaya daxil olmasına qadağa qoyulması da məhz bu amillə bağlıdır. AZƏRTAC-ın əməkdaşının polis nəzarəti altında saxlanılması və təyyarəyə minənədək müşahidə altında olması da bu tapşırığın birbaşa Fransa dövləti tərəfindən verilməsinə dəlalət edir.

Bu, müstəmləkəçilik siyasətindən əl çəkməyən Fransanın məkrli niyyətinin daha bir təzahürüdür. Polisdən bildirilib ki, Yeni Kaledoniyaya giriş üçün xüsusi viza tələb olunur. Lakin Yeni Kaledoniya hökumətinin nümayəndəsi Şengen vizası ilə ölkəyə daxil olmağın mümkünlüyünü bildirmişdi. Yeni Kaledoniyanın "AirCalin" aviaşirkəti AZƏRTAC-ın əməkdaşına Sinqapurdan bu ölkəyə uçuşuna icazə verərək təyyarəyə minməsinə mane olmamışdı. Qaydalara görə, hər bir sərnişinin təyinat ölkəsinə getməmişdən əvvəl vizası yoxlanılır və sonra təyyarəyə buraxılır. Lakin sərhəddə polis başqa bəhanə ilə bunun qanunsuz olduğunu bildirərək fərqli "arqumentlər" gətirib. Hətta AZƏRTAC-ın əməkdaşını həbs olunacağı ilə hədələyərək ölkədən çıxmasını tələb edib. Bununla kifayətlənməyən Yeni Kaledoniya polisi deportasiya edilərək tranzit ölkə kimi Sinqapura göndərilən əməkdaşımıza "arzuolunmaz şəxs" damğası vuraraq həmin ölkənin hava limanına məktub göndərib və onun nəzarət altında saxlanılmasını tələb edib. Lakin Sinqapur dövlətinin rəsmiləri bunu əsassız sayaraq əməkdaşımızı nəzarət altında saxlamaqdan imtina ediblər.

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin bəyanatında isə bildirilir ki, AZƏRTAC-ın Yeni Kaledoniyaya ezam edilmiş əməkdaşı Aygün Həsənovanın bu ölkənin rəsmi dairələri tərəfindən jurnalist kimi peşəkar fəaliyyətini yerinə yetirməsinə qanuni əsas göstərmədən maneçilik törədilməsini və polis bölməsində saxlanılaraq "arzuolunmaz şəxs" qismində ölkədən çıxarılmasını jurnalistin informasiya əldə etmək hüququnun məhdudlaşdırılması kimi qiymətləndirir və qınayır. Qeyd olunub ki, jurnalistin məhz Azərbaycandan gəldiyini əsas götürərək peşəkar fəaliyyətinə müdaxilə edilməsi və polis nəzarəti altında saxlanılaraq təyyarəyə minənədək müşahidə altında olması hadisənin siyasi sifariş olduğunu deməyə əsas verir. Bu, Fransada müxtəlif tədbirləri işıqlandıran jurnalistlərin, o cümlədən Azərbaycan media təmsilçilərinin peşəkar fəaliyyətinə maneçilik törədilməsinə, onların informasiya əldə etmək hüququnun kobud, qeyri-qanuni üsullarla qarşısının alınmasına yönəlmiş növbəti addımdır. Baş vermiş hadisə bir daha təsdiqləyir ki, özünü dünya demokratiyasının beşiyi sayan Fransa ali dəyər və priniplərə qətiyyən, məhəl qoymur. Yeni Kaledoniya polisinin hərəkəti qəbuledilməz və yolverilməzdir. AZƏRTAC-ın əməkdaşının saxlanılması, həbslə hədələnməsi, "arzuolunmaz şəxs" kimi təyyarəyə mindirilərək, digər ölkəyə yola salınması jurnalistin sərbəst fəaliyyətinin qarşısının qeyri-qanuni yolla alınmasıdır. Belə yanaşma yalnız diktatura rejiminə xas ölkələr üçün xarakterikdir. Düşünməyə əsas var ki, ümumən prezident Emmanuel Makronun administrasiyası Yeni Kaledoniyada, belə demək mümkünsə, avtoritarizm ocağı qurmaqdadır. Bu isə Fransa üçün son dərəcə utancverici hadisədir.

M.MUSTAFAYEV,

"Respublika".