Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sivasda çıxışı zamanı Türkiyə Dəmir İpək Yolu xəttinin Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə birləşdiriləcəyini və enerji lahiyələrində Azərbaycanla uğurlu əməkdaşlığın davam edəcəyini bildirib:
"Bu gün sürətli qatardan Sivas xalqı yararlanır, bundan Ərzincan və Tokatdan olan sakinlərimiz də faydalanacaqlar. Yəni bu xətti Ərzincan, Ərzurum və Qarsa qədər uzadacağıq. İnşallah, oradan da Bakı-Tbilisi-Qars dəmiryolu xəttinə birləşdirəcəyik. Biz Dəmir İpək Yolu kimi ifadə edilən bu xətlə regionumuzda dünya miqyasında əhəmiyyət kəsb edən strateji nəfəs borusu açacağıq. Bütün bunları CHP sədri kimi Azərbaycanı sıradan çıxarmaqla yox, azərbaycanlı qardaşlarımızla çiyin-çiyinə edəcəyik. Necə ki, Qarabağı birlikdə azad etdik, Türkiyəni şərqlə qərb arasında enerji mərkəzi etdik. Biz də azərbaycanlı qardaşlarımızla nəqliyyat infrastrukturumuzu inkişaf etdirəcəyik".
Ölkəmiz bütün platformalarda həyata keçirilən qlobal iqtisadi layihələrin reallaşmasında Türkiyənin yaxından iştirakını hər zaman dəstəkləyir. Dünya bazarında nəqliyyat-kommunikasiya əlaqələrinin yaradılması sahəsində mühüm əhəmiyyət kəsb edən "Avropa-Qafqaz-Asiya Transqafqaz" nəqliyyat dəhlizi (TRASEKA) proqramının dəstəyi və 1998- ci il sentyabrın 7-8-də 32 dövlətin və 13 beynəlxalq təşkilatın iştirakı ilə tarixi "Böyük İpək Yolu"nun bərpasına dair Bakıda keçirilmiş beynəlxalq konfrans Azərbaycanla Türkiyə arasında strateji tərəfdaşlığın genişlənməsinə şərait yaratmışdır ki, bu da Türkiyə Prezidentinin bəhs etdiyi məqamların başlanğıc nöqtəsi hesab edilir.
Ardınca 1999-cu il noyabrın 18-də ATƏT-in İstanbulda keçirilmiş Zirvə toplantısı çərçivəsində "Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə Azərbaycan, Gürcüstan, Türkiyə ərazilərindən xam neftin nəql edilməsinə dair saziş"in Azərbaycan, Gürcüstan, Türkiyə və ABŞ prezidentləri tərəfindən imzalanması region ölkələrinin strateji əməkdaşlığı və Avropa ilə əlaqələrin qurulması istiqamətində atılan ilk addımlar idi. Bununla yanaşı, İstanbul Bəyannaməsi Azərbaycan dövlətinin, xüsusilə ümummilli lider Heydər Əliyevin yeni neft strategiyasının uğurla reallaşdırılmasını, eləcə də Türkiyə dövləti ilə dostluğun və əməkdaşlığın daimi olmasını təsdiq edən çox əhəmiyyətli sənəd idi. Xəzər dənizindəki enerji resurslarının dünya bazarlarına ixracı sahəsində Azərbaycan ilə Türkiyə arasında davamlı əməkdaşlığın genişləndirilməsi hər iki dövlətin regionda siyasi-iqtisadi və strateji maraqlarının təmin edilməsinə xidmət edir.
Azərbaycanın xarici ölkələrdəki investisiya həcminə görə Türkiyənin 1-ci yerdə olması, o cümlədən ölkəmizdə qeyri-neft-qaz sektoruna ən çox Türkiyənin investisiya yatırması Azərbaycan və Türkiyəni vahid güc mərkəzinə çevirir. "Şahdəniz-2", TANAP və TAP kimi Azərbaycan üçün əvəzolunmaz layihələr gələcəkdə də milli maraqlarımızı, iqtisadi və siyasi əhatə dairəmizi daha da genişləndirəcək. Təsadüfi deyil ki, ölkəmiz artıq qaz nəql etdiyi ölkələrin sayını 6-dan 10-a yüksəldəcək. Qeyd etmək lazımdır ki, sözügedən layihələrin reallaşması birbaşa Azərbaycanın təkidi ilə mümkün olmuşdur. Beynəlxalq əməkdaşlıq məsələlərində olduğu kimi, bu layihələrdə də ölkəmizin liderliyi özünü göstərir. Bu çərçivədə qardaş Türkiyənin Azərbaycana dəstəyi beynəlxalq məkanda iki ölkə arasındakı müttəfiqlik əlaqələrinin təsdiqidir.
Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, eləcə də Bakı-Tbilisi-Qars dəmiryol xətti bu iki türk dövlətinin strateji münasibətlərinin təzahürüdür. Bu layihələr birbaşa Türkiyə və Azərbaycanın qlobal məkana inteqrasiyanı təmin edir. Miqyasına görə geniş əhatə dairəsi olan TANAP layihəsi isə Azərbaycanla Türkiyənin sosial-iqtisadi sahələrdə inkşafına birbaşa təsir edir. Bütün bu layihələrin gerçəkləşməsində Azərbaycanın bölgədə apardığı müstəqil siyasət və cənab İlham Əliyevin siyasi iradəsi mühüm rol oynayır.
Qardaşlıq münasibətlərinin təzahürü kimi işğaldan azad olunmuş ərazilərdə quruculuq işlərinin həyata keçirilməsində Türkiyə şirkətlərinin fəallıq göstərməsi də xüsusi vurğulanmalıdır.
Azərbaycan və Türkiyə qədər biri-birinə yaxın