Eldəniz Ağayar oğlu Həsənov 1961-ci il iyul ayının 25-də Sabirabad rayonunun Talış kəndində anadan olub. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun tikinti məmulatları və konstruksiyalarının istehsalı fakültəsini bitirib. Respublikanın müxtəlif idarə və müəssisələrində fəhlə, mühəndis, digər işlərdə çalışıb. 1996-2003-cü illərdə Abşeron Regional Su Cəmiyyətinin İstehsalat-İstismar İdarəsinə rəis müavini vəzifəsinə təyin olunub. 2003-cü ildən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Kür Su Təchizatı İdarəsində rəis işləyir.
Kür Su Təchizatı İdarəsi Azərbaycanın böyük bir ərazisini - Qaradağ, Hacıqabul, Salyan, Neftçala, Biləsuvar, Sabirabad, Saatlı rayonlarını, Şirvan şəhərini içməli su ilə təmin edir. Kür çayında suyun səviyyəsinin gözlənilmədən aşağı düşməsi sutəmizləyici kompleksdə böyük problemlər yaratsa da, Kür Su Təchizatı İdarəsinin fədakar kollektivi adıçəkilən rayonlarda əhalini fasiləsiz olaraq içməli su ilə təmin etməkdədir.
60 illik yubileyi ərəfəsində respublikanın Əməkdar mühəndisi, “Tərəqqi” medallı İdarə rəisi ilə görüşüb ondan Aran yerində havaların isti keçdiyi bu günlərdə içməli suya olan tələbatın ödənilməsi vəziyyəti barədə danışmağı xahiş etdik. Eldəniz Həsənov dedi:
- Kür Su Təmizləyici Qurğular Kompleksi ulu öndər Heydər Əliyevin Azərbaycanın su sektorunda şah əsəri sayılır. 1969-cu il iyulun 14-də dahi liderin Azərbaycanda siyasi hakimiyyətə gəlişi tarixin dönüş nöqtəsidir. Bütün sahələrdə, o cümlədən əhalinin su təchizatında əsl inqilabi dəyişikliklər baş verdi. Bakı şəhərinin və Abşeronun su təchizatının əsaslı şəkildə yaxşılaşdırılmasına nail olundu. Tarixdən bizə bəllidir ki, Bakı və Sumqayıt şəhəri, Abşeron ərazisindəki yaşayış məntəqələri “Şollar”, İkinci Su kəmərləri və Ceyranbatan sutəmizləyici qurğuları hesabına içməli su ilə təmin olunurdu. Adıçəkilən ərazilərdə sənaye müəssisələrinin sürətlə artımı nəticəsində su təminatında çətinliklər yaranırdı. Belə bir vaxtda Kür suyunun paytaxta gətirilməsi zərurəti ortaya çıxdı.
SSRİ Nazirlər Sovetinin qərarı ilə Kür Su Kəmərinin birinci növbəsinin inşasına 1968-ci ildə başlanır. Lakin işlər olduqca ləng gedirdi. 1969-cu ildə respublika rəhbərliyinə gəlmiş dahi Heydər Əliyev Kür Su Kəmərinin tikintisini şəxsən nəzarətə götürdükdən sonra işlər sürətlənir. Hətta layihənin qısa müddətdə başa çatdırılması məqsədilə respublikanın əsas tikinti təşkilatları “Ümumxalq tikintisi”nə cəlb olunurlar. Layihənin birinci növbəsi çərçivəsində 1970-1971-ci illərdə 2 magistral su kəməri tikilib istifadəyə verilir. Kür Su Kəməri Kompleksinin birinci növbəsinin tam istifadəyə verilməsi Abşerona saniyədə 3,5 kubmetr içməli suyun nəqlinə imkan yaradır. Ötən əsrin 80-ci illərində Kür su kəmərləri sisteminin ikinci növbəsi çərçivəsində mərhələlərlə Bakıya daha 3 magistral su kəməri çəkilir.
1998-2005-ci illərdə Kür Su Təmizləyici Qurğular Kompleksində yenidənqurma işləri aparılıb. Layihəyə uyğun olaraq radial, üfüqi durulducular, süzgəclər, xrolator və reagent təsərrüfatı, qaldırıcı nasos stansiyaları yenidən qurulub. Nəticədə kompleksin emal gücü saniyədə 9,5 kuba çatdırılıb, suyun keyfiyyəti standartlara uyğunlaşdırılıb.
Suyun təmizlənməsi prosesi maraqlıdır. Bu barədə də ətraflı danışmaq olar. Lakin ölkənin su təchizatının yaxşılaşdırılmasında həyata keçirilən mükəmməl tədbirlər daha çox diqqəti cəlb edir. Oğuz-Qəbələ-Bakı Su Kəməri, Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi istifadəyə veriləndən sonra Abşeronda içməli suyun həcmi xeyli artdı. Bu isə Bakıya verilən suyun bir hissəsinin ölkənin Muğan və Aran bölgələrinə axıdılmasına şərait yaratdı. Bu məqsədlə 107 kilometr uzunluğunda Şirvan-Muğan, 62 kilometr uzunluğunda Sabirabad-Saatlı magistral su kəmərləri