Laçın dövlət sərhəddində anlaşmazlıq davam edir. Ermənistanın saxta beynəlxalq rəy formalaşdırması, erməni lobbisinin bu xüsusdakı fəallığı narahatlıq doğurur. Onlar hələ də, yükdaşımalar üçün Ağdam-Xankəndi yolundan istifadə etmək niyyətində deyillər.
Məsələ ilə bağlı "Respublika"ya danışan politoloq Tural İsmayılov bildirib ki, Ermənistan hal hazırda real sülhlə bağlı əlində olan imkanlardan istifadə etmək yerinə, Azərbaycanla prosesdə manipulyasiyalar edir:
"Ermənistanın bu mövqeyi bütövlükdə regiona böyük bir gərginlik ab-havası bəxş etməklə yanaşı, bu gün Ermənistanın Ağdam-Xankəndi yolundan istifadə etmək məsələsini bloklaması və israrlı şəkildə Laçın yolu ətrafında təxribatlar törətməyi, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı üzərinə götürdüyü öhdəliklərdə də nə qədər qeyri-səmimi olduğunu növbəti dəfə sübut edir. O baxımdan mən hesab edirəm ki, Ermənistanın bütün təxribatlarına və provokasiyalarına rəğmən, Ağdam-Xankəndi yolundan başqa heç bir yoldan istifadə etmək mümkün deyil. Çünki, Azərbaycan suveren ölkə kimi, öz ərazilərində hansısa başqa alternativ yollardan istifadəni bloklayır və bu gün Azərbaycanın ərazilərinə yükdaşıma ilə bağlı Ermənistan və onun havadarlarının irəli sürdüyü siyasi dələduzluğa qarşı ortaya qoyduğu bir siyasi müqavimət forması var. Ona görə də bu gün Ermənistan lobbisi və Ermənistanın Ağdam-Xankəndi yolundan israrla imtina etməsi və Laçın yolunda fokuslanmağın heç bir siyasi əhəmiyyəti yoxdur. Azərbaycan həm qalib, həm də regional gücdən qlobal gücə çevrilən əsas geopolitik güc kimi şərtləri diktə edən tərəfdir və bizim diktə etdiyimiz şərtlər xaricində hansısa alternativ məsələlər və təkliflər ölkəmiz tərəfindən əsla qəbul edilən deyil" - deyə politoloq vurğulayıb.
Tacir SADIQOV,
"Respublika".