Yaşlı neftçilərin yaxşı yadındadır ki, Heydər Əliyev Azərbaycana 1969-cu ildə birinci dəfə rəhbərlik etməyə başlayanda respublika iqtisadiyyatının bütün sahələrində, o cümlədən neft və qaz sənayesində vəziyyət ürəkaçan deyildi. Respublika irəliləmək, inkişaf etmək əvəzinə geri gedirdi. Bu gerilik özünü neft və qaz sənayesində qabarıq şəkildə göstərirdi. İşi belə qoymaq olmazdı. Çünki respublikanın iqtisadi və sosial inkişafı neft sənayesindəki vəziyyətlə bağlı idi və ulu öndərimiz bunu gözəl bilirdi.
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1970-ci ilin dekabrında keçirilmiş plenumu yaxşı yadımdadır. Bu, ulu öndərimiz Heydər Əliyevin MK-nın birinci katibi seçilməsindən sonra keçirilən ilk plenum idi. Heydər Əliyev plenumdakı məruzəsində respublikanın neft sənayesinin işini dərindən təhlil etdi. Geriliyin, yaranmış gərgin vəziyyətin səbəblərini göstərdi, gələcəkdə görüləcək işlərin proqramını verdi. O vaxtdan da neft və qaz sənayesində illərlə yığılıb qalmış problemlərin həllinə başlandı.
Təsəvvür edin ki, o vaxta qədər Xəzərdə istifadə olunan texnika bizə yalnız o sahələrdə işləməyə imkan verirdi ki, orada dənizin dərinliyi 40 metrdən çox deyildi. Həmin sahələrdə isə neft-qaz yataqlarının demək olar ki, hamısı aşkar edilmişdi.
Dənizdə neft və qaz hasilatının artırılması daha böyük dərinliklərdəki yataqlarla bağlı idi. Ulu öndər Heydər Əliyevin təşəbbüsü və səyi nəticəsində 70-80-ci illərdə Azərbaycana 75 növdə 400-dən çox gəmi - ağır yükqaldıran kran gəmiləri, borudüzən gəmilər, seysmik, sərnişin və s. gəmilər gətirildi. Xəzərdə 2500 ton gücündə "Azərbaycan" kran gəmisi işə başladı. İlk vaxtlarda dənizin dərinliyi 70 metr olan sahələrdə geoloji-kəşfiyyat işləri üçün "Xəzər" tipli özüqalxan, sonralar isə dənizin dərinliyi 200 metr olan sahələrdə işləməyə imkan verən "Şelf" tipli yarımdalma üzən qazma qurğuları alındı. Beləliklə də dənizin dərin sahələrində zəngin neft və qaz yataqlarının kəşf olunmasına imkan yarandı. Nəticədə 8 Mart, Ələt-dəniz, Bulla dəniz, Qərbi Abşeron və s. kimi yeni neft və qaz yataqları kəşf edildi. Respublikanın neft ehtiyatları iki, qaz ehtiyatları isə üç dəfə artırıldı. 1975-ci ildə neftin və qazın ümumi hasilatı şərti yanacaqla 27,1 milyon tona çatdırıldı. 80-ci illərdə neftçilərin sərəncamında artıq 11 üzən qazma qurğusu var idi. Həmin qurğulardan istifadə edilməsi nəticəsində dənizin dərinliyi 80-350 metr olan sahədə indi Azərbaycanda hasil edilən neftin əsas hissəsini verən zəngin neft yataqları - Günəşli, Çıraq, Azəri kəşf olundu.
Bu dövrdə dünyada analoqu olmayan Dərin Dəniz Özülləri zavodunun Bakıda tikilməsi üçün Sovet rəhbərliyinin 450 milyon ABŞ dolları ayırması və Həştərxanda tikilməsi nəzərdə tutulmuş zavodun Azərbaycanda inşa olunması da Heydər Əliyevin iradəsi və cəsarətinin nəticəsi idi. Beləliklə də Heydər Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycanın neft sənayesi respublika iqtisadiyyatında özünün layiqli yerini tutdu, beynəlxalq nüfuzunu bərpa etdi.
1970-ci ildə "Xəzərdənizneft" İstehsalat Birliyi yaradıldı. SSRİ Neft Sənayesi Nazirliyi Azərbaycan neftçilərinin dəniz şəraitində iş təcrübəsini nəzərə alaraq, İranla sərhəddən Xəzərin şimalına kimi, dənizin bütün sektorlarında geoloji-kəşfiyyat, qazma, işlənmə, istismar və digər işlərin aparılmasını Azərbaycan neftçilərinə həvalə etdi. Azərbaycan neftçiləri Xəzərin bütün sektorlarında 1991-ci ilədək işlədilər.
Dünya təcrübəsinə əsaslanaraq Xəzəri sektorlara böldülər. Xəzəryanı dövlətlərin hərəsinin öz sektorları oldu. Bu bölgü Xəzərin ümumi sahəsinin 21.2%-i Azərbaycan, 30.7%-i Qazaxıstan, 18.4%-i Türkmənistan, 17.4%-i Rusiya, 12.3%-i İrana düşdü. 22 il ərzində geofiziki işlər nəticəsində Xəzər dənizində 350-dən artıq geoloji struktur aşkar olundu. Azərbaycan geofizikləri Xəzərin Türkmənistan sektorunda 70 min km-dən çox seysmik profillər işləmiş, 32 struktur aşkar etmiş, 16 strukturu dərin axtarış qazmasına hazırlamışlar