Əsrlər boyu bəşəri cinayətlərin müəllifləri olmuş qlobal oyunçular dövrümüzün "ədalət qoruyucuları" qismində çıxış edirlər. Buna paralel olaraq çoxüzlü yanaşmalar fonunda hegemonluqlarını hər məcrada sərgiləyən güc dairələri geosiyasi natarazlıqla, münaqişə ocaqları ilə, etnik, dini və milli zəmindəki iğtişaşlarla, bir sözlə, xaosla “qidalanırlar”. Əminliklə qeyd edə bilərik ki, "zəlilər klanı" qlobal proseslərdə destruktivliyə xidmət edir. Bununla yanaşı, Afrika, Asiya və Yaxın Şərqdə baş verən qanlı hadisələrin baş rol ifaçıları öz ölkələrində də etnik, irqi, dini və mədəni seqreqasiyalar törədirlər. Bu prosesdə xüsusi fəallıq göstərən ABŞ və Fransanın qaranlıq tarixlərinə nəzər salsaq görərik ki, bu ölkələrin dövlət siyasəti səviyyəsində həyata keçirdikləri çirkin əməllər müxtəlif formalarda günümüzdə özünü göstərir.
Məsələn, rasizmi ABŞ tarixinin qaranlıq səhifəsi adlandıra bilərik. Müstəqilliklərini elan etdikdən sonra hələ də ölkədə geniş şəkildə kolonial dövrdən qalan qul əməyindən geniş istifadə olunurdu. Bunun təzahürüdür ki, əhalinin əsas hissəsini təşkil edən ağdərililər (soyqırımlarından sonra) digər etnik qruplara yuxarıdan aşağı baxırdılar. Yalnız 1865-ci ildə Avraam Linkolnun təşəbbüsü ilə ABŞ Konstitusiyasına 13-cü düzəliş edildi və beləliklə köləlik ləğv olundu. Bununla da, milyonlarla afroamerikalı azadlıq əldə etdi. Ancaq bununla rasizm bitmədi. İrqi seqreqasiya etnik və digər zəmində demək olar ki, bütün ictimai qollarda daha geniş vüsət aldı. Ötən əsrin 50-ci illərində ABŞ-ın hər hansı bir şəhərində insanların gündəlik həyatına nəzər salsaq, bu prosesi aydın müşahidə edə bilərik. Belə ki, dövrün yeni qaydalarına əsasən ağ və qaradərili uşaqlar eyni sinifdə və ya eyni məktəbdə oxuya bilməzdilər. Qaradərililər yalnız onlar üçün müəyyən olunmuş otellərdə qala, restoran və kafelərdə istirahət edirdilər. Bununla yanaşı, afroamerikalı hərbçilər ağdərililərlə eyni bir hərbi hissədə xidmət edə bilməzdilər.
İrqi ayrı-seçkiliyin ən kəskin olduğu yerlərdən biri isə ictimai nəqliyyat idi. 1936-1966-cı illərdə "yaşıl kitab" adlandırılan və qaradərili avtomobil istifadəçiləri üçün yolboyu bələdçi rolunu oynayan illik kitabçalar dərc olunurdu. "Yaşıl kitab" afroamerikalı poçt işçisi və yazıçı Viktor Qrin tərəfindən düşünülmüşdü və məqsəd afroamerikalı sürücü və sərnişinləri yol boyu onları gözləyən təzyiq və təhlükələrdən qorumaq idi. Avtobuslarda da ayrı-seçkilik özünü açıq şəkildə göstərirdi. Belə ki, ictimai nəqliyyatda ağdərili və qaradərililərin yerləri ayrılmışdı. Albama ştatının Montqomeri şəhərində afroamerikanlar avtobuslarda ağdərililər üçün nəzərdə tutulmuş ilk dörd sırada oturacaqlar boş olduqda belə əyləşə bilməzdilər. Qaydanı pozanlar cərimələnir və həbs olunurdular. Bu kimi təşəbbüslər aradan qaldırılsa da, Qərb bloku və ABŞ-ın mövqeyi bu gün də özünü qoruyur. Ölkə hüdudlarından kənara çıxaraq beynəlxalq zəmində törədikləri cinayətlər bunu deməyə əsas verir.
Tarixi soyqırımları, ekosid, urbisid və müxtəlif cinayət əməlləri ilə zəngin ölkələrindən biri də Fransadır. Yelisey sarayının beynəlxalq hüquqa zidd davranışları XXI əsrdə də davam edir. Antisemitizm, islamofobiyanın tüğyan etdiyi Fransada dini seqreqasiya dövlət səviyyəsində həyata keçirilir. Belə ki, Fransa İctimai Fikir İnstitutunun ölkədəki müsəlmanlarla bağlı sorğusuna əsasən burada yaşayan 10 müsəlmandan 4-ü ən azı bir dəfə irqi və ya dini ayrı-seçkiliyə məruz qalmışdır. Bu barədə məlumat verənlərin 42 faizindən 28 faizi polis nəzarəti zamanı, 24 faizi iş yerində və 22 faizi mənzildə axtarış zamanı ayrı-seçkiliklə qarşılaşmışdır. Qeyd edək ki, bu çərçivədə ən çox təzyiqə məruz qalanlar qadınlardır. Ətrafdakıların qərəzli münasibətilə üzləşən 60 faiz hicablı qadınların 37 faizi birbaşa təhqirlərə məruz qaldıqlarını söyləmələri acı həqiqətləri ortaya çıxarır.
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının yaydığı hesabatda irqi ayrı-seçkiliyə görə 190 nəfər afrikalının güllələnərək həyatına son qoyulması qeyd edilib. Bütün bunlara baxmayaraq, Fransa yenə də dünyada demokratiyanın beşiyi kimi qələmə verilir. Halbuki, ölkədaxili proseslər bunun tam əksini sübut edir. Paris və digər şəhərlərdə Makronun yürütdüyü siyasətə qarşı çox kəskin, ciddi sosial etirazların olduğu bəllidir. Xatırladaq ki, Nanter şəhərində 17 yaşlı əslən əlcəzairli yeniyetmənin polis tərəfindən qətlə yetirilməsi bu iğtişaşlara təkan vermişdir. Hadisənin başvermə səbəbi isə avtomobili idarə edən gəncin polisin "dayan" əmrinə tabe olmaması göstərilmişdir. Polisin atəş açması nəticəsində sinəsindən yaralanan gənc xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmamışdır. Qeyd etmək yerinə düşər ki, Fransanın əlcəzairlilərə qarşı ayrı-seçkiliyi keçmişdən miras qalıb. Belə ki, 1830-cu ildən 1960-cı ilə qədər fransız kolonistlərin əlcəzairlilərə qarşı yürütdükləri soyqırımı siyasəti nəticəsində 1,5 milyondan çox dinc sakin qətlə yetirilmişdir.
Ümumiyyətlə, rəsmi Parisin neokolonist siyasəti ilə Əlcəzair kimi bir sıra ölkələr və ərazilər qanlı faciələrlə üzləşmişlər. Məsəl üçün hələ də Qvadelupanın müstəqilliyinə tərəfdar olan qruplar Fransa tərəfindən öldürülür və onların sayı əhaliyə açıqlanmır. Dörd əsrdir ki, əsarət altında olan Qvadelupa əhalisi Fransaya qarşı illərlə mübarizə aparan millətlərdən sadəcə biridir. Fransız Polineziyasında da vəziyyət fərqli deyil. Belə ki, ərazinin tarixi adı dəyişilərək Fransız Polineziyası adlandırılmaqdadır. Məqsəd isə bəllidir. Yelisey sarayı Sakit Okean hövzəsində daha da möhkəmlənmək istəyir. Məhz bu səbəbdən, həmin bölgədə yaşayan xalqlara münasibətdə müstəmləkəçilik siyasəti həyata keçirir. Təsadüfi deyil ki, Fransa Polineziyanın kömür və təbii qazından hər il 25 milyard dollar qazanır. Təbii qazının 70 faizini müstəmləkə altında saxladığı ölkələrdən əldə edir. Hər ay minlərlə polineziyalı gənc Fransa ordusuna çağırılır və onlar Fransanın müstəmləkəçilik siyasətinin həyata keçirilməsi yolunda həlak olurlar. Əminliklə qeyd edə bilərik, tarixən və dövrümüzdə humanizm prinsiplərini kəskin şəkildə pozan qüvvələrin hər hansı bir münaqişədə praqmatik yanaşması həqiqəti əks etdirmir.
Nurlan ABDALOV,
"Respublika".