Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhər Mədəniyyət evində “Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda keçirilən tədbirdə iştirakçılar əvvəlcə Ağsu şəhərindəki Heydər Parkında ucaldılmış Ulu Öndərin abidəsi önünə gül dəstələri düzərək xatirəsinə ehtiramlarını bildiriblər.
Yığıncaqda çıxış edən rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov dedi ki, Ulu Öndər öz parlaq siyasi zəkası və istedadı sayəsində müasir Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratmış və gələcəyə aparan yolları müəyyən etmişdir. Azərbaycanda dövlətçilik ənənələrinin bərpa edilib zənginləşdirilməsi, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, beynəlxalq nüfuzunun artması Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olmuşdur.
Digər çıxış edənlər Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşüblər. Qeyd ediblər ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, milli həmrəylik və bütövlüyü təmin edən xalqımızın və dövlətimizin xilaskarı, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir.
M.NƏRİMANOĞLU,
“Respublika”.