Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi ilə əlaqədar həyata keçirilən silsilə tədbirlərin davamı olaraq Bərdə şəhərində "Heydər Əliyev və hüquqi dövlət quruculuğu" adlı işgüzar konfrans keçirilib. Konfransda respublika prokurorluğunun bir sıra rəhbər şəxsləri, hüquq-mühafizə orqanları, qeyri-hökumət təşkilatları, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.
Konfransda Baş Prokurorluğun idarə rəisi Natiq Abdullayev, Bərdə rayon prokuroru Rəşad İsgəndərov, Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov, Daxili İşlər Nazirliyinin şöbə rəisi Elşad Hacıyev, Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi Anar Eyvazov, Ombudsman Aparatında sektor müdiri Müqalib Mahmudov, Bərdə rayon Ağsaqqallar Şurasının sədri Yaşar Zamanov Azərbaycanın müstəqilliyinin bərpasından sonra ulu öndər Heydər Əliyevin gərgin əməyi sayəsində ölkədə aparılan hərtərəfli məhkəmə-hüquq islahatlarını, o cümlədən prokurorluq orqanlarının mahiyyət və struktur baxımından yenidən qurulmasını, yüksək nəzəri biliyə və peşəkarlığa malik kadrlarla komplektləsdirilməsini, fəaliyyətin beynəlxalq standartlara uyğun formalaşdırılmaqla müasir dövlət təsisatına çevrilməsini diqqətə çatdırmışlar.
Konfransda çıxış edən Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev ölkəmizdə ictimai-siyasi sabitliyə məhz ümummilli lider Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra nail olunduğunu, ulu öndərin dövlətimizin möhkəmlənməsində və Azərbaycan dövlətçiliyinə yönəlmiş qəsdlərin qarşısının alınmasında əvəzsiz xidmətini diqqətə çatdırmışdır.
Tədbir çərçivəsində media qurumları və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə Bərdə rayon prokurorluğunun inzibati binasına media-tur təşkil olunmuş, binanın infrastrukturu barədə məlumatlandırılan iştirakçılar əməkdaşlar üçün yaradılmış iş şəraiti ilə tanış olmuşlar.
Vəli VƏLİYEV,
"Respublika".