Ulu öndərin 100 illik yubileyi ərəfəsində məzunu və Fəxri doktoru olduğu Bakı Dövlət Universiteti ilə münasibətləri haqda düşüncələrimi hörmətli oxucularla bölüşmək istəyirəm. Həyatımın çox hissəsi universitetlə bağlı olduğuna görə hamıya məlum olan bu həqiqəti mən də bilirəm ki, BDU ölkəmizin böyük alimlər, ictimai xadimlər, yaradıcı ziyalılar yetişdirmiş ən qocaman ali təhsil ocağıdır. İndiyədək 150 minə yaxın məzunu olub. BDU-nun ən tanınmış məzunu isə, heç şübhəsiz, xalqına, onun mədəniyyətinə və mənəviyyatına son dərəcə bağlı olan, müstəqil Azərbaycanın xilaskarı, memarı və qurucusu ümummilli lider Heydər Əliyevdir.
Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsinin məzunu olan Heydər Əliyev həyatının bütün dövrlərində universitetlə bağlı olmuş, hər zaman bu tədris müəssisəsinə qayğı ilə yanaşmışdır. Bu, onun bitirdiyi universitetə bağlılığı, ziyalılara olan sevgisi və doğmalığından irəli gəlirdi. Heydər Əliyev BDU ilə əlaqədar hər hansı qərarın qəbul olunmasından, onun yubileylərinin keçirilməsindən tutmuş, burada çalışanların təltif edilməsi, mükafatlandırılmasına qədər hər bir məsələyə xüsusi həssaslıq göstərir, respublikanın bu ilk elm və təhsil məbədindən qayğısını əsirgəmirdi. Universitetin 50, 60, 75 və 80 illik yubileyləri ümummilli lider Heydər Əliyevin iştirakı və rəhbərliyi ilə keçirilmişdir. O, BDU-nun həm Azərbaycan xalqının, həm də universitetin şöhrətini yüksəklərə qaldıran, xalqına, millətinə əvəzsiz xidmətlər göstərən ən məşhur məzunudur.
Məhz bu qayğının nəticəsi idi ki, hakimiyyətə gəlişindən dərhal sonra o, universitetin 50 illik yubiley komissiyasına rəhbərlik etdi. Onu da qeyd edək ki, Heydər Əliyev universitetə 50 illik yubileyi münasibətilə dövrün ən yüksək mükafatı olan “Lenin” ordeninin verilməsi haqqında SSRİ rəhbərliyi qarşısında məsələ qaldırmışdı. Ancaq onun daxili və xarici rəqibləri bu mükafatın verilməsinə mane oldular.
Ulu öndərin 1969-cu il noyabrın 1-də Dzerjinski adına klubda (indiki Şəhriyar klubu) bu təntənəli tədbirdə iştirak və çıxış etməsi universitet kollektivi tərəfindən böyük məmnuniyyətlə qarşılanmışdı. Bir faktı da qeyd edək ki, sonuncu dəfə BDU-nun yubileyi 1929-cu ildə keçirilmişdi. Sonrakı illərdə belə əlamətdar hadisələrin qeyd olunmasına o qədər də əhəmiyyət verilməmişdi. Yalnız 40 ildən sonra - 1969-cu ildə ümummilli liderin təşəbbüsü ilə 50 illik yubileyin keçirilməsi BDU-nun şanlı tarixinin böyük və əlamətdar mərhələsi hesab olunurdu. Həm də ulu öndər yubiley mərasimində totalitar sovet rejiminin tətbiq etdiyi bütün baryerləri aşaraq Azərbaycan dilində çıxış etmiş, onun dərinməzmunlu nitqi sonrakı mərhələdə milli təhsil manifestinə çevrilmişdir. Heydər Əliyevin o zaman Azərbaycan dilində çıxış etməsi tarixi hadisə idi. Görkəmli alim, həmin yubiley tədbirinin iştirakçısı olmuş akademik Ağamusa Axundov danışırdı ki, Heydər Əliyev tribunaya qalxanda hamının rusca müraciətini gözlədiyi halda "Əziz yoldaşlar" sözləri ilə çıxışına başlamasından sonra salona bir sükut çökdü.
Hamı düşünürdü ki, indi nəsə baş verəcək, ya tavan uçacaq, ya partlayış olacaq, ya da bizim hamımızı həbs edib aparacaqlar. Zarafat deyildi, Stalinin ölümündən cəmi 16 il keçirdi, totalitar rejim bütün qüvvəsi ilə fəaliyyətdə idi, hamının dəqiq bildiyi o idi ki, salonda kimə söz versələr, mütləq rusca danışmalı idi. Ancaq yeni seçilmiş birinci katib belə etmədi... Digər tərəfdən, həmin tədbirdə Sov.İKP MK-nın rəhbərliyindən yüksək nümayəndələr, SSRİ ali və orta ixtisas təhsili naziri, Moskvadan, Sankt-Peterburqdan, Kiyevdən və digər şəhərlərdən gələn nazirlər, rektorlar və başqa rusdilli qonaqlar iştirak edirdi. Qeyd etmək lazımdır ki, o dövrdə öz ana dilində çıxış etmək heç kimə rəsmi şəkildə qadağan edilməsə də, Heydər Əliyevə qədər bu qəbildən olan tədbirlərdə yüksəkvəzifəli şəxslər bir qayda olaraq öz çıxışlarını <