HƏMAS-la İsrail arasında qanlı toqquşmalar iki aydır ki, davam edir. Rusiya ilə Ukrayna arasında müharibənin şiddəti səngimir. Dünyada iqlim dəyişikliyi prosesi sürətlənir, Atlantikada buzlar tamamilə əriyib yox olma təhlükəsi ilə üz-üzə qalıb. Göründüyü kimi, müzakirəsi vacib mövzular çoxdur və bu siyahıya yenilərini də əlavə etmək olar. Amma deyəsən, Qərb blokunun yeganə problemi Qarabağdır.
2020-ci ildən bəri mütəmadi olaraq eyni riyakarlığı nümayiş etdirən Qərb treki ali tribunalardan ölkəmizə qarşı suverenliyimizi və ərazi bütövlüyümüzü təhdid edən açıqlamalar verir. Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borrelin son çıxışında səsləndirdiyi "hərbi müdaxilə", "güc tətbiq edilməsi" nəticəsində "150 min erməninin Qarabağdan qaçmağa məcbur olduğu", "Dağlıq Qarabağ münaqişəsinin həll edilməmiş olduğu" fikirləri buna əsl nümunədir. Erməni lobbisinin gizli təşkilatçılığı ilə Azərbaycana qarşı sanksiya tətbiq etməyə çalışan Qərbin "həll edilməmiş" sindromu olan keçmiş Qarabağ münaqişəsi tamamilə əsassızdır. Azərbaycan 2020-ci ildə əks-hücum əməliyyatlarından sonra Qarabağı düşmən tapdağından xilas etdi. Bu il aprelin 23-də Laçın nəzarət-buraxılış məntəqəsinin qurulması ilə ərazi bütövlüyümüz, sentyabrın 19-20-də keçirilən lokal antiterror tədbirləri zamanı isə suvererenliyimiz tam olaraq bərpa edildi.
Əgər Qərb bu 3 cümləni hələ də başa düşmürsə, o zaman həmin tribunalarda oturan yüksək vəzifəli şəxslərin savadına şübhə edilməlidir. Yox, əgər başa düşürlər, lakin həzm edə bilmirlərsə, bu zaman da belə nəticə hasil olur ki, Qərbdə kadr dəyişikliyinə ciddi ehtiyac var. Çünki 76 yaşlı Cozef Borrelin bundan sonra Azərbaycan lehinə hansısa addım atacağını gözləmək absurddur.
Ümumiyyətlə, Avropanın yürütdüyü ikiüzlü siyasət nümunəsi illərdir davam edir. Münaqişələrdə sərgilənən "balanslı yanaşma"nın əslində heç də adına uyğun olmadığı anlaşılır. Avropanın 30 il ərzində nə qəti, nə də ki 3 il ərzində qərəzsiz davranışının şahidi olduq. Məsələnin həllində 30 il sadəcə vasitəçilər və müşahidəçilər ilə kifayətlənən Qərb, Avropa İttifaqı timsalında sentyabrın 19-dan sonra demək olar ki, hər gün Ermənistanın Azərbaycanla sərhəd ərazilərinə missiya göndərir. Əgər Avropa həqiqət axtarışındadırsa, o zaman seçim doğru, istiqamət yanlışdır. Əsl həqiqət o tərəfdən deyil, bu tərəfdən görünür. Bircə dəfə Qarabağda ermənilərin törətdiyi ekosid, urbisid cinayətlərini görmək kifayət edər ki, Qərbin "həll edilməmiş" mifi alt-üst olsun. Məcburi köçə məruz qalmış 1 milyondan çox azərbaycanlının sadəcə biri ilə söhbət etmək ermənilərin nə qədər amansız olduğunu sübut edər. Və son olaraq, Qarabağdan könüllü köç edən əhalini dindirmək Azərbaycanın militarist deyil, tolerant dövlət olduğunu söyləməyə kifayət edər. Lakin "Bermud üçbucağı"nın üç halqası olan erməni lobbisi, Qərb və Ermənistanın timsalında bunu görmək çox da mümkün deyil. Lobbi Qərbi şirin vədlərlə Azərbaycana qarşı yönəldir, Qərb isə anti-Azərbaycan siyasəti ilə Ermənistanı öz tərəfinə çəkib marionet dövlət etmək istəyir. Qısaca, erməniləri elə ermənilər bədbəxt edir. Qərb isə "həll edilməmiş" sindromu ilə sülhə yox, hazırkı gərginliyə vasitəçilik edir.
"Hətta ermənilərin özləri etiraf edirlər ki, bu cür təcrübəli Avropa diplomatı (Cozef Borrel - red.) yalan danışır. Deyirlər ki, Qarabağı 100 min insan tərk edib, 150 min deyil. Yəni cənab Borrel bu tərzdə davam etsə, bir aydan sonra 200 min adam deyəcək. Ola bilər ki, cənab Borrel yuxular görür. Bu, tamamilə qəbuledilməzdir. Bu, təkcə rəqəmlərlə bağlı manipulyasiya deyil, bu, Azərbaycana qarşı ittihamlardır, bizim etmədiyimizlə bağlı ittihamdır".
Bu sözləri Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər" mövzusuna həsr olunmuş beynəlxalq forumda çıxışı zamanı söyləyib. Prezidentin də bildirdiyi kimi, Cozef Borrel qəribə yuxular görür. Çünki bu qədər yalan və məlumatsızlığın nümunəsinə ancaq yuxularda rast gəlinir. Qarabağdan "150 min qaçqın"ın köç etdiyini bildirən Borrel isə bu fikirləri ilə tərs mütənasiblik prinsipini pozur. Sentyabrın 19-dan əvvəl Xankəndidə 150 min deyil, heç 100 min olmayan əhalinin əksəriyyəti lokal antiterror tədbirlərindən əvvəl buranı tərk edib. Qalan vətəndaşların çoxunu isə separatçı birləşmələr və onların ailə üzvləri təşkil edib. Bu baxımdan Cozef Borrel yəqin ki, San-Marino və digər mikro dövlətlərin də vətəndaşlarını bu siyahıya daxil edib. Görünür, Cozef Borrelin timsalında Avropanın "həll edilməmiş" sindromu Qarabağ yox, həqiqətlər ilə səsləşə bilməməsidir.
Tacir SADIQOV,
"Respublika".