1993-cü ildə xalqın təkidli xahişi ilə ölkə rəhbərliyinə qayıdan Heydər Əliyev iyunun 15-də Milli Məclisdə proqram xarakteli çıxışında müstəqil Azərbaycanın gələcək inkişafının əsas istiqamətləri kimi demokratik dövlət quruculuğunu, azad iqtisadiyyatı və qanunun aliliyini vacib şərtlər olaraq irəli sürürdü. Həmin ilin oktyabrında Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə 1991-ci ildə qəbul olunmuş Dövlət Müstəqilliyi Aktında əks olunan ideya və prinsiplərin gerçəkləşməsi üçün real zəmin yarandı. Heydər Əliyev dövlət başçısı olduğu on il ərzində Azərbaycanın hüquq islahatlarının banisi kimi missiyanı şərəflə yerinə yetirdi.
Ulu öndərin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquqi islahatları iki mərhələyə bölmək olar. Birinci mərhələdə siyasi və hüquqi islahatların konsepsiyası işlənib hazırlandı və həyata keçirildi. Bu mərhələnin məqsədi dövlət müstəqilliyi haqqında Konstitusiya Aktında əks olunan ideya və prinsiplərin əsasında işlək siyasi-hüquqi mexanizmin yaradılması idi. Təbii ki, həmin mexanizmin təməlində müstəqil dövlətin yeni konstitusiyası durmalı idi. 1995-ci il mayın 2-də Konstitusiya Komissiyası yaradıldı. Prezident Heydər Əliyevin rəhbərlik etdiyi Komissiyanın və İşçi Qrupunun tərkibinə ali və mərkəzi dövlət hakimiyyəti orqanlarının nümayəndələri ilə yanaşı, ictimai xadimlər, elm adamları da daxil idi. Dövlət başçısı Konstitusiya layihəsinin müzakirələrinə şəxsən rəhbərlik etmiş, təklif və iradların incələnməsinə, geniş ictimaiyyətin bu prosesdən kənarda qalmamasına şərait yaratmışdı.
1995-ci il noyabrın 12-də ümummilli liderin təşəbbüsü və gərgin fəaliyyəti nəticəsində müstəqil Azərbaycanın Konstitusiyası qəbul olundu. Demokratik cəmiyyətin qurulması, fəaliyyəti və inkişafı üçün bütün müddəaları özündə əks etdirən yeni Konstitusiya Azərbaycanda hüquqi dövlətin təməlini qoymaqla yanaşı, hüquqi islahatların ikinci mərhələsinin aparılmasına etibarlı zəmin yaradırdı.
Konstitusiyada müəyyən edilmiş norma və prinsiplərə uyğun hüquqi sistemin formalaşmasına hədəflənən islahatların ikinci mərhələsi məzmun baxımından iki istiqaməti əhatə edirdi. Onlardan birincisi, insan hüquq və azadlıqlarının, qanunçuluq və hüquq qaydasının səmərəli müdafiəsi üçün zəruri olan təsisatların, ikincisi isə həmin təsisatların işini effektiv edəcək qanunvericilik bazasının yaradılması idi.
İslahatların ikinci mərhələsini uğurla həyata keçirmək üçün 1996-cı il fevralın 21-də Prezident Heydər Əliyevin təşəbbüsü ilə Hüquqi İslahatlar Komissiyası yaradıldı. İşə başlamazdan əvvəl Komissiya hüquqi islahatların prioritetlərini özündə müəyyən etdi. Komissiyanın işi qanunların və digər normativ hüquqi aktların hazırlanması, məhkəmə və bütövlükdə hüquq-mühafizə sisteminin yenidən qurulması, əhalinin hüquq düşüncəsinin və cəmiyyətin hüquq mədəniyyətinin səviyyəsinin yüksəldilməsi, hüquqi informasiyanın axtarılması və istifadəsi sisteminin təkmilləşdirilməsi kimi tədbirləri ehtiva etməli idi. Bununla da, ölkəmizin hüquq sistemində Sovet İttifaqından miras qalmış prinsip, norma və institutlar aradan qaldırılmalı, mütərəqqi inkişafa və beynəlxalq aləmə hüquqi inteqrasiya prosesi güclənməli idi.
Komissiya tərəfindən hazırlanmış ilk əhəmiyyətli normativ aktlar kimi 1997-ci ildə qəbul olunan "Məhkəmələr və hakimlər haqqında" və "Konstitusiya Məhkəməsi haqqında" qanunlar xüsusilə qeyd olunmalıdır. Bu qanunlar məhkəmə sisteminin qurulmasına və işə başlamasına şərait yaratdı, həmçinin 1995-ci il Konstitusiyasının əsas institutlarından biri kimi konstitusiya nəzarəti institutunu işlək mexanizmə çevirdi. "Məhkəmələr və hakimlər haqqında" qanun ümumi və ixtisaslaşdırılmış məhkəmə orqanlarının yeni sisteminin təşkilati əsaslarını müəyyən edərək məhkəmələrin və hakimlərin müstəqilliyinin təmin edilməsi, insan hüquq və azadlıqlarının məhkəmədə müdafiəsi təminatlarının gücləndirilməsi, məhkəmələrin fəaliyyətinin və hakimlərin statusunun beynəlxalq standartlara uyğunlaşdırılmasını təmin etdi.
"Konstitusiya Məhkəməsi haqqında" qanun isə ölkəmizin məhkəmə sistemində tamamilə yeni bir orqanın - başlıca məqsədi Azərbaycan Respublikası Konstitusiyasının aliliyinin təmin edilməsindən ibarət olan Konstitusiya Məhkəməsinin təşkili və fəaliyyəti üçün mühüm hüquqi baza oldu. Həmin qanunla Məhkəmənin konstitusion səlahiyyətləri bir daha təsdiq olundu və göstərildi ki, onun əsas funksiyaları qanunların və digər normativ aktların, Ali Məhkəmənin qərarlarının, bələdiyyə aktlarının, beynəlxalq müqavilələrin