"Azərbaycana məhəbbət, xalqıma məhəbbət mənim canımdadır, qanımdadır, varlığımdadır. Heç kəs, heç bir qüvvə bu məhəbbəti mənim əlimdən ala bilməz".
Heydər ƏLİYEV,
Ümummilli lider.
Zaman və tarix müxtəlif dövrlərdə hər xalq və millət üçün nadir şəxsiyyətlər yetişdirmişdir. Şəxsiyyətlər isə öz növbəsində xalqının tarixini yazmışlar. Heydər Əliyevin 34 illik Azərbaycana rəhbərliyi dövründə respublikanın inkişafı, xalqın həyat səviyyəsinin yüksəlməsi, ölkəmizin dünya birliyinə inteqrasiyası və digər sahələrdə apardığı islahatlar kənara qoyulsa belə, təkcə 90-cı illərin əvvəllərində Azərbaycan xalqını vətəndaş müharibəsindən, qardaş qırğınından xilas etməsinə, müstəqil Azərbaycanın memarı olmasına görə adı tarixə qızıl hərflərlə yazılmışdır.
Heydər Əliyev Azərbaycanın milli varlığı, fəxri və şərəfidir. Ulu öndər öz istedadı, prinsipiallığı, mərdliyi və vətənpərvərliyi ilə xalqını Azərbaycanın azadlığının və müstəqilliyinin möhkəmlənməsi yolunda səfərbər etmişdir. Heydər Əliyevin dahiliyi onun unikal istedada, iti və bənzərsiz yaddaşa, dərin ensiklopedik biliyə malik olmasında idi.
Heydər Əliyev 1969-cu il iyul plenumunda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikaya rəhbərliyə başlayıb. Heydər Əliyevin birinci dəfə hakimiyyətə gəlişi dövründə uzaqgörən siyasəti nəticəsində müstəqilliyimizin bünövrəsi qoyulurdu. SSRİ respublikaları arasında son yerlərdən birini tutan Azərbaycan artıq 1982-ci ildə 2 milyon ton üzüm, 1 milyon ton pambıq istehsal edirdi. Dahi lider respublikaya rəhbərliyinin birinci dövründə kadr siyasətinə də xüsusi fikir verərək 15 min tələbəni respublikadan kənarda oxumağa göndərmişdir.
Heydər Əliyev 1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosu üzvlüyünə namizəd, 1982-ci ilin dekabr ayında isə Siyasi Büronun üzvü seçilərək, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsinə təyin edilmişdir.
Antik dövrün böyük mütəfəkkiri Sokrat söyləmişdir ki, "dahilər tənqid edilmir, amma öyrənilir". Dahi Heydər Əliyev cismən ildən-ilə Azərbaycan xalqından uzaqlaşsa da, xalqının qəlbində həmişə yaşayır, əməlləri, tövsiyələri ətrafa işıq saçır, xalqımızı işıqlı gələcəyə doğru aparır.
Azərbaycan Prezidenti İlham Əliyev ümummilli lider haqqında demişdir: "Heydər Əliyev dahi şəxsiyyət, uzaqgörən lider, cəsarətli insan idi. O, öz həyatını doğma xalqına həsr etmişdir. Bütün dövrlərdə xalqa ləyaqətlə, sədaqətlə xidmət etmişdir. Cəmiyyətin ictimai-siyasi quruluşundan asılı olmayaraq, Heydər Əliyev bütün dövrlərdə xalqın dəstəyini hiss edərək Azərbaycanı inamla irəliyə aparırdı...".
Mən də ulu öndər Heydər Əliyev haqqında oxuduqlarımın, eşitdiklərimin, dinlədiklərimin bəzilərini onun 100 illik yubiley ilində oxuculara çatdırmaq istəyirəm.
1993-cü il sentyabr ayında Heydər Əliyev Azərbaycan Elmlər Akademiyasının Rəyasət Heyətinin böyük zalında keçirilən iclasda iştirak edirdi. Söz dövlət başçısına verilərkən Heydər Əliyev səhnənin sağında qıraqda qoyulmuş tribunaya getməyərək ayağa qalxıb nitqinə yarızarafat-yarıciddi elə yerindəcə başlamışdır: "... Mən həmişə mərkəzdə olmuşam, elə indi də mərkəzdən danışacağam...".
1952-ci ildən 1991-ci il avqust ayının 8-dək Zəngəzur mahalı Mehri rayonunun Nüvədi kəndində müəllim və uzun illər məktəb direktoru işləmiş atam Əhmədəli Əliyev 1930-cu illərin sonlarında Naxçıvan Pedaqoji Texnikumunda oxuduğu günləri xatırlayaraq deyirdi ki, Heydər Əliyev məndən bir kurs yuxarıda oxuyurdu. Sərvboylu, inadkar, təşkilatçı bir tələbə idi. Tələbələr tez-tez onun ətrafına toplanırdı. Həmişə diqqət mərkəzində idi. O vaxtdan hiss olunurdu ki, onun gələcəyi parlaq olacaq...
Atam 1993-cü il avqustun 8-də erməni quldurları tərəfindən Nüvədi kəndinin XX əsrdə üçüncü dəfə işğala məruz qaldığını, qovularaq təxminən kənddən şərqə 10-15 km məsafədə yerləşən Zəngilan rayonunun Vejnəli kəndində çadır qurub yaşadıqlarını belə xatırlayırdı: "Həmin il sentyabr ayının 10-u və 11-də Vejnəli kəndinə bir vertolyot endi. Nüvədinin gəncləri