Qədim el sənətini yaşadanlar
Ömrün ötən çağlarında eyvanın bir tərəfindən asılan xana qarşısında qadınların toxuduğu həsir hələ də gözümüzün qarşısındadır. Çətin əl əməyi idi. Bir həsiri həcmindən asılı olaraq bir neçə qadın ərsəyə gətirirdi. Sonra bazara satmağa aparırdılar. Bazar demək olar ki, bütünlüklə əl əməyi sayəsində düzəldilmiş məişət əşyalarından ibarət olardı. Gildən düzəldilmiş cürbəcür saxsı qablar, mis əşyalar, xalça, palaz və sair. Həsir əşyalar təkcə yer döşəməsindən ibarət deyildi. Arasında bazar zənbili, qadınlar üçün əl çantası, hətta gündən qorunmaq üçün baş geyimləri olurdu.
O vaxt dolanışıq məşğulluğundan biri həsir idi. Bütün otaqlarda yerə həsir döşənirdi. İmkanlıların həsir üzərinə sərdikləri xalça uzunömürlü olurdu. Həm də o vaxt adama elə gəlirdi ki, həsir ancaq bizim tərəflərdə toxunur. Sonradan çox şey aydın oldu, mətbuatda bu ev əşyasının dəyəri haqqında çoxlu müsbət fikirlərə rast gəldik. Bilgilərimizi bölüşək: həsir - qurudulmuş qamış çubuğundan xüsusi şaquli və ya üfüqi dəzgahda toxunulmuş yer döşəməsidir.
Rütubətin və nəmliyin qarşısının alınması üçün qamışdan, küləşdən və bəzi ağacların liflərindən hazırlanır. Müxtəlif vaxtlarda dulusçuluq, misgərlik, hətta çəlləkçilik kimi el sənətlərindən bəhs etmişik. Həsir toxuyan insanlar həsirçi, ümumilikdə bu sənət növü həsirçilik adlanır.
Həsir dünyanın qədim tarixə malik ölkələrində əsas məişət atributlarından və xalq sənəti növlərindən biri hesab olunur. Çin, Yaponiya, Malayziya, Hindistan, Mərakeş, Tunis, İspaniya və Afrikanın cənub hissəsində yerləşən bir sıra ölkələrdə həsir tarixən məişət həyatının ən zəruri məmulatları arasında yer almışdır.
Azərbaycanda toxuculuq istehsalının kökləri qədim dövrlərə gedib çıxır.
Ölkəmizdə hələ qədim zamanlardan bəri hörmə sənətinin inkişafı üçün müxtəlif qamış və qarğının fərqli növləri, kətan, gicitkən, çətən və bu məqsədə yararlı bir çox bitkilərdən ibarət zəngin xammal bazası olmuşdur. Eneolit dövründən başlayaraq Azərbaycanda bir çox arxeoloji abidələrdə hörmə həsirlərin izləri və qalıqları aşkar edilmişdir. Onlar bitki liflərindən hazırlanmış məmulatlar olmaqla yanaşı, dünyaca məşhur Azərbaycan xalçaçılıq sənətinin "əcdadı" hesab edilir.
Həsir Azərbaycanda Kür və Araz boyu yerlərdə, xüsusilə Cəlilabad, Astara, Masallı və Lənkəranda qədimdən əvəzsiz məişət əşyası kimi işlədilib. Azərbaycanın cənub bölgəsində həsirçiliyin tarixən təşəkkül tapması ilk növbədə bu zonada mövcud olan subtropik hava iqlimindən yaranan nəmişlikdən və xammal bazasının genişliyindən irəli gəlmişdir. Bu bölgələrdə həsiri yerə sərilən palaz-xalçanın altına yerləşdirərmişlər ki, rütubəti özünə çəksin, palaz-xalçanın tez yeyilərək istifadəyə yararsızlığının qarşısı alınsın və davamlı olsun.
Astara rayonundakı Kakalos kəndi özünün spesifik həsirləri ilə məşhurdur. Həsir hazırlamaq üçün yaz-yay aylarında qamışlıqlara yollanan kəndlilər "pizə" adlanan xüsusi xammal toplayırlar. Həsiri də qurudulmuş "pizə" çubuğundan şaquli və ya üfüqi dəzgahda toxuyurlar. Kakaloslular həsir toxuyarkən həndəsi fiqurlardan daha çox istifadə edirlər.
Azərbaycanın Qarabağ zonasında həsir adətən qamışdan hazırlanmışdır. Çünki bu bölgənin təbiəti və iqlimi ilə əlaqədar olaraq həsir üçün ən optimal xammal qamış hesab olunur. Qarabağ bölgəsində həsiri qadınlar, cənub bölgəsində isə həm qadınlar, həm də kişilər toxuyarmışlar.
Azərbaycanda həsirdən evlərdə rütubətdən qoruyucu məişət əşyası ilə yanaşı, dekorativ bəzək ornamenti kimi də istifadə edilirmiş. Eyni zamanda, keçmişdə həsirçiliyin mövcud olduğu zonalarda gəlin köçən qızların cehizlərinə mütləq həsirdən hazırlanmış məmulatlar qoyulardı.
Həsirdən hazırlanan zənbillər, şlyapalar, çantalar, saxsı qablar üçün tutacaqlar, asılqanlar və digər məmulatlardan bu gün də geniş istifadə olunur. Bu gün həsirdən hazırlanan bir çox əşyalar forma və dizayn baxımından daha dekorativ və cəlbedicidir. Bu da Azərbaycanda həsirçilik sənətinin xarici görünüş baxımından daim inkişafda olmasını və yenilənməsini göstərir.
Sadə və naxışlı həsirlərin də müxtəlif növləri vardır: "şona", "əymə", "ləmləki", "güllülər" naxışlı həsirlərə aiddir. Həsirin "hərəmi", "nəlbəki", "şanagül", "girdəgül", "cınağı", "teşti", "ənzəli" növləri bu gün də ən çox istifadə edilən çeşidlər sırasındadır.
Azərbaycanın düzən rayonlarında yayılmış "salqar" adlı həsirlərin hazırlanma texnikası da "çətən"in toxunma texnikasına yaxındır. "Salqar"ı və "çətən"i dəzgah, yaxud hər hansı analoji tərtibat olmadan yerdə hörürlər.
Həsirlərin maraqlı növlərindən biri də "buriya"dır. Bu qalın həsirlərdən döşənək kimi istifadə edilir və bugünədək Azərbaycanın bir sıra regionlarının əhalisinin məişətində təsadüf olunur.
Həsirlər "Xana" adlanan xüsusi dəzgahlarda toxunur. Həsir dəzgahlarının zəmanəmizədək şaquli və üfüqi olmaqla iki əsas tipi gəlib çatmışdır. Saya həsir toxuculuğunda tətbiq olunan şaquli dəzgah "Dasko" adlanır. Bu dəzgah növü 3,5-4 metr uzunluğunda bir cüt qoldan, onları birləşdirən və 1,5 metr uzunluqda alt və üst oxdan, "Si" adlanan döyəc taxtasından ibarət bəsit quruluşa malikdir. Oxların sabit qalması üçün dəzgah qollarının üzərində kərtmə üsulu ilə yarıqlar mövcuddur. Üfüqi həsir dəzgahı isə 4 ədəd mıxçadan, onları baş kərtinə köndələn bağlanmış bir cüt dolağacdan və "paral" adlanan zərbə alətindən ibarətdir.
"Güllü" həsirin toxunma texnikası xüsusilə maraqlıdır.
Saya həsirdən fərqli olaraq, "güllü" həsir tipoloji cəhətdən yer hanasını xatırladan üfüqi dəzgahda toxunur. Eyni zamanda "güllü" həsir mürəkkəb toxuma texnikası əsasında pizənin zərif növü olan "Xüqəpizə"dən toxunur. Pizə tayları gah sağ, gah da soldan olmaqla müəyyən qaydada əriş taylarının arasından keçirildikcə, paral vasitəsilə döyəclənib bərkidilir. "Güllü" həsirin ayaq və baş hissəsi kətansayağı sadə toxuma texnikası ilə, yan haşiyəsi isə "nəfsə" adlanan kənar ərişlər üzrə "döndərmə" üsulu ilə toxunur.
Gül həsir bir qayda olaraq ərişin alt və üst tayları üzrə pizə dəstəsinin çarpaz mövqeyini müəyyən qaydada dəyişdirmə üsulu ilə salınır. Naxış növünün tələbinə uyğun olaraq, pizə dəstəsi əriş taylarının gah biri, gah digərindən, gah da üçüncüsündən keçirilərək istənilən nəticə əldə edilir. Bu texniki üsulun tətbiqi prosesində müxtəlif həndəsi görkəmə malik naxışlar əmələ gəlir.
Göründüyü kimi, məişətimizdə işlədilən və çox vaxt bir o qədər diqqəti cəlb etməyən bu qədim el sənəti özünəməxsus toxunuş çətinliyi ilə fərqlənsə də, yenə istehsal olunub bazara çıxarılır.
Tofiq HÜSEYN,
"Respublika".