Ağdamı ana təbiətin nadir incisi hesab etmək olar. Azsaylı rayonlardandır ki, həm dağları, təpələri, gen dərələri, yaylaqları, həm də qora bişirən aranı olub. Buz kimi sərin bulaqları bu yerlərə mehman olanlara sərinlik, rahatlıq və yüksək əhvali ruhiyyə bəxş edib. Təbiəti çox zəngin olub.
Doğulub boya-başa çatdığım, ata-babamın qəbri uyuyan kəndin çox gözəl və məftunedici mənzərəsi var idi. Ağdam rayonunun ən ucqar dağ kəndi Əliağalı qədim tarixə malikdir. Kənd öz təbiəti ilə dünyada bənzəri olmayan, ilahinin bəxş elədiyi bir guşədə yerləşir. Kəndin ətrafındakı meşələrdən ilboyu çoxlu giləmeyvə və meyvələr yığardıq. Kəndimizdə yaşı əsrlərlə ölçülən çinar ağacları var idi. Yalan olmasın, balaca bir kənd o çinarın kölgəsinə sığışardı. Həmin çinarları ermənilər yandıraraq yer üzündən siliblər. Təbiətin nadir incilərindən olan dağdağan ağacları kəndə xüsusi bir gözəllik verirdi. Dağdağan həm də müqəddəs ağac hesab olunur. Ermənilər onları da vəhşiliklə məhv ediblər.
Doğma yurdum Ağdam rayonunun ərazisinin 77,3 faizi erməni faşizmi tərəfindən, sözün həqiqi mənasında, məhv edilib. Uzun illər işğal altında qalmış rayonun təbii sərvətləri Ermənistan və onun havadarları tərəfindən talan edilib. Relyefi əsasən düzənlik, qismən dağlıq olan Ağdam rayonu Kiçik Qafqaz dağları ilə Kür-Araz ovalığının təmas zonasında yerləşir. İşğaldan əvvəl rayonun 1736 hektar dövlət meşəsi, 710 hektar kolxoz meşəsi, 560 hektar yol, su və kanal kənarları, şəhərətrafı meşə sahələri mövcud olub. İşğalçı Ermənistan 30 ilə yaxın bir müddətdə həmin meşələri və təbiət abidəsi kimi qorunan ağacları məhv edib. Təbiətimizə ölçüyəgəlməz dərəcədə ziyan vurublar.
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “İşğal olmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən) operativ mərkəz”i işğaldan sonrakı dövrlərdə rayon ərazisində təbii sərvətlərin ermənilər tərəfindən dağıdılması faktlarını aşkar edib. İşğal olunmuş ərazilərdən yaşı 400-ə çatan Şərq çinarı növündən olan ağaclar doğranaraq Ermənistana aparılıb və irigövdəli ağaclar qırılaraq məhv edilib.
İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan SSR Nazirlər Sovetinin 1982-ci il 26 mart tarixli qərarı ilə xüsusi mühafizə olunan təbiət abidələri siyahısına daxil edilmiş 152 ağac mövcud olub. Bu ağacların siyahısında Şərq çinarı, dağdağan, palıd, saqqız ağacı və digərləri var. Bu ağaclar çox qədimdir, 1400-1600 yaşı olub. Ağdam rayonu ərazisində 85 belə Şərq çinarı ağacı mövcud idi. Monitorinq zamanı bu ağacların 82-nin kəsilərək məhv edildiyi məlum olub.
Yuxarıda qeyd etdiyimiz bulaqların indi yalnız quru adı qalıb. Ermənilər həmin bulaqları da qurudublar, təbiətə qənim kəsiliblər, adi koldan, ağacdan belə qisas alıblar, faşist simalarını açıq-aydın nümayiş etdiriblər. İşğaldan əvvəl rayon ərazisində su iki mənbədən - yeraltı və yerüstü sulardan formalaşıb. Rayonun yerüstü suları yalnız Xaçınçay və Qarqarçaydan qidalana bilib. Düşmən həmin çayların ekoloji tarazlığını pozub, təbii su mənbələri qəsdən və planlı şəkildə məhv edilib.
Mütəxəssislərin fikrincə, Xaçınçayın orta illik su sərfi saniyədə 1,7 kubmetr, Qarqarçayın isə 1,28 kubmetr təşkil edir. Bu da yaxın gələcəkdə 100 min əhalisi olacaq Ağdam şəhərinin su təminatına, həm də suvarma sistemləri şəbəkəsinin qurulmasına kifayət etməyə bilər. Buna görə də alternativ su mənbəyi kimi yeraltı sulardan istifadə